PDF Oxu

Əsas

  • 72

Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Dekabrın 12-də Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları icra hakimiyyətinin binasının foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoymuşlar.

Sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Qeyd olunmuşdur ki, Ulu Öndərin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Bütün il boyu insanlar Fəxri xiyabana gələrək ölkəmizin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş dünya şöhrətli şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə edirlər.

A.Fərzəliyev demişdir ki, Azərbaycanın 30 ildən artıq dövrünü əhatə edən tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə olunmuş möhtəşəm nailiyyətlər məhz Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu Öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Anım mərasimində çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışmışdır. O demişdir ki, Ulu Öndərin müdrik, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan bu gün dünyanın və regionun inkişaf etmiş dövlətinə çevrilmişdir. Qeyd olunmuşdur ki, əldə edilmiş bütün uğurlar ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Tədbirdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri, professor Mircəfər Həsənov, Təfəkkür Universitetinin professoru Cümşüd Nuriyev Ümummilli Liderin dövlətçiliyimizin möhkəmlənməsində və inkişafında əvəzsiz xidmətlərindən danışmış, Heydər Əliyev irsində Vətən sevgisi və azərbaycançılıq hissinin önəmli yer tutduğunu vurğulamışlar. Anım mərasimi çərçivəsində rayonun bir çox yerlərində ehsan süfrələri təşkil olunmuşdur. Nərimanov rayonu ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə ocaqlarında, digər idarə və təşkilatlarda da ulu öndər Heydər Əliyevin xatirəsini anım mərasimləri keçirilmişdir.

Digər xəbərlər