PDF Oxu

Əsas

  • 869

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

İclasda Xocalı faciəsi qurbanlarının xatirəsi yad olundu

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədovun təklifi ilə deputatlar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla qeyd etdilər.

Oqtay Əsədov: "Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir"

Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra sabah 22-ci ildönümü olan Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Spiker qeyd edib ki, Xocalı faciəsi bəşəriyyətdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərindən biridir. Spiker dedi ki, Milli Məclisin qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü kimi qeyd edilir. O.Əsədovun sözlərinə görə, İslam Konfransı Təşkilatı, Pakistan, Meksika, Kolumbiya, Peru, ABŞ-ın 20-yə yaxın ştatında və digər ölkələrdə Xocalı soyqırımı haqqında mühüm sənədlər qəbul edilib, erməni cinayətləri qətiyyətlə pislənilib: "Məhz buna görə Çexiya, Meksika, Honduras, Pakistan, Macarıstan və dünyanın bir sıra digər ölkələri, o cümlədən Avropa İttifaqının 20-yə qədər ştatı Xocalı faciəsini qətliam kimi qəbul edib. Bütün bunlar Azərbaycan dövlətinin başçısının apardığı haqlı və uğurlu siyasətin nəticəsidir. O cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində bu faciə dünyada sürətlə təbliğ olunur".

O.Əsədov onu da vurğuladı ki, tezliklə işğal olunmuş torpaqlar da azad olunacaq: "Çünki gündən-günə güclənən Azərbaycan dövlətinin başlıca məqsədi budur". Gündəliyin təsdiqindən sonra Xocalı soyqırımı ilə bağlı müzakirələr başladı. Millət vəkilləri də çıxşlarında Xocalı faciəsini xatırlayaraq soyqırımının dünyada tanıdılması üçün görülən ardıcıl tədbirlərdən danışdılar. Bu istiqamətdə təbliğatın daha da gücləndirilməsini vacib saydılar. Qeyd olunub ki, Xocalıda soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb edilərək beynəlxalq tribunala çıxarılmalıdır. Bu cinayət hadisəsinə beynəlxalq məhkəmə qiymət verməlidir. Belə bir məhkəmənin qurulması üçün isə kifayət qədər faktlar, sübutlar və şahidlər var.

Siyavuş Novruzov: "Azərbaycanda Maydan olmayacaq"

İclasda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, Ermənistanın rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: "Bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar ki, gələcəkdə belə hadisələr təkrar olunmasın. Xocalıda baş verən hadisələrin 2 əsas motivi var: biri ondan ibarətdir ki, ermənilər illər boyu həm Azərbaycan, həm də türk soyuna qarşı müxtəlif cinayətlər törədiblər. İkinci motiv isə, azərbaycanlıların gözünü qorxutmaqla ölkəmizin digər ərazilərinin işğal olunması ilə əlaqədardır. Lakin gələcək göstərəcək ki, azərbaycanlılar hələ öz sözünü deyəcək və nə Xocalını, nə Laçını, nə də digər yerlərdə törədilən qətilamların heç birini yaddan çıxarmayacaq, bunun əvəzi gec-tez alınacaq". O, həmçinin qeyd edib ki, ermənilər öz saxta soyqırımlarını dünyada tanıtmaq üçün 100 ildir ki, öz lobbiləri ilə iş görürlər: "Ancaq Azərbaycan Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 10 il ərzində kifayət qədər işlər görüb və bundan sonra da bu istiqamətdə işlər həyata keçiriləcək".

S.Novruzov Xocalı faciəsinin baş verdiyi ərəfədə olan tarixə nəzər salaraq bildirdi ki, Xocalı soyqırımı olmasına baxmayaraq, nə Xocalı soyqırımı törədilən ərəfədə rəhbərlikdə olanlar, nə ondan sonra rəhbərliyə gələnlər Xocalı soyqırımı haqqında bir dənə kağız da qəbul etməyiblər: "1994-cü ildə Ümummilli Liderimizin təşəbbüsü ilə Xocalı soyqırımı Milli Məclisdə müzakirə olunub, qərar qəbul olunub və bu qərar dünya ölkələrinin parlamentlərinə göndərilib. Bundan sonra da bu işlər davam etdirilib. Fikrimə bir daha qayıtmaq istəyirəm ki, bu məsələdə cinayətkar Ermənistandır, Ermənistan dövlətidir və onu törədən şəxslərdir. Lakin digər tərəfdən yanaşmalıyıq ki, Azərbaycan vətəndaşını da təhlükədə qoymaq və dövlət vəzifəsi daşıya-daşıya həmin inskanların təhlükəsizliyini təmin etməyən insanların da bu işdə məsuliyyəti var. Həmin vaxt qarışıqlıq yaratmaq istəyən siyasi partiyaların da bu faciənin törənməsində məsuliyyəti var. Çünki belə bir ciddi hadisə baş verdiyi halda bilinirdi ki, ermənilər bunlara qarşı soyqırımı həyata keçirəcəkləri halda onların sakit durmaları, hərəkətə gəlməmələri özü bir məsuliyyətsizlikdir".

S.Novruzov, həmçinin bildirdi ki, bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir: "Ancaq nədənsə özünü radikal müxalifət adlandıran siyasi partiyalar bu barədə bir dənə də olsun tədbir keçirməyib. Əksinə, ayrı-ayrı xarici vətəndaşların Azərbaycan iqtidarı haqqında yalan fikirlərini dərc etməklə məşğuldurlar. Xocalı soyqırımı tək iqtidarın faciəsidir? Bu ümumilikdə bütün Azərbaycan xalqının işidir və bu məsələdə birgə mübarizə aparmalıyıq. Ona görə də, siyasi baxışlarından asılı olmayaraq hamı zərbəni bir yerə vurmalıdır".

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Mübariz Qurbanlı Xətai rayonunda yerləşən "Ana Fəryadı" memorial kompleksinin Şəhidlər xiyabanına köçürülməsini təklif edib.

M. Qurbanlı hesab edir ki, Xocalı soyqırımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir: "Ana harayı" abidəsi Şəhidlər xiyabanına köçürülməlidir. Əgər bu abidə həmin əraziyə köçürülərsə, Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilər".

Millət vəkili Fərəc Quliyev isə deyib ki, Milli Məclis Xocalı soyqırımını tanıyan ölkələrə təşəkkür məktubu göndərməli və onların işğalçılara qarşı sanksiya tətbiq edilməsi üçün prosesə yardım etmək təşəbbüsünü dəstəkləməlidir. F.Quliyev həmçinin parlamentdə Qarabağ Komitəsinin yaradılmasını, Qarabağ dinləmələrinin keçirilməsini təklif edib.

Milli Məclisdəki çıxışında millət vəkili Asim Mollazadə bildirib ki, Xocalıya ədalət istəyəndə, beynəlxalq tribunalın hökmünü nəzərdə tuturuq: "Xocalı qırğınlarını törədənlərin siyahısı İnterpola verilməlidir. Bundan başqa, BMT-də Xocalı ilə bağlı beynəlxalq tribunalın yaradılmasına nail olmaq gərəkdir. Xocalı soyqırımı ilk növbədə siyasi yox, hüquqi qiymətini tapmalıdır". Spiker Oqtay Əsədov isə deyib ki, Milli Məclis Xocalı soyqırımının dünyada tanınması üçün müxtəlif tədbirlər görür: "Biz Xocalı soyqırımını dünyaya tanıtmalı və göstərməliyik ki, ermənilər yazıq, miskin yox, yırtıcı xalqdır".

Sonra gündəlikdəki birinci məsələ "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının "Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiqi idi. Layihə barədə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov məlumat verdi: "Protokol 2012-ci il dekabrın 12-də Moskvada imzalanıb. Qeyd olunub ki, protokola əsasən, razılığa gələn tərəflər quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində Xəzər dənizinin ətraf mühitini və sahilyanı ərazilərin çirklənməsinin qarşısını almaq, belə çirklənməyə nəzarət etmək, onu azaltmaq və mümkün olan maksimal həddə aradan qaldırmaq üçün Konvensiyanın müddəalarına əsasən fərdi və ya birgə bütün zəruri tədbirləri həyata keçirirlər".

İclasda, həmçinin "Azərbaycan və Almaniya hökumətləri arasında maliyyə əməkdaşlığı haqqında" Saziş də təsdiqləndi. Sazişdə nəzərdə tutulan layihələr Azərbaycan iqtisadiyyatının inkişafına, qeyri-neft sektorunun sürətli artımına, kiçik və orta sahibkarlığın təşviqinə yənəldilib. Eyni zamanda, Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportların verilməsi ilə bağlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda da dəyişikliklər edildi. Gündəlilikdəki sonuncu məsələ "Dəniz limanları haqqında" yeni qanun layihəsi barədə idi. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, bu qanun respublikanın dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyəcək. Limanların inşası, açılması, bağlanması, onlarda fəaliyyətin həyata keçirilməsi qaydalarını, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edəcək. Ölkədə yeni inşa olunan dəniz limanı istismara verildikdən sonra daşınacaq yüklərin həcmi artacaq. Bu qanunun qəbulu Azərbaycanın dəniz nəqliyyatı sahəsinin inkişafına təkan verəcək ki, bu da ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək. Bu isə Azərbaycanın inkişafı ilə yanaşı təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra layihə birinci oxunuşda qəbul olundu.

Qeyd edək ki, müzakirələr zamanı iclasda ölkəmizdə səfərdə olan Latviya Seyminin nümayəndə heyəti də iştirak edirdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər