Dünən Bakıda "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihənin məqsədi Qarabağ həqiqətlərinin internet məkanında tanıdılması, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumatların ötürülməsidir. Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, layihənin koordinatoru, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmayılov və digər şəxslər iştirak edib.
Nurəddin Mehdiyev mərasimi giriş nitqi ilə açaraq deyib ki, burada əsas məqsəd Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə Qarabağ həqiqətlərinin İnternet məkanında tanıdılmasına xidmət etməkdir: "Layihə innovativ - kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, insanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və dünyanın aparıcı dillərində mərkəzləşmiş İnternet-şəbəkə resursu kimi düşünülüb. Əsas hədəflərimizdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyanın sülhsevər, ədalətli sakinlərinə çatdırılmasına töhfə verməkdir. Portalda Qarabağın tarixi, mədəniyyəti, musiqisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi ilə bağlı, qədim Azərbaycan torpağı olan İrəvan haqqında yazılar, araşdırmalar, xəbərlər və digər yazılar öz əksini tapıb. Portalda gənclər üçün virtual oyunlar, müsabiqə, elektron kitabxana, Qarabağa virtual səyahət, Qarabağ haqqında interaktiv xəritə, musiqi, "İzmir" adlı foto və video qalereya, "Hər şey Qarabağ üçün" virtual kampaniya bölmələri də fəaliyyət göstərir". Daha sonra gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu layihə çox vacib hadisələrdən biridir: "Biz bu gün virtual aləmdə yaşayırıq və bundan bütün dünya məharətlə istifadə edir. Qarabağ həqiqətlərinin və Azərbaycan haqqında dünyaya maraqlı məlumatların çatdırılması çox mühüm bir haldır. Bunu hələ ki, 5 təşkilat həyata keçirir. Lakin inanıram ki, təkcə 5 təşkilat yox, bütün gənclər və QHT-lər buna dəstək olacaq". Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, Azərbaycan öz ərazi bütövlüyünün qaytarılması üçün mübarizə aparır: "Bu mübarizə sadəcə real həyatda deyil, həmçinin internetdə də aparılır. Təbii ki, biz ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ və onun tarixi abidələrini nümayiş etdirməklə, ermənilərin ölkəmizə vurduğu ziyanı bütün dünyaya çatdıra bilirik. Əslində bu kadrlara baxmaq və orada olan dağıntıları görmək hamımız üçün ağırdır. Buna görə də bu həqiqətləri dünyaya çatdırmalıyıq ki, biz haqlıyıq və xalqımız nələr çəkib".
Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün ölkəmizdə ölkə başçısının rəhbərliyi altında aparılan bütün işlər, bizi Qarabağa aparan yoldur: "Bu gün virtual dünyada informasiya mübadiləsi çox ciddi bir önəm daşıyır. Ermənilər də bu mübarizəyə fəal qoşulub. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Qarabağ portalının bu sahədə çox işlər görəcəyinə inanıram". Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov vurğulayıb ki, Azərbaycanda internet artan xətlə inkişaf edir və etməkdədir: "Bu gün gənclərimiz Qarabağ haqqında və onun həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox işlər görür. Bir şeyə həqiqətən inanırıq ki, internetdə Qarabağ virtual ola bilər, lakin Qarabağ realdır və o bizimdir".
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, bugünkü saytın təqdimatı onu göstərdi ki, biz hər gün Dağlıq Qarabağın qaytarılması uğrunda durmadan çalışırıq: "Ümummilli lider Heydər Əliyev davamlı olaraq ömrünün sonuna kimi Azərbaycan gəncliyini, aydınlarını, ziyalılarını, alimlərimizi, hər bir ölkə vətəndaşımızı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan andan fəallığa çağırıb. Sözün həqiqi mənasında ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Ötən bütün dövr ərzində (1905-1907, 1918-20, 1948-53 və 1988-ci illərdən başlayaraq bu gün də daxil olmaqla) biz ermənilərin fiziki, mənəvi informasiya və digər basqılarına məruz qalmışıq. 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilib. Bu soyqırımı siyasəti müəyyən mənada ermənilərin təşəbbüsü ilə müəyyən mənada isə onların havadarlarının səyi nəticəsində həyata keçirilib. Bu soyqırımın fəaliyyəti təkcə azərbaycanlıları fiziki cəhətədən yox etmək deyil, onların malik olduğu əraziləri, sərvətləri ələ keçirmək, dünyada onu biabır etmək və dünyanın gözündə Azərbaycan xalqının, mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmaqdan ibarət olub. Ona görə də bizim nəslin qarşısında sözün həqiqi mənasında ciddi vəzifə dayanır. Bu vəzifə ondan ibarətdir ki, nə qədər ki, biz ermənilərlə qonşuyuq, onlardan gələn ziyanları, basqıları, təhdidləri heç vaxt unutmamalıyıq. Biz bunu mütəmadi olaraq öz qəlbimizdə yaşatmalıyıq. Faktiki olaraq ermənilərlər qonşuluq Azərbaycan xalqı qarşısında ömürlük geosiyasi, geoiqtisadi təhlükəsizlik mədəni və digər vəzifələr qoyub. Mübarizə tək Azərbaycan xalqının, millətimizin, dövlətimizin fiziki təhlükəsizliyini təmin etməkdən ibarət deyil. Biz sərhədlərimizi möhkəmləndirə də bilərik. Amma məlumdur ki, ermənilərin fəaliyyəti tək bununla yekunlaşmır. Cənab Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına dəfələrlə bu haqda bəyan edib və xəbərdarlıq edib ki, hal-hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə anti-Azərbaycan kampaniyası aparılır. Bu kampaniya getdikcə öz əhatəsini genişləndirir və dərinləşdirir. Anti-Azərbaycan kampaniyası getdikcə bütün hədləri insanlıq hədlərini aşaraq millətimizə qarşı ciddi böhtanla müşahidə olunur. Bu gün faktiki olaraq beynəlxalq aləmdə biz ermənilərlə Azərbaycan həqiqətlərinin dünyaya və onun ictimaiyyətinə çatdırılması uğrunda mübarizə aparırıq. Biz beynəlxalq aləmi erməni yalanlarından mühafizə etməyə və erməni lobbisinin mütəşəkkil anti-Azərbaycan kampaniyası qarşısında mübarizə aparmağa çalışırıq. Əlbəttə ki, bu mübarizə tək dövlətin gücü ilə aparıla bilməz. Bu gün çox sevinirəm ki, bu mübarizəyə Azərbaycan gəncliyi qoşulub. Biz çox sevinirik ki, Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına tək silahla fiziki cəhətdən hazırılıqlı səviyyədə çıxmaq haqqında deyil, beynəlxalq aləmdə, dünyada müasir tələblərə uyğun vasitələrlə, intellektlə çıxmağa hazırlaşır". Tədbirdə eyni zamanda "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan "Qarabağa doğru" filminin Azərbaycan, ingilis dilində versiyalarının və "Şuşa-Virtual Səyahət" 3D qrafik təsvirli filminin də təqdimatı baş tutub. Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi, Yeni yazarlar və sənətçilər qurumu İctimai birliyidir.