PDF Oxu

Əsas

  • 1 227

100-dən artıq QHT beynəlxalq təşkilatlara müraciət etdi

100-dən artıq QHT beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Milli QHT Formu ilə birlikdə Xocalı faciəsinin 22 ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. SİA-nın məlumatına görə, tədbirdə ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli QHT Formunun prezidenti Rauf Zeyni, Moldovalı ombudsman Aureliya Qriqoriya, ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləri, QHT sədrləri və digər şəxslər iştirak edib.

Tədbirin əvvəlində Xocalı faciəsində və vətənimizin bütövlüyü uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Xocalı soyqırımı və onun dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Çıxış edən Milli QHT Formunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda tərətdikləri vəhşiliklərdən danışıb. Bildirib ki, ermənilər həmin gün sovet ordusuna məxsus 366-cı alayın köməyi ilə Xocalıya hücum edərək burada insanlığa sığmayan hərəkətlər, əsrin faciəsini törədiblər. Rauf Zeyni Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir: "Bu istiqamətdə Heydər Əliyev Fondu və onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın göstərdiyi fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Artıq bir neçə ildir ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra uğurlar əldə edilib. Artıq bir neçə ölkə parlamentində Xocalı faciəsi tanınıb. Təəssüflə qeyd etmək istərdim ki, hələ də bir sıra dövlətlər, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir, Xocalı faciəsini tanımaq istəmirlər. Ümid edirik ki, tezliklə haqq-ədalət öz yerini tapacaq və Xocalıda əsrin cinayətini törədən insanlar öz cəzasını alacaqlar. Eyni zamanda Xocalı hadisəsi tezliklə bütün dünyada soyqırımı olaraq tanınacaq".

Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb ki, Xocalı faciəsi bəşər tarixinin qanlı səhifəsidir: "Biz tarixə ekskursiya etməliyik. Rusiya və İran arasında Gülüstan və Türkmənçay müqavilələri bağlanandan sonra Azərbaycan xalqı soyqırımlara məruz qalıb. İstər 1905-1907-cı illərdə, istərsə də II Dünya müharibəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılar sürgün olunub, qətlə yetirilib. 1918-ci ilin martında ermənilər Bakıda soyqırımı törədib. Xocalı soyqırımı isə bu soyqırımların zirvəsində dayanır". Ə.Amaşov vurğulayıb ki, Azərbaycanın qarşısında duran ən böyük məqsəd Xocalı soyqırımını daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: "Hesab edirəm ki, bununla da dünya mənfur düşmənin simasını daha yaxşı tanıyacaq".

A.Qriqoriya bildirib ki, Azərbaycan həqiqətlərini və Xocalı həqiqətlərini beynəlxalq tribunala çıxarmaqla bunun nə qədər böyük bir faciə olduğunu dünyaya çatdırmış olarıq: "İrəvandakı çıxışım zamanı bütün həqiqətləri ermənilərin diqqətinə çatdırdım. 22 il keçməsinə baxmayaraq, bu faciəyə hüquqi qiymət verilməyib. Hesab edirəm ki, BMT tərkibində Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün xüsusi statuslu məhkəmə yaradılmalıdır". Moldovalı ombudsman qeyd edib ki, İrəvandakı çıxışından sonra ona həqiqəti danması üçün böyük qonorar təklif ediblər: "Ancaq mən buna qədər bütün həqiqəti öyrənmişdim. Ona görə də həqiqətin gözünə dik baxmağı seçdim və ermənilərin çirkin təklifini qəbul etmədim. Hesab edirəm ki, biz sonadək ermənilərin Azərbaycanla bağlı provakativ addımlar atmasına imkan verməməliyik. Çünki ermənilərin dünya ictimaiyyətinin gözündən pərdə asdığı bəsdir". Daha sonra ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləri çıxış ediblər. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, Xocalı faciəsi azərbaycanlıların başına gətirilən ən böyük və ən dəhşətli faciələrdən biridir: "Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilən bir terror aktıdır. Ermənistan silahlı qüvvələri Sovetlər Birliyinin 66-cı alayı ilə birlikdə qarşılarına azərbaycanlıların yer üzündən silinməsi məqsədini qoymuşdu ki, bu faciə də həmin məqsədin bir hissəsi idi. Dünya ictimaiyyəti bu faciəyə öz münasibətini bildirməlidir. Bu gün dünyanın bir çox ölkələrinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi qəbul etməklə yanaşı, faciə ilə bağlı sənəd qəbul edib. Amma təəssüf doğuracaq məqamlar da var. Belə ki, dünyanın bir çox beynəlxalq təşkilatları bu cür faciələrə, soyqırımılarına qarşı ikili münasibətlər bəsləyirlər".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə Xocalı soyqırımını ümumilikdə türk dünyasına qarşı törədilmiş vandalizm aktı kimi dəyərləndirib: "Ermənilər cəzasız qaldıqlarından özbaşınalıqlarını tarixin bütün dövrlərində davam etdiriblər. Erməni vəhşiliklərinə, xalqımıza qarşı törətdikləri soyqırımı siyasətinə beynəlxalq arenada layiqli qiymət verilməyib. Biz humanist xalqıq, lakin erməni faktoru bu humanistliyimizin önünə keçməməlidir". "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev isə Xocalı faciəsinin dünya ölkələrində tanıdılması üçün media və sosial şəbəkələrin imkanlarından daha geniş şəkildə yararlanmağı təklif edib: "İnformasiya savaşında texnoloji yeniliklərdən və sosial şəbəkələrdən istifadə çox vacibdir. Əgər bütün informasiyaları mobil telefon vasitəsi ilə əldə edə biliriksə, deməli bizim təbliğat imkanlarımız xeyli artıb. Ona görə də bu imkanlardan geniş şəkildə istifadə etmək bizim borcumuzdur. Təbliğatımızın geniş şəkildə aparılması üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə etməliyik". B.Quliyev vurğulayıb ki, Azərbaycanın ümummilli faciəsi olan Xocalı faciəsinin tanıdılması üçün hamı vətəndaş mövqeyindən çıxış etməlidir. Daha sonra bəzi QHT rəhbərləri çıxış ediblər. Tədbirin sonunda 100-dən artıq QHT adından Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT, İnsan Haqları üzrə Haaqa Məhkəməsi, Beynəlxalq Hərbi Tribunal, eyni zamanda, dünyada fəaliyyət göstərən insan hüquqları üzrə tanınmış Freedom Hause, Human Right Wateh təşkilatlarına müraciət göndərilib. Müraciətdə adı çəkilən təşkilatlar bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu soyqırımı cinayətinə biganə qalmamağa, dünyada bu cür soyqırımıların bir daha təkrar olunmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe sərgiləməyə çağırılıb: "Biz Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri olaraq dünyada milli, etnik, dini, irqi ayrıseçkiliyə qarşı olduğumuzu bir daha bəyan etməklə, bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün bütün beynəlxalq qurumları bir daha təkidlə mübarizəyə səsləyir, onlardan Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmələrini və Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət vermələrini gözləyirik". Qeyd edək ki, A.Qriqorinin yuxarıda qeyd etdiyimiz təklifi dəyirmi masanın bəyanatına daxil edilib.

Digər xəbərlər