PDF Oxu

Əsas

  • 1 306

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında qeyd edib ki, son illər ölkəmizdə baş verən sürətli iqtisadi yüksəliş həyatımızın bütün sahələrində özünü büruzə verir. Təhsil Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir sahədir: "Təbiidir ki, bu sahəyə göstərilən diqqət ildən-ilə artır və artmalıdır. Dövlət qurumları tərəfindən atılan addımlar, təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin bir neçə dəfə artırılması, respublika üzrə məktəb tikintisi və məktəblərin əsaslı təmiri, ən müasir avadanlıqla təmin olunması, hər bir məktəbdə kompyuter sinfinin yaradılması bunun sübutudur. Son on il ərzində Azərbaycanda 2700 yeni məktəb binası inşa olunub və yaxud əsaslı təmir edilib. Görülən işlər nəticəsində respublika üzrə bir milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşıb və ümumiyyətlə, orta məktəb təhsilinin maddi-texniki səviyyəsi müasir tələblərə cavab verir.

Bildiyiniz kimi, 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinə start verildi və bu layihə çox uğurla icra olundu. Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar. Mən hesab edirəm ki, ölkəmizdə hər bir iş adamı mövcud sosial problemlərin həllində iştirak etməyə çalışmalıdır. Məktəb tikintisində bu müsbət meyillər özünü çox açıq göstərdi və biznes strukturları ilə, özəl sektorla Heydər Əliyev Fondunun birgə səyləri nəticəsində qısa bir zamanda Azərbaycanda 412 yeni məktəb binası inşa olundu. Hər bir yeni məktəbdə idman meydançası yaradıldı, kompyuter sinifləri açıldı, üzgüçülük hovuzu da tikildi. Hər bir belə məktəb ən müasir avadanlıqla, müxtəlif dərsliklərlə və ədəbiyyatla təmin edildi. Azərbaycan dövləti öz növbəsində məktəb tikintisini dəstəklədi və beləliklə qeyd etdiyim kimi, son 10 ildə Azərbaycanda 2 min 700 yeni məktəb binası tikildi və ya təmir olundu. Yararsız vəziyyətdə olan bütün məktəblər üçüncü regional İnkişaf Proqramı çərçivəsində təmir ediləcəkdir. Artıq ölkəmizdə köhnə, təmirsiz, təhsil almaq üçün normal şəraiti olmayan məktəb qalmayacaqdır. O vaxt Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsinə start verdi. Bu layihə çərçivəsində ölkəmizdə 32 uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edildi. Biz bu layihənin də icrasında ölkəmizdəki özəl sektor ilə çox gözəl işbirliyi yaratmışdıq.

Heydər Əliyev Fondu bu gün öz təcrübəsinə əsaslanaraq yeni böyük bir layihəyə - Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verir. Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq.

Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artmışdır. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni iş yeri açılmışdır və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir.

Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılmışdır. Qeyd etməliyəm ki, ilkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılmışdır. Gələcəkdə həmin iş respublika üzrə də aparılacaqdır. Bir qədər sonra Heydər Əliyev Fondunun eksperti monitorinqin nəticələrini sizin diqqətinizə çatdıracaqdır. Zənnimcə, gələcək fəaliyyətimiz bir neçə istiqamət üzrə qurulmalıdır. Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır.

Bir məsələni xüsusi qeyd etmək istərdim. Bizim monitorinqimiz göstərdi ki, bu gün Bakıda 124 uşaq bağçasında məcburi köçkünlər yerləşiblər. Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təhsil sisteminə də böyük zərbə vurub. Qaçqın və məcburi köçkün ailələrində böyüyən uşaqların təhsil məsələləri daim dövlətin, həmçinin Heydər Əliyev Fondunun diqqət mərkəzində olub. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz bu sahədə nadir təcrübə əldə etmişik. Çünki işğala məruz qalan torpaqlarda işğaldan əvvəl mövcud olan bütün təhsil infrastrukturu qorunub saxlanılıb. Bu, özlüyündə çox nadir bir təcrübədir. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması Dövlət Proqramı uğurla icra edilir. Təkcə son il ərzində 28 min məcburi köçkün yeni evlərə köçürülmüşdür. Bu qəbildən olan ailələr üçün yeni evlər, mənzillər inşa olunur. Mən ümidvaram ki, bizim bu təşəbbüsümüz məcburi köçkünlərin uşaq bağçalarından yeni evlərə köçürülməsi prosesinə də müsbət təsir göstərəcəkdir.

Beləliklə, bu gün məktəbəqədər təhsil ocaqlarının inkişafı ilə bağlı böyük layihəyə start verilir. Ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən icra edilən digər layihələr kimi, bu layihə də uğurlu olacaq, ölkəmizdə sosial problemlərin həllinə öz köməyini göstərəcəkdir."

Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim olundu. Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun prezidentinin tapşırığına əsasən Bakı şəhəri üzrə mövcud məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti və bu sahəyə olan tələbatın öyrənilməsi məqsədi ilə Fondda işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində monitorinq aparılmışdır. Monitorinq zamanı müəssisələrə fərdi baxış keçirilmiş, zəruri məlumatlar toplanılmış və fotoşəkillər çəkilmişdir. Həmçinin Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərinin rayon icra hakimiyyətləri, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunmuş məlumatlardan istifadə edilməklə təhlil aparılmış, məktəbəqədər təhsil müəssisələrinin yerləşmə xəritəsi və elektron məlumat bazası hazırlanmışdır.

Sonra elektron xəritə əsasında hazırlanmış məlumat bazası təqdim edilmişdir. Bildirilmişdir ki, monitorinq zamanı Bakı şəhərində 411 məktəbəqədər təhsil müəssisəsinin olduğu müəyyən edilmişdir. Onlardan 345-i dövlət, 54-ü özəl, 12-si isə müxtəlif müəssisə və təşkilatların tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələridir. Müəyyən edilmişdir ki, Bakı şəhəri üzrə mövcud dövlət məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmir olunmasına ehtiyac vardır. O cümlədən bu müəssisələrdən 11-i qəzalı və ya istismara tam yarasız vəziyyətdə olduğu üçün müvafiq dövlət qurumları tərəfindən fəaliyyəti dayandırılmışdır. Hazırda 33 uşaq bağçası təmir olunmaqdadır. Məlumat bazası Bakı şəhərindəki bütün məktəbəqədər təhsil müəssisələrini əhatə edir. İstifadə üçün müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarlara təqdim oluna bilər.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, son 10 ildə ayrılmış vəsait çərçivəsində tikilmiş 83 müasir qəsəbə və şəhərcikdə 28 min şagird yerlik 140 orta məktəb binası inşa olunub:

"Beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına isə 130 məktəb binasını təmir etmişik. Həmin qəsəbələrdə 50 müasir uşaq bağçası tikilib, 44 bağça isə təmir olunubdur. Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Siz həmin qəsəbələrin əksəriyyətinin açılışlarında iştirak etmisiniz, məktəblərin, bağçaların yüksək səviyyədə tikilməsinin və təminatının şahid olmusunuz.

Siz qeyd etdiniz, Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğala məruz qalıb, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Ovaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından bu insanların özləri hara gəldi, necə gəldi yerləşiblər. Yəni, qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün heç bir sistem, heç bir mexanizm, idarəçilik olmayıbdır. Onları mərkəzləşmiş qaydada yerləşdirə bilməyiblər. Bu insanlar harada boş yer görürdülərsə, orada da yerləşirdilər. O cümlədən, məktəb və bağçalarda da yerləşiblər. Məlumat üçün bildirirəm ki, ölkə üzrə 262 məktəbdə 2 min 800 ailə yerləşmişdir. Son 10 ildə Prezidentin tapşırığı ilə 1800 ailəni artıq məktəblərdən köçürmüşük. Mən xüsusi qeyd etmək istəyirəm ki, Mingəçevirdə, Bərdədə, Ağdamda - 2 rayon, 1 şəhərdə bütün məktəb və bağçalarda köçkünlər yaşayırdı. Artıq biz həmin rayonların və şəhərin bütün məktəblərini, bağçalarını boşaltmışıq. Bakı şəhərində 16 məktəbdə 55 ailə yerləşibdir. Hələlik onlardan 6-nı köçürmüşük. Ölkə üzrə 202 bağçada 3 min 260 ailə yerləşibdir. Prezidentin tapşırığı ilə son vaxtlar biz 540 ailəni artıq bağçalardan köçürmüşük. Bakı şəhərində 133 bağçada yerləşmişdilər. Artıq 50 bağçada yaşan məcburi köçkünləri yeni qəsəbələrə köçürmüşük. Hazırda bütün respublika üzrə məktəblərdə 1000 ailə, Bakıda isə 49 ailə qalıbdır. Bağçalarda bu gün bütün respublika üzrə 2 min 720 ailə yaşayır."

Təhsil naziri Mikayıl Cabbarov çıxışında diqqətə çatdırıb ki, hazirda respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz və dövlətimizin başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir, çoxsaylı dövlət proqramları həyata keçirilir: "Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir. Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin olmamasına baxmayaraq, son 10 ayda nazirlik ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının yaranmasını dəstəkləyən addımlar atmışdır. Belə ki, bu qruplarda məşğul olmuş uşaqların vaxtından əvvəl birinci sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul edilmişdir. Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, Mehriban xanım, sizin də vurğuladığınız kimi, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş qanuna əsasən, 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslər mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək və bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi daşıyır. İnfrastruktura gəldikdə, Mehriban xanım, siz çox geniş məlumat verdiniz, mən təkrarlamayacam və ona görə bu mənada Heydər Əliyev Fondunun respublikanın bütün yaşayış məntəqələrində kütləvi şəkildə yeni uşaq bağçalarının inşası sayəsində erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin kəskin artırılması barədə təşəbbüsü bu sahədə də köklü dəyişikliklərə səbəb olacağını deməyə əsas verir."

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov deyib ki, hazirda Bakı şəhərindəki 343 məktəbəqədər təhsil müəssisəsindən 301-i 2011-ci ilin dekabrında Təhsil Nazirliyinin tabeliyindən alınıb. 39 bağça isə 2012-ci ilin avqustunda Dövlət Neft Şirkətinin tabeliyindən alınıb. Başqa sözlə, bu gün 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36.977 uşaq təlim-tərbiyə alır. Bu günə qədər 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunmuş və təminat məsələsi yüksək səviyyədə həll edilib. Bu bağçalarda uşaqlar gündə 4 dəfə təzə ərzaq məhsullarından hazırlanmış yeməklə təmin edilirlər:

"Bu il 34 bağça tam təmir olunub istifadəyə veriləcəkdir. Bundan başqa, bu gün 166 qrupda uşaqların qəbulu tam azaddır. Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn həftənin axırına qədər həmin qruplar müəyyənləşəndən, yəni maliyyə yardımı alınandan sonra 2500-dək uşağı biz yenidən bağçalara qəbul edə biləcəyik. Lakın statistika məlumatına görə, bu gün 1 yaşından 5 yaşına qədər 157.349 uşaq bağça gözləyir. Başqa sözlə, 1 yaşından 5 yaşına qədər uşaqların yalnız 23 faizdən çoxu bağçalarda təhsil alır. Bir məsələni də diqqətinizə çatdırım ki, hazırda 48 özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisəmiz vardır. Onlardan yalnız 9-u fəaliyyət göstərir, qalanları isə boşdur. Sizə dərin minnətdarlığımı bildirirəm ki, özəlləşməyə açıq elan edilmiş 64 bağçanın özəlləşdirilməsi Sizin təşəbbüsünüzlə möhtərəm Prezidentimiz tərəfindən dayandırıldı. Bu bağçalarda artıq təmir işlərinə başlanılıb. Əgər bu bağçaların, həmçinin qaçqın və məcburi köçkünlərin yaşadıqları bağçaların hamısını təmir etsək, bizdə 402 bağça olacaqdır. Deməli, 1 yaşından 5 yaşına qədər uşaqların builki statistikasını nəzərə alsaq və əgər 6 qruplu bağçalar tiksək, bizim 1105 bağçaya ehtiyacımız vardır. Əgər 4 qruplu bağçalar tiksək, söhbət 1505 bağçadan gedəcək."

Təqdimata yekun vuran Mehriban Əliyeva deyib ki, Azərbaycanın sabahını, gələcəyini bu uşaqlar təmin edəcəklər: "Ona görə də bu gün bizim borcumuz ondan ibarətdir ki, bu uşaqlara gözəl tərbiyə, təhsil verək, onları vətənpərvər böyüdək. Onlar öz vətənlərinə bağlı olmalıdırlar, Azərbaycanın dəyərlərini, ənənələrini qoruyub saxlamalıdırlar. Eyni zamanda, onlar bütün dünyaya açıq olmalıdırlar. Çünki indi müasir dünya elədir ki, hər bir insan gərək çox yüksək səviyyədə təhsil alsın, müxtəlif insanlarla ünsiyyət qurmağı bacarsın, dünyaya açıq olsun, bir çox xarici dillərdə danışsın. Yəni, bizim istəyimiz ondan ibarətdir ki, gələcək nəsillər məhz belə şəraitdə böyüsünlər. Əlbəttə, bunu etmək üçün bir çox şərtlər lazımdır. Bu, asan deyildir. Biz müstəqil ölkə kimi çox gənc ölkəyik. Amma biz bu qısa zamanda böyük nailiyyətlər əldə etmişik. İnanıram ki, biz yaxın gələcəkdə təhsil sahəsində də dəyişiklikləri, böyük nailiyyətləri görəcəyik."

Digər xəbərlər