PDF Oxu

Əsas

  • 76

Məmməd Arazın 80 illiyinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

Məmməd Arazın 80 illiyinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

Dünən "Kaspi" qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Məmməd Arazın 80 illik yubileyinə həsr olunan müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və məqalələrin yer aldığı 600 səhifəlik "Haqqın var yaşamağa" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, "Kaspi" qəzetinin təsisçisi, əməkdar jurnalist, şairə Sona Vəliyeva tədbir barədə iştirakçılara geniş məlumat verərək bildirib ki, kitabda "Kaspi" qəzetinin xalq şairi Məmməd Arazın 80 illik yubileyi ərəfəsində görkəmli şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsinə təqdim olunan yazılar yer alıb. Sona Vəliyevanın çıxışının ardınca Məmməd Arazın həyatından bəhs edən video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən Sona Vəliyeva 6 ay öncə dahi şair Məmməd Arazın xatirəsinə 6 aylıq müsabiqə elan edildiyini bildirib. S.Vəliyeva müsabiqənin şərtlərini tədbir iştirakçılarına bildirməsi üçün "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədliyə söz verib. N.Məmmədli qeyd edib ki, müsabiqə 1 aprel - 1 sentyabr tarixləri arasında keçirilib: "Altı ay davam edən müsabiqəyə 80 yazı daxil olub. Bu yazılardan 60-ı seçilərək "Haqqın var yaşamağa" adlı kitabda çap edilib. Müsabiqənin şərtlərinə əsasən 1-ci yeri tutan şəxsə 1000 manat, 2-ci yeri tutana 2 xüsusi mükafat 700 manat, 3-cü yeri tutan 3 xüsusi mükafat sahiblərinə 500 manat dəyərində pul mükafatı təqdim olunacaq. Müsabiqəyə sonradan həm də Sona Vəliyevanın təşəbbüsü ilə 30-a yaxın xüsusi mükafat daxil edilib. Müsabiqənin mükafat fondu ümumilikdə 10 min manat təşkil edir".

"Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək Məmməd Arazın əbədiyaşar şair olduğunu bildirib: "Əbədiyaşarlığın özünəməxsus böyüklüyü var. Məmməd Araz bir millətin Azərbaycançılıq məfkurəsini yaradan bir insan olub. O, çağdaş, müasir poeziyanın poetiklərindən sayılır".

S.Vəliyeva bildirib ki, müsabiqəyə kimliyindən asılı olmayaraq şairlər, yazıçılar, jurnalistlər hətta tələbələr belə yazı göndəriblər: "Məmməd Araz bu insanların qəlbinin ən gözəl yerlərindədir. Azərbaycançılıq onun əsas qayəsi olub. Heç bir şairdə demək olar ki, bunun qədər Azərbaycançılıq ideyası olmayıb. Azərbaycançılıq adı gələndə Məmməd Araz yada düşür. Onun poeziyasının qidası, bəhrəsi bundan sonrakı poeziyalara sıçrayış olmaqda davam edəcək".

Məmməd Arazdan bəhs edərkən Sona Vəliyeva vurğulayıb ki, onun dili Xəstə Qasım, Aşıq Ələsgər hətta Səməd Vurğun dili idi: "Məmməd Arazın səmimi dildə yazdığı poeziya insanların yaddaşından silinməyir. Çünki, bu poeziya onun canından, qanından ibarət idi. Min illər keçsə də Məmməd Araz poeziyası yenə yaşayacaq. Onu dərk eləmək üçün gərək Məmməd Araz dastanını öyrənəsən". Şairə bildirib ki, Məmməd Araz sözün əsl mənasında cəsarətli vətəndaş şairidir: "O, şerlərində sovet dövründə Azərbaycanın başına gətirilən bəlalardan danışır, zaman-zaman onun üzərinə gedən "tamah çarpışmaları"na diqqətə çəkib".

"Kaspi" qəzetinin təsisçisi Ümummilli lider Heydər Əliyevin Məmməd Araza qayğısından da söz açıb. S.Vəliyeva qeyd edib ki, Ulu öndər Heydər Əliyev Məmməd Arazın xaricdə müalicə olunmasına şərait yaradıb. Millət vəkili, yazıçı Aqil Abbas müsabiqə və əsasında hazırlanan kitab haqqında fikirlərini bildirib: "Məmməd Araz öz övladlarına verdiyi mənəviyyatın min qatını millətinə verib. Nə qədər Azərbaycan yaşayırsa, o qədər də onun poeziyası yaşayacaq. Kimlər ki, poeziya uğrunda yanıblarsa onlar əbədi olaraq millətin qəlbində yaşayacaq".

Tədbirdə çıxış edən tənqidçi Vaqif Yusifli bildirib ki, elə tək-tək sənətkarlar var ki, onları sənətdən uzaqlaşdırsan poeziyada uçurum yaranar: "Məmməd Arazda belə şairlərdən olub. Onsuz poeziyanı təsəvvür eləmək qeyri-mümkün idi". KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, Məmməd Araza həsr olunmuş müsabiqədə iştirak etmək, yazı yazmaq həm asan, həm də çətindir: "Asandır ona görə ki, Məmməd Arazın irsi zəngindir, informasiya çoxdur. Çətindir ona görə ki, bu qədər zəngin irsdən hansı mövzuya toxunasan. Müsabiqəyə 80 yazı daxil olub. Bu çox böyük rəqəmdir. Bu Məmməd Araza insanların sevgisindən xəbər verir. Onun torpaq, Vətən sevgisi şeirlərində öz əksini tapıb. Onun şeirləri oxunaqlıdır. Onun xidmətləri dövlət səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev 27 sentyabrda şairin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam verib. Məmməd Araz qəlbimizdə yaşayıb və bundan sonra da yaşayacaq". Sonra Məmməd Arazın qızı İradə Tuncay şair haqqında fikirlərini bölüşüb: "Mən Məmməd Arazın qızı yox, bir oxucusu kimi onu sevirəm. Mən onun bir şair kimi əzablarının şahidiyəm. İndi 5-6 insan bir yerə yığılanda Məmməd Arazın şeirlərindən misralar deyir. Deməli, xalq onu sevir. Xalq bir şairi özü sevə bilər, kimisə zorla xalqın ürəyinə yeritmək olmaz. Məmməd Araz şeirlərində xalqın milli dəyərlərini təbliğ edib. Onun yaradıcılığı insanlara yaşamaq üçün stimul verir".

Qeyd edək ki, sonda "Kaspi" qəzetinin Məmməd Arazın 80 illik yubileyinə həsr etdiyi müsabiqənin qalibləri bəlli olub. Birinci yerə Akif Əli, ikinci yerə Flora Xəlilzadə, Nizami Muradoğlu layiq görülüb. Üçüncü yerə 3 nəfər - Telli Pənahqızı, Şamil Vəliyev və Qan Turalı layiq görülüb. Müsabiqəyə sonradan həm də Sona Vəliyevanın təşəbbüsü ilə 30-a yaxın xüsusi mükafat daxil edilib, onların da hər biri 200 manatdır.

Digər xəbərlər