Əli Əhmədov: "Hər bir Azərbaycan vətəndaşının qəlbində Heydər Əliyevin timsalında ədalətli rəhbər obrazı yaranıb və bu obraz bu gün də yaşamaqdadır"
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ölkə daxilində və xaricində silsilə tədbirlər keçirilir, dövlətimiz, xalqımız qarşısında xidmətləri bir daha geniş təhlil olunur və bu reallıq bir daha qeyd edilir ki, Heydər Əliyev ideyaları Azərbaycanın dünəni, bu günü və sabahıdır.
Dünən Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçirdiyi anım mərasiminin iştirakçıları öncə Fəxri Xiyabana gələrək Ümummilli Liderin xatirəsini yad etdi, məzarı önünə qızıl gül dəstələri düzdülər. Görkəmili oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu.
"Hilton" otelində davam etdirilən tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin dünyadan köçməsindən bizi 10 il ayırır: "Amma həqiqət bundan ibarətdir ki, bu on il ərzində biz Heydər Əliyevsizliyi hiss etmədik. Sanki O, həmişə bizimlədir, bizə yol göstərir, hər hansı bir səhvi edəndə, o səhvi aradan qaldırmağı tövsiyə edir deyə düşündük. Hesab edirəm ki, on ilin yaşadığımız reallıqlarından biri bundan ibarətdir. Heydər Əliyevin dövründə biz Heydər Əliyev fenomeni haqqında düşünər, fikir mübadiləsi aparar, diskussiyalar edərdik. Bu on ilin ortaya qoyduğu bir həqiqət bundan ibarətdir ki, indi biz Heydər Əliyevin unudulmazlığı fenomeninin reallığa çevrildiyinin şahidi olmuşuq. Heydər Əliyev niyə unudulmur? Yəqin ki, bu sualı hər kəs verir, düşünür və buna cavab axtarmağa çalışır. Böyük xalqların milli hüdudları aşıb keçən və dünya tərəfindən qəbul olunan liderlər yetişdirməsi adi hadisədir. Lakin kiçik xalqların və kiçik dövlətlərdə milli hüdudları keçən, dünya tərəfindən qəbul olunan lider yetişdirilməsinin özü tarixi hadisədir və özü bir fenomenə çevrilmiş olur. Mən Azərbaycan xalqını öz milli ruhuna, mənəvi zənginliyinə və keçdiyi tarixi yola görə kiçik xalqlar sırasına aid etməyin ədalətsiz olduğunu düşünürəm. Amma say etibarilə yanaşdıqda Azərbaycan xalqı dünyanın böyük xalqlarının sırasında deyil. Bu mənada Azərbaycan xalqının milli hüdudlarımızı aşan və dünya tərəfindən birmənalı şəkildə qəbul olunan Heydər Əliyev kimi lider yetişdirməsi tarixi hadisədir. Belə xalqlar yetişdirdiyi liderləri ilə fəxr edir. Bu liderlər həmin millətlərin, xalqın milli qürur və iftixar mənbəyinə çevrilir. Təbii ki, heç bir xalq, millət milli qürur mənbəyinə çevrilmiş övladını unutmaz və unutmur. Digər tərəfdən Heydər Əliyevin unudulmazlığı haqqında danışarkən bir məsələni də qeyd etməyə ehtiyac yaranır. Bütün zamanlarda liderin, rəhəblərin ədalətli hökmlər ideyası bütövlükdə hakimiyyətə, xüsusilə rəhbərə qiymət verməyin ən vacib amillərində biri olub. Heydər Əliyev həmişə hakimiyyətdə olduğu dövrdə ədalətli rəhbər, lider kimi birmənalı şəkildə qəbul olunub. Onun "Qoy ədalət zəfər çalsın" kimi kəlamları sadəcə Heydər Əliyevin siyasi platforması deyildir. Bu, daha çox Heydər Əliyevin qəlbinin, ürəyinin səsi idi, Onun söykəndiyi milli dəyərlərin ifadəsi idi. Heydər Əliyev heç zaman başqasına rəva bilmədiyini özünə etməzdi. Özünün etdiyini isə heç kimə qadağan etməzdi. Hər bir Azərbaycan vətəndaşının qəlbində Heydər Əliyevin timsalında ədalətli rəhbər obrazı yaranıb və bu obraz bu gün də yaşamaqdadır. Yəqin ki, uzun zaman Azərbaycan xalqı Heydər Əliyevin ədalətli rəhbər timsalı prizmasından hakimiyyətdə olan insanlara qiymət verməyə çalışacaq."
Ə.Əhmədov qeyd etdi ki, rəhbərin keyfiyyətlərindən biri həm də onu nümünə göstərmək bacarığındadır: "Heydər Əliyev sadəcə böyük lider, rəhbər, idarəedici deyildir, eyni zamanda nümunə göstərməyi bacarırdı. Heydər Əliyev vətəndaş, sədaqətli dost, sədaqətli ailə başçısı nümunəsini göstərirdi. Hər bir ləyaqətli Azərbaycan vətəndaşı özünü Heydər Əliyevə bənzətməyə çalışırdı. Bu mənada Heydər Əliyev unudulan insan ola bilməzdi. Heydər Əliyevi unutmaq mümkün deyil, çünki o, Azərbaycan xalqının milli ideyasının ayrılmaz tərkib hissəsidir. Heydər Əliyev unudula bilməz ona görə ki, O, Azərbaycan xalqının milli dərkinin tərkib hissəsidir. Azərbaycan xalqının milli ifadəsini Heydər Əliyev fenomenindən ayrılıqda təsəvvür etmək mümkün deyildir. Heydər Əliyev ona görə unudula bilməz ki, O, Azərbaycanın inkişafı yoluna işıq saçan əbədi bir mayakdır. Ona görə Heydər Əliyev qəlblərdə daim yaşayır və yaşayacaqdır. Azərbaycan xalqının Heydər Əliyev yoluna inamı böyükdür."
Azərbaycan Yazıçılar Birliyinin sədri, Heydər Əliyev mükafatı laureatı Anar Rzayev çıxış edərək bildirdi ki, bu gün tariximizin kədərli günlərindən biridir. "On il bundan öncə xalqımızın Ulu Öndəri, dünyanın böyük siyasətçisi Heydər Əliyevi itirdik. On il bundan öncə Heydər Əliyev dünyanı tərk etdi, amma on il bundan öncə Onun əbədi həyatı başladı ki, bu həyat sonsuza qədər davam edəcək. Heydər Əliyev Azərbaycanın qurucusudur. Onun xidmətlərini inkar edənlərə 1991-ci ildə cərəyan edən hadisələri xatırlatmaq lazım gəlir. Ölkə dağılmaq, parçalanmaq ərəfəsində idi. Xaos və anarxiya hökm sürürdü. Belə bir çətin dövrdə Heydər Əliyev hakimiyyətə qayıdıb, Azərbaycanın istiqlaliyyətini əbədi təsdiq etdi. Bu gün tərəzinin bir gözünə problemləri, çətinlikləri, o biri gözünə istiqlaliyyətimizi qoysaq, istiqlaliyyət ağır gələr. Bu istiqlaliyyətin təminatçısı Heydər Əliyev olub. Eyni zamanda, o, sovet imperiyasının xarabalıqları üzərində yeni Azərbaycanın əsasını qoydu, yeni Azərbaycanı yaratamağa başladı. Heydər Əliyevin bir cəhətini də qeyd etmək istəyirəm. Mən nə postsovet məkanında, nə Türkiyədə, nə Qərb ölkələrində ikinci bir lideri tanımıram ki, mədəniyyətə, ədəbiyyata, incəsənətə bu qədər maraq, diqqət göstərsin. Bütün tamaşalara gəlir, filmləri izləyir, konsertlərdə iştirak edirdi. Bütün sənət adamlarına sonsuz diqqət və qayğı ilə yanaşırdı. Mən dahi şəxsiyyət Heydər Əliyevə yalnız Azərbaycan xalqı üçün gördüyü işlərə, mədəniyyət, incəsənət sahəsində qayğısına görə yox, həm də öz taleyimdə göstərdiyi dəstəyə görə minnətdaram. Heydər Əliyev daim qəlbimdə yaşayır və yaşayacaqdır. Ona olan minnətdarlığımın, borcumun kiçik bir hissəsini "Unudulmaz görüşlər" adlı kitabımda ifadə etməyə çalışmışam. Kitabda Onunla görüşlərim, Onun mənim haqqımda söylədiyi fikirlər, mənim Ona olan sonsuz məhəbbətim və hörmətim öz əksini tapıb. Heydər Əliyev Azərbaycanın əbədi sərvətidir."
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki, bütün ömrünü, həyatını Azərbaycan xalqının bu gununə və gələcək xoşbəxtliyinə həsr etmiş bu dahi insan Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi xalqımız var olduqca onun tarixi yaddaşında əbədi yaşayacaq: "Heydər Əliyevin həyatı, Onun tarixi irsi o qədər zəngindir ki, bir çıxışda hamısını qeyd etmək qeyri-mümkündür. İllər keçdikcə, Ulu Öndərin əkdiyi ağaclar bar verdikcə, ölkəmiz inkişaf etdikcə, Onun öz xalqı, dövləti üçün gördüyü işlər daha da böyüyür və yeni çalarlarla ortaya çıxır. 40 ilə yaxın dövr ərzində Azərbaycan və dünya tarixi səhnəsində olan bu görkəmli şəxsiyyət hər birimizin taleyinə nüfuz etmiş, mühüm rol oynamışdır. Bir iqtisadçı kimi Ulu Öndər Heydər Əliyevin iqtisadi irsinə nəzər salmaq istərdim. Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü, eyni zamanda Onun ideyaları əsasında Azərbaycanın bugünkü inkişaf dövrü bir-biri ilə sıx əlaqədardır.
Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycan heç bir inkişaf perspektivi olmayan və bununla barışmış bir ölkə idi. Köhnə sovet ideologiyası, planlı təsərrüfat bütün resurslarını tam şəkildə tükətmişdir. Əgər sistemin özü özünü inkişaf etdirə bilmirsə, sonrakı tarixi təcrübədə gördük ki, bunu edə biləcək yeganə amil liderlikdir. O vaxt Azərbaycan hakimiyyətinə belə lider gəldi. Çox qısa zamanda ölkənin necə canlandığının şahidi olduq. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkədə birinci intibah dövrü başladı. Qısa bir tarixi dövrdə Azərbaycanın müvəffəqiyyətlərinin şahidi olduq. Azərbaycan İttifaq miqyasında lider ölkəyə çevrildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan sovetlər miqyasında tanınmağa başladı. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu fikri xüsusi qeyd etdi ki, Azərbaycanın bugünkü dövlət müstəqilliyinin, onun bugünkü potensialının əsasları məhz həmin illərdə qoyulub. Həmin illərdə 300-dən artıq müəssisə tikildi, regionlar inkişaf etdi, ölkənin sənaye potensialı artdı. Ölkənin inkişafına xidmət edən irimiqyaslı qərarların qəbuluna nail olundu. 1969-1985-ci illəri əhatə edən dövrdə Azərbaycanın milli məhsulu 2,5 dəfə yüksəldi, sənaye istehsalı 2 dəfə artdı. Azərbaycan İttifaq miqyasında ikinci ölkə idi ki, İttifaq büdcəsindən heç nə almırdı. Əksinə, bu büdcəyə illərlə vəsait verirdi."
E.Rüstəmov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdığı dövrdəki vəziyyət hər kəsə məlumdur: "Ölkə tam şəkildə hərbi-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji böhranın məngənəsində idi. Xalqımız sabaha ümidini itirmişdi. Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı bu ağır durumdan xilas etdi. 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına nail oldu. Həmin dövrdə də digər sahələr kimi iqtisadiyyatda durum çox ağır idi. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə sabitlik və normal biznes mühiti yaradıldı. İqtisadiyyatın inkişafında neft amilinin önə çəkilməsi Onun uzaqgörən siyasətinin nəticəsi idi. Ölkədə sabitləşmə iqtisadi islahatlar siyasətini həyata keçirməyə zəmin yaratdı. Beynəlxalq maliyyə qurumlarının təmsilçiləri mütəmadi olaraq ölkəmizdə olurdular. Həmin illərdə çox mühüm qərarlar qəbul olundu. Ölkədə ilkin liberallaşma, sabitləşdirmə tədbirləri həyata keçirildi. Bunun nəticəsində iqtisadi artım təmin edildi, inflyasiya birrəqəmli səviyyəyə düşdü, manatın ilk sabitləşməsi baş verdi. Bunun ardınca atılan addımları, xüsusilə neft strategiyasını qeyd etmək istərdim. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bugünkü uğurlarımıza geniş yol açıdı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atır, dinamik iqtisadi inkişafı ilə dünyanın diqqətindədir".
Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirdi ki, yaxın tariximizə mərhələli və təhlili şəkildə nəzər salsaq, aydın şəkildə görərik ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna daxil olub: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycan öz dövlət müstəqilliyinin dönməzliyini təmin etmiş, sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər qazanmışdır".
Ə.Əmiraslanov Ulu Öndər Heydər Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs etdi. Bildirdi ki, dahi şəxsiyyətin hər bir sahə barədə zəngin biliyi Ona əhəmiyyətli addımların atılmasında stimul olurdu. O bildirildi ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan artıq dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi regionda söz sahibinə çevrilib: "Respublikamızın dinamik inkişafını və siyasi üstünlüklərini şərtləndirən əsas amil məhz Heydər Əliyevin müstəqil Azərbaycanı etibarlı əllərə tapşırmasıdir. Heydər Əliyev kimi siyasət nəhənginin ailəsində zəngin məktəb keçən, yüksək idarəçilik keyfiyyətlərinə malik olan Cənab İlham Əliyevdə prezident səlahiyyətlərini Heydər Əliyev kimi dahi siyasətçidən sonra davam etdirmək, xalqın sevimli rəhbərinə çevrilmək üçün lazımi səriştə, bacarıq, qabiliyyət, intellektual səviyyə, idarəçilik keyfiyyətləri var. Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir".
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirdi ki, yüz illər boyu başı bəlalar çəkən bir xalqa müstəqil dövlətdə yaşamağı, öz taleyinin sahibliyinin nə olduğunu anladan, doğma vətəni uğrunda şəhidliyi səadət hesab edib Azərbaycanı tarixin sərt imtahanlarından müdrik uzaqgörənliklə çıxaran Ulu Öndərin arzuları hər gün cücərir, pərvəriş tapır, bar verir: "Cismən aramızda olmasa da ötən hər gün Onun əbədiyaşarlığını, bizimlə, öz doğma xalqı ilə birgə olduğunu daha aydın hiss etdirir. Böyük Yaradanın nəsib etdiyi yenilməz iradə, müdrik uzaqgörənlik və tükənməz enerji sahibi olan bu nadir şəxsiyyət bütün həyatını və fəaliyyətini mənsub olduğu Azərbaycan xalqına həsr etmişdir. Onun xarakterindəki bütövlük, qətiyyət, cəsarət, səmimiyyət fitrətdən gəlir. Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürür duyurdusa, bizlər, dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar da Onunla fəxr edirlər".
Qeyd olundu ki, Ulu Öndərin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda sıçrayışlı inkişafın təmin edilməsi ilə yanaşı, milli dəyərlərin, qədim ənənələrimizin, mentalitetimizin, milli-mənəvi sərvətlərimizin qorunub saxlanılmasında göstərdiyi əvəzsiz xidmətlərlə bağlıdır: "Heydər Əliyev bütün məsələlərdə milliliyə, tarixi ənənələrə daha çox diqqət göstərirdi. Hər kəsə də təlqin edirdi ki, milli ruhu qorusun, saxlasın. Ədəbiyyat sahəsində yazıçılara, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi xüsusi diqqətin nəticəsi gözəl və tarixdə yaşayacaq sənət əsərlərinin yaranmasına gətirib çıxardı. Bu əsərlərin yaradıcılarını Azərbaycan çərçivəsindən Moskva miqyasında zirvələrə qaldıraraq onlara keçmiş SSRİ-nin yüksək fəxri adlarının, mükafatlarının verilməsinə nail oldu. Heydər Əliyev sübut etdi ki, tarixi keçmişi, gözəl ənənələri olan Azərbaycan xalqı həm də yaradıcı xalqdır. Özünün nüfuzedici fəaliyyəti ilə ümumxalq yüksəlişinə təkan verən Heydər Əliyev xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli ruhun, milli qürur hissinin, mənəvi dəyərlərin güclənməsi üçün möhkəm zəmin yaratdı. Əməli fəaliyyəti ilə içində olan xalq sevgisini ifadə etdi".
"Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövr çox ağır zaman, böhranlı mərhələ idi. Bir sözlə, ötən əsrin doxsanıncı illərinin əvvəllərində baş verən hadisələr gərginliyi, qeyri - sabit, qarşıdurmanın ifrat həddə çatdığı, ölkənin uçuruma sürükləndiyi, erməni kimi rəzil düşmənin torpaqlarımızın bir hissəsini işğal etdiyi dövrə təsadüf edirdi" söyləyən F.Heydərov bildirdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı, sözün əsil mənasında "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib öz xalqına sahib çıxması böyük fədakarlıq idi. O, Azərbaycanın ən ağır vaxtında hakimiyyətə qayıdışı ilə tarixi bir missiyanı həyata keçirdi. Qurtuluş mübarizəsinin qalibi kimi Azərbaycan dövlətini daxili və xarici düşmənlərin caynağından xilas etdi. Müstəqilliyin əbədi və dönməz olmasını şərtləndirən bütün amillərin işlək mexanizmə çevrilməsini həyata keçirdi. F.Neydərov bildirdi ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir.
Ümumilikdə, çıxışlarda ümumi fikir bu oldu ki, Azərbaycan sürətli inkişafı, dinamik yüksəlişi ilə dünyaya günəş kimi işıq saçır. İllər keçdikcə bu günəşin parıltısı daha da güclənir. Ümummilli Lider Heydər Əliyevin bu fikirləri bir daha xatırlandı: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!" Hər bir Azərbaycan vətəndaşı Ulu Öndərin müdrikcəsinə dediyi bu sözlərin həqiqət olduğunu qəbul edir. Nə qədər Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.
RƏFİQƏ KAMALQIZI