Noyabrın 23-də "Four Seasons" otelində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. YAP İdarə Heyəti və Siyasi Şurasının üzvlərinin, hökumət nümayəndələrinin, millət vəkillərinin, tanınmış ziyalıların və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ilk öncə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaradılaraq siyasi meydana qədəm qoymuş, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilmişdir: "Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyev şəxsiyyətində əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir.
Güman edirəm ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından cəmiyyətin gözləntisi ötən dövr ərzində özünü doğrultmuşdur. Yeni Azərbaycan Partiyasının əsas məqsədi Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycan cəmiyyətini kökləyərək inkişafın əsas istiqamətlərini müəyyənləşdirməkdən ibarət olub. Düşünürəm ki, 21 illk tarixi gedişdə Yeni Azərbaycan Partiyası bu missiyanı layiqincə yerinə yetirib. YAP taleyinə uğurlar yazılmış bir siyasi təşkilatdır. 21 il ərzində Yeni Azərbaycan Partiyasını uğurlar, nailiyyətlər müşayiət edib. Bu, yalnız Yeni Azərbayan Partiyasının deyil, eyni zamanda müasir Azərbaycanın taleyidir. Bu uğurlar sadəcə bir təşkilatın əldə etdiyi uğurlar deyil, eyni zamanda Azərbaycan xalqının, dövlətinin əldə etdiyi uğurlardır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar ümumilikdə ölkənin inkişafında, tərəqqisində özünü təsdiqləyən, əks etdirən uğurlardır. Bütövlükdə, 21 il ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik edən bir təşkilatdır. Güman edirəm ki, Yeni Azərbaycan Partiyasının 21 ildə əldə etdiyi uğurlar cari ilin oktyabrında keçirilən prezident seçkilərində bir daha öz təsdiqini tapdı. YAP Sədri Cənab İlham Əliyevin 9 oktyabr prezident seçkilərində inamlı qələbəsi ölkə vətəndaşlarının Heydər Əliyev ideyalarına sədaqətini bir daha nümayiş etdirdi, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurların bariz nümunəsi oldu. Azərbaycan vətəndaşlarının bu dəstəyi gələcək inkişafa dəstək kimi dəyərləndirilməlidir. Ölkə vətəndaşlarının 9 oktyabr prezident seçkilərində fəal iştirakı, Cənab İlham Əliyevə dəstəyi ötən on ildə qazanılan uğurların təsdiqi, Heydər Əliyev siyasətinin təntənəsi idi. Uğurlar, gələcək nailiyyətlər, insanların həyatının yeniləşməsi, Azərbaycanın günbəgün qüdrətlənməsi, möhkəmlənməsi - budur günümüzün reallıqları. Bu yol Heydər Əliyev yoludur. Bu yol Cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi yoludur. Bu yol 21 il ərzində hər bir Azərbaycan vətəndaşına uğur, əmin-amanlıq, sevinc bəxş edən bir yoldur. Bu inkişafa, tərəqqiyə Yeni Azərbaycan Partiyasının 600 mindən artıq üzvünün hər biri öz töhfəsini verməkdədir."
Ə.Əhmədov qeyd etdi ki, partiyanın hər bir üzvü YAP-ın yaranmasının tarixi şərtlərini bilir, yaşadığımız illər partiyanın şərəf salnaməsi kimi hər birimizin yaşadığı tarixin bir parçasıdır. "Güman edirəm ki, YAP-ın yaradılmasının 21 illiyinin ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bu gün gerçəkliyə çevrilmiş Azərbaycandır. YAP öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Heydər Əliyevdən və Onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi. 90-cı illərin əvvəllərində ictimai-siyasi sabitliyin təmin edilməsi, xaos və anarxiyanın aradan qaldırılması xalqımızın istək və arzuları idi. Heydər Əliyev hakimiyyətə qayıdaraq bunları həyata keçirdi. Sonrakı mərhələdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Xalqın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Sonrakı dövrlərdə digər məsələlər-Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı. Bu kimi addımlar Yeni Azərbaycan Partiyasının 21 ildə yaşadığı ayrı-ayrı mərhələlərdir."
Ə.Əhmədov bildirdi ki, bu gün həyata keçirilən siyasətin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, insanlarımızın gələcəklə bağlı istəkləri gündən-günə genişlənir. "Əlbəttə, keçdiyimiz 21 illik yol şərəfli tarixdir" söyləyən Ə.Əhmədov qeyd etdi ki, bu tarixdə çətinliklər, məşəqqətlər olub, ancaq Heydər Əliyev siyasəti bunları aradan qaldırıb. Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında birgə addımlamağı əsas hədəf kimi qarşıya qoyub. Bütün bunların hamısı YAP-ın həyata keçirdiyi siyasətin nəticələridir. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu bəyan edir. Bunları həyata keçirmək üçün ciddi əsaslar var.
Hacıbala Abutalıbov: "Ötən illərin çətin və ziddiyyətli sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası təkcə dünənin, bu günün partiyası deyil, həm də gələcəyin partiyasıdır"
YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov partiyanın yaranma tarixindən və 21 ildə keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Bildirdi ki, müasir Azərbaycanın uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Son on ildə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması uğurlarımızın davamlılığını təmin etməklə yanaşı, xalq-iqtidar birilyini daha da möhkəmləndirir, sarsılmaz edir. 9 oktyabr prezident seçkiləri bunun bir daha təsdiqidir. Xalqımız Cənab İlham Əliyevə dəstək verməklə, son on ilə bir baxış keçirib, gələcəyə böyük inam nümayiş etdirdi. Son ilin uğurları göz qabağındadır. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində də bu fikri xüsusi qeyd etdi ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Dövlətimizin siyasəti milli maraqlar üzərində qurulub, müstəqilliyin möhkəmləndirilməsinə istiqamətləndirilib.
H.Abutalıbov bildirdi ki, 21 il bundan öncə 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası təsis konfransını Naxçıvanda keçirdi: "Bu gün biz YAP-ın yaradılmasının 21-ci ildönümünü qeyd edirik. Ötən 21 il ərzində ictimai həyatımızın bütün sahələrini əhatə edən dövlət quruculuğu məsələləri asan və rəvan yollarla getməmiş, obyektiv və subyektiv səbəblərdən irəli gələn problemlərin aradan qaldırılması üçün böyük iradə tələb olunmuşdur. Çətinliklərə baxmayaraq, müasir Azərbaycan cəmiyyəti ictimai, siyasi və iqtisadi zəmində baş verən sosial gərginliklərə sinə gərmiş, ölkə parçalanmaq təhlükəsindən xilas olaraq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Bütün bunlar isə yalnız və yalnız XX əsrin görkəmli dövlət xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində mümkün olmuşdur. Müasir, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev, eyni zamanda, ən yeni tariximizin çətin anlarından şərəflə çıxmış və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynamışdır. Ulu Öndərimizin qurduğu Azərbaycan ona görə daim yaşayacaqdır ki, Heydər Əliyev hələ sağlığında öz siyasi məktəbini yaratmış və bu siyasi məktəbin layiqli davamçısı Cənab İlham Əliyevin son on ildə rəhbərliyi sayəsində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atır. XXI əsr dünya siyasi arenasında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin əsil qarantına çevrilib."
H.Abutalıbov qeyd etdi ki, Prezident İlham Əliyev xalqımızın lideri kimi ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etməklə, siyasi-diplomatik uğurlar qazanmaqla, regionda sülhün və ictimai sabitliyin qorunmasına təminat yaratmaqla Azərbaycanın nüfuzunu artırmış, beynəlxalq münasibətlər sisteminin əsas aparıcı qüvvəsinə çevirmişdir: "Qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı güc mərkəzinə çevirmişdirsə, Prezident İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla, qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirdi. Beləliklə, ötən illərin çətin və ziddiyyətli sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası təkcə dünənin, bu günün partiyası deyil, həm də gələcəyin partiyasıdır. Dünənin partiyasıdır ona görə ki, Heydər Əliyevin rəhbərliyi altında yarandığı gündən ölkənin və millətin parçalanma təhlükəsinin qarşısını aldı. Bu günün partiyasıdır ona görə ki, siyasi və ideoloji kursunda azərbaycançılıq məfkurəsinə söykənərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daim yeniləşən gələcəyə aparır. Gələcəyin partiyasıdır ona görə ki, milli mənlik şüurumuzda nə qədər ki, millət, dövlət anlayışları yaşayır, YAP da yaşayacaq."
Bütövlükdə, çıxışlarda ümumi fikir bu oldu ki, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən Yeni Azərbaycan Partiyasının uğurları davamlıdır, xalqın inamı böyükdür və ölkədə keçirilən seçki proseslərindən uğurla çıxması bunun təsdiqidir.
Sonra tədbir konsert proqramı ilə davam etdi.
RƏFİQƏ KAMALQIZI