2014-cü il martın 17-də və 18 -də Prezident İlham Əliyev tərəfindən əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsini, həmçinin müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutan dörd Fərman və bir Sərəncam imzalanmışdır.
AzərTAc xəbər verir ki, bununla əlaqədar martın 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransı keçirmişdir. Əhaliyə, xüsusən sosial cəhətdən həssas qruplardan olan əlillərə, müharibə veteranlarına Azərbaycan Prezidenti tərəfindən diqqət və qayğının daim artmaqda olduğunu, bununla bağlı sistemli və ardıcıl tədbirlər görüldüyünü vurğulayan S. Müslümov martın 17-də dövlət başçısının imzaladığı Fərmanların bu istiqamətdə növbəti mühüm addım olduğunu bildirmişdir. Vurğulanmışdır ki, bu sənədlər hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxslərin, müharibə veteranlarının rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu daha təsdiqləyir və hər biri öz təyinatı üzrə mühüm sosial əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılmışdır ki, həmin sənədlərdən biri olan "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Fərmana əsasən, aprel ayının 1-dən etibarən ümumilikdə 14 min 620 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinə başlanacaqdır. Beləliklə, həmin insanların sosial müavinət olaraq hər ay aldıqları 67 manat məbləğində vəsaitə 60 manat məbləğində Prezident təqaüdü də əlavə olunacaqdır. Bu artımlara il ərzində 10,5 milyon manat xərclənəcəkdir.
S. Müslümov "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Prezidentinin 2014-cü il 17 mart tarixli Fərmanının ümumilikdə 11 min 821 nəfərə şamil olunacağını demişdir. Nazir vurğulamışdır ki, həmin Fərmana əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan Prezident təqaüdlərinin məbləği bu təbəqələrdən olan I qrup əlillər (871 nəfər) üçün 110 manatdan 150 manata, II qrup əlillər (8905 nəfər) üçün 85 manatdan 130 manata və III qrup əlillər (2045 nəfər) üçün 60 manatdan 100 manata çatdırılır. Bu artımların təmin olunmasına dövlət büdcəsindən bir il üçün 6,2 milyon manat vəsait yönəldiləcəkdir.
"Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli Fərmanından söz açan S. Müslümov əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində kompensasiyanın bu Fərmana əsasən, cari il aprelin əvvəlindən 45 manata çatdırılacağını qeyd etmişdir. Sənədin ümumilikdə 53 min 545 nəfərə şamil olunacağını deyən nazir onlardan 50 min 77 nəfərinin ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adı almış şəxslər olduğunu, bu artımlara bir il ərzində 5,2 milyon manat yönəldiləcəyini bildirmişdir.
S. Müslümov diqqətə çatdırmışdır ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Prezidentinin 2014-cü il 18 mart tarixli Sərəncamına əsasən bu qəbildən olan vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir. Sərəncamın şamil olunacağı 600-ə yaxın tələbənin təhsil haqqının ödənməsi üçün ildə təxminən 1,2 milyon manat vəsait sərf ediləcəkdir.
Nazir vurğulamışdır ki, haqqında söhbət açılan sənədlər ölkə üzrə ümumilikdə 80 min nəfərdən artıq insanı əhatə edəcək və həmin əhali kontingentinin rifahında müsbət dəyişikliklər yaradacaqdır.
S.Müslümov Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təminatının da dövlət başçısının diqqətində olduğunu bildirərək məlumat vermişdir ki, bununla əlaqədar şəhər yerlərində müxtəlif şirkətlər tərəfindən inşa olunan yaşayış binalarından bu təbəqələrdən olan və mənzil növbəsində dayanan şəxslər üçün mənzillərin alınması, kənd rayonlarında isə fərdi evlərin inşa etdirilməsi imkanları hazırda hərtərəfli araşdırılır və nəticələr yaxın vaxtlarda Prezidentə təqdim olunacaqdır. Tədbirdə çıxış edən Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev əlil və şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına Prezident tərəfindən göstərilən diqqət və qayğıdan razılıqla söz açaraq, yeni imzalanan sənədləri yüksək qiymətləndirmişlər. Mətbuat konfransında S.Müslümov jurnalistlərin suallarını da cavablandırmışdır.