Əli Əhmədov: "9 oktyabrda keçirilən prezident seçkiləri Azərbaycan xalqının Prezident İlham Əliyevə, Onun Sədrlik etdiyi Yeni
Azərbaycan Partiyasına inam və etimadın nümunəsi oldu"
Noyabrın 30-da Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov prezident seçkilərindən sonra ilk belə tədbirin keçirildiyini bildirərək, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması münasibətilə Yeni Azərbaycan Partiyası üzvlərini təbrik edərək qeyd etdi ki, 9 oktyabrda keçirilən prezident seçkiləri Azərbaycan xalqının Prezidenti İlham Əliyevə, Onun Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına inam və etimadın nümunəsi oldu.
Əli Əhmədov bildirdi ki, Azərbaycan xalqı ötən 10 ildə ölkədə baş verən tərəqqi və inkişafı yüksək qiymətləndirərək, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsini birlik və həmrəyliyi ilə təsdiqlədi və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevə etimad və inamlarını ifadə etdilər. Siyasi, iqtisadi inkişafı ilə dünya birliyi dövlətlərinə nümunə olan Azərbaycan dinamik sürət tempini saxlamaqdadır. Sevindirici haldır ki, bu dinamika dünyanın ən tanınmış beyin mərkəzləri və beynəlxalq təşkilatları tərəfindən də təsdiqlənir: "Prezident İlham Əliyevin qələbəsinin əsasında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları dayanır. Prezident İlham Əliyev seçkidə qazandığı parlaq qələbə ilə bu ideyaları reallığa çevirərək Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək ölkəmizi bölgənin və Şərqi Avropanın lider dövlətinə çevirdi. Ölkənin siyasi həyatında önəmli hadisə olan prezident seçkilərinə ilk gündən ciddi hazırlaşan YAP-ın namizədi Cənab İlham Əliyevin qələbəsinin təməlində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin dövlət başçımıza inam və etimadı dayanır. 10 illik fəaliyyəti dövründə dövlət başçımızın qazandığı bu inam və etimad Prezident İlham Əliyevin növbəti beş ildə də Azərbaycana rəhbərlik etməsi kimi ümumxalq istək və arzusunu şərtləndirir. Qazanılan qələbənin köklü səbəblərindən başlıcası 10 il ərzində Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri əldə olunan tərəqqidir. Seçkilərin məntiqi nəticəsi belədir: Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin davam etdirdiyi və özünü doğruldan, milyonlar tərəfindən dəstəklənən siyasətinin davamına tərəfdardır. Bu da onunla bağlıdır ki, bu siyasət nəticəsində 10 il ərzində Azərbaycanda həyat köklü şəkildə dəyişib, hər bir vətəndaşın rifahı yüksəlib, iqtisadiyyatımız inkişaf edib, Azərbaycan güclənib, dövlətimizin qüdrəti artıb, bütövlükdə dünyada ölkəmizin nüfuzu daha da möhkəmlənib. Yəni inkişaf və yüksəliş bütün sahələri əhatə edib. Hər bir insanın həyatı bu inkişaf nəticəsində müsbət mənada dəyişib. Buna görə də, Azərbaycan vətəndaşları 10 il ərzində həyata keçirilən Prezident İlham Əliyevin siyasətini və onun nəticələrini yüksək qiymətləndirərək seçkilərdə dövlət başçımıza yüksək etimad göstərdi".
Əli Əhmədov onu da bildirdi ki, respublikanın həyatında, bütün sahələrdə hiss olunan yeniliklər, aparılan islahatlar bundan sonra da davam etdiriləcək: "Prezident İlham Əliyevin əldə etdiyi uğurlar, seçkilərdə qazanılan qələbəni şərtləndirən digər bir reallıq xalqımızın Heydər Əliyev siyasətinə olan inamıdır. Vətəndaşlarımız bu siyasətin Azərbaycana gətirdiyi uğurları birmənalı şəkildə bəyənir, dəstəkləyir və dəyərləndirir. Təbii ki, əldə olunan nailiyyətlər düzgün müəyyənləşdirilmiş siyasətin uğurla həyata keçirilməsi ilə bilavasitə bağlı olub və vətəndaşlarımız bunu məhz belə də qiymətləndirirlər. İnsanlar Cənab İlham Əliyevə səs verməklə, həm də belə istəklərini ortaya qoymuş oldular ki, növbəti beş ildə və ondan sonrakı dövrlərdə də Heydər Əliyev siyasətinin həyata keçirilməsinə tərəfdardırlar. Çünki bu siyasət indiyə qədər Azərbaycana böyük uğurlar gətirib və bu gün ölkəmizin müasirləşməsi, yüksək inkişaf etməsi Heydər Əliyev siyasəti ilə bağlıdır. Beləliklə, Prezident İlham Əliyevin seçkilərdə əzəmətli qələbəsinin fundamental əsasları sırasında bu amil mühüm yer tutur".
Əli Əhmədov, həmçinin vurğuladı ki, bu nailiyyətlərin əldə olunmasında YAP-ın şəhər və rayon təşkilatlarında birləşən 600 min nəfərdən çox üzvünün, partiyanın yerli strukturlarının, fəallarının, seçki kampaniyasının həyata keçirilməsində əməyi olan hər kəsin xidmətləri danılmazdır. Partiyanın fəal üzvləri seçki kampaniyasının bütün mərhələlərində göstərdikləri fədakarlıqları ilə fərqlənməklə, monolit, vahid siyasi qüvvə olduqlarını bir daha təsdiqlədilər: "Hesab edirəm ki, YAP bu seçkilərdə öz fədakarlığı, seçki kampaniyasının keçirilməsinə praqmatik, düzgün yanaşması ilə həm Azərbaycan dövlətçiliyinə, həm də partiyamızın Sədrinə nə qədər sədaqətli olduğunu nümayiş etdirmiş oldu. Uğurla başa çatan 2013-cü il prezident seçkiləri Yeni Azərbaycan Partiyası üçün çox vacib bir sınaq idi və partiyamızın üzvləri, o cümlədən rayon və şəhər təşkilatları, bütün fəallar bu sınaqdan layiqincə çıxa bildilər".
YAP Sədrinin müavini-İcra katibi seçki kampaniyası dövründə partiyanın rayon və şəhər təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirərək bir daha vurğuladı ki, regionda siyasi fəallığı ilə tanınan YAP qüdrətli, əzəmətli partiya kimi özünü təsdiq edib. Partiyamız dövlətçiliyə, Heydər Əliyev siyasətinə, ölkə Prezidenti İlham Əliyevə sadiqdir və bu yolda bütün fədakarlığa, iradəyə sahibdir.
Əli Əhmədov, eyni zamanda qarşıda duran vəzifələrdən də ətraflı bəhs edərək, 2014-cü ildə ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini bildirdi. Qeyd etdi ki, ötən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsinə istinad edərək, qarşıdan gələn ildə keçiriləcək bələdiyyə seçkilərinə də ciddi hazırlıq görüləcək. Partiyanın Proqram və Nizamnaməsində nəzərdə tutulan qaydalara uyğun, demokratik seçkilərin keçirilməsi təmin olunacaq.
RƏFİQƏ KAMALQIZI