PDF Oxu

Əsas

  • 4 352

Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin qarnizonunda yeni binalar istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin qarnizonunda yeni binalar istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, yeni-yeni hərbi hissələrin, sərhəd bölmələrinin və güclü sərhəd infrastrukturunun yaradılması sürətlə davam etdirilir. AzərTAc xəbər verir ki, yanvarın 7-də Azərbaycan Respublikasının şimal-qərb sərhədlərinin etibarlı mühafizəsi üçün Şəmkir sərhəd dəstəsinin qarnizonunda yeni inşa edilmiş binalar istifadəyə verilmişdir.

Bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış edərək son illər Azərbaycan sərhədlərinin etibarlı qorunması istiqamətində görülən işlərdən, xüsusilə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarnizonlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Mərasimdə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif olunmuş sərhədçilərin bir qrupuna medallar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Şəxsi heyət orkestrin marş sədaları altında tribuna önündən keçdikdən sonra yeni inşa edilmiş qarnizon binasının, Heydər Əliyev Mərkəzinin, hərbi qulluqçuların və onların ailə üzvləri üçün inşa edilmiş 4 blokdan ibarət 7 mərtəbəli yaşayış binasının, idman zalının, 40 yerlik tibb məntəqəsinin, müxtəlif tədbirlərin keçirilməsi üçün 500 nəfərlik klub binasının açılışı olmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov rəmzi lentləri kəsmiş, yeni binalarda yaradılan şəraitlə tanış olmuşlar.

Dövlət Sərhəd Xidmətinin rəisi binalarla tanışlıqdan sonra qarnizonu gəzmiş, şəxsi heyətin fəaliyyəti ilə maraqlanmışdır. Burada sərhədlərimizin qorunmasında zəruri olan texnika və avadanlıq, eləcə də təlim görmüş itlərin sərhəd pozucularına qarşı hücumları nümayiş etdirilmişdir.

Əsgərlərin nümunəvi çıxışlarından sonra Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər qonaqlar əsgər yeməkxanasında nahar etmiş, qida məhsullarının keyfiyyəti ilə maraqlanmışlar.

Digər xəbərlər