Leyla Əliyeva: "Azərbaycanın müasir incəsənətinin professional səviyyəsinin dünyaya göstərən bu sərgi ölkəmizin incəsənətinə yeni töhfələr verdi."
Dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınan Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu ilə ölkəmizə olan diqqəti daha da artırır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dəyərlərinin, tarixi reallıqlarının təbliği istiqamətində gördüyü işlər bu diqqət və marağın, sferanın genişlənməsində önəmlidir. "Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir" - deyən Mehriban xanım Əliyeva milli dəyərlərimizin təbliğinə irimiqyaslı layihələri çərçivəsində nail olur və sübut edir ki, mədəniyyət və incəsənət ölkə həqiqətlərin təqdimində bir açardır.
Fondun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan şaxəli layihələr dünya xalqlarını Azərbaycana daha da yaxınlaşdırır. Müxtəlif məzmunlu tədbirlər çərçivəsində həyata keçirilən layihələrdə Mehriban xanım Əliyeva bir ideyanı gerçəkləşdirir: Azərbaycanı təbliğ etmək. Fondun fəaliyyəti dövrünə nəzər salsaq, nə qədər sayda bu məqsədlə layihələrin həyata keçirildiyinin şahidi olarıq. Təkcə son ayda reallaşan tədbirlərin əsasında Azərbaycanın panoraması kifayət qədər aydın görünüb. Belə ki, Fransanın paytaxtı Parisdə Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi fondun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb edir.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılmışdır. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən "Bakıya uçuş" yerli sakinlərin böyük marağına səbəb olmuşdur.
Layihənin ideya müəllifi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin kataloqu üçün yazdığı "Ön söz"də qeyd etmişdir ki, sərginin təşkilində əsas hədəf insanların həyata baxışı, bədii-estetik münasibəti, təsəvvür və təxəyyülünün müxtəlifliyindən irəli gələrək fərqli cəhətlərə malik müasir incəsənətin Azərbaycandakı inkişafını dünya ictimaiyyətinə təqdim etmək, eyni zamanda, müasir incəsənət vasitəsilə Azərbaycanın bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açmaq idi. Bu ideyanın öhdəsindən uğurla gəlinib. Belə ki, London, Paris, Berlin, Moskva, Roma, Vyana və nəhayət, Bakıda təşkil ediləcək sərgidə insanların daxili aləminə nüfuz etmək bacarığı ilə müxtəlif janrlarda maraqlı əsərlər yaradan sənətkarların emosional təsiri ilə fərqlənən, rənglərinin təzadı və oynaqlığı, yaradılma texnikası ilə insanları valeh edən kompozisiyalar, Azərbaycan müasir incəsənət dünyasının bir hissəsini nümayiş etdirilib. Leyla xanım Əliyeva qeyd edir ki, inanıram ki, Azərbaycanın müasir incəsənətinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərən bu sərgi ənənələrlə zəngin Azərbaycan incəsənətinə yeni töhfələr verdi. Dünyanın nüfuzlu ölkələrində açılan sərgi Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqlədi. Sərgi Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətini aldı. Sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir.
Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Bu tədbirlər, layihələr Azərbaycanın milli dəyərləri, mədəniyyəti, incəsənəti və tarixinin təbliği ilə yanaşı, ölkələrarası mədəniyyət və qarşılıqlı münasibətlərin inkişafında önəmlidir. Bu görülən işlərin davamı olaraq Heydər Əliyev Fondu və "Baku" jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və bu günədək dünyanın altı ölkəsində nümayiş etdirilən "Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti" sərgisi Bakıda, Heydər Əliyev Mərkəzində də təqdim ediləcək. Sərginin rəsmi açılış mərasimi dekabrın 27-də keçiriləcək. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 100-dən artıq əsəri nümayiş etdiriləcək.
"Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti" sərgisi izləyicilərə Azərbaycanın yeni yaranan və böyük perspektiv vəd edən müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir.
Bu sərgilər Azərbaycanı təkcə yeraltı sərvətləri ilə deyil, həm də bu yeraltı sərvətlərdən daha zəngin tarixi-mədəni irslərə malik ölkə olduğunu dünya ictimaiyyətinə təqdim edir. Ölkəmizin Avropada, o cümlədən, dünyanın mədəniyyət beşiyi hesab edilən Fransaya təqdimi, təbii ki, böyük sənətin üzə çıxarılması deməkdir. Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunmasıdır.
Nəzakət ƏLƏDDİNQIZI