PDF Oxu

Əsas

  • 1 148

Böyük Britaniyanın “Open Central Asia” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc edilib

Böyük Britaniyanın “Open Central Asia” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc edilib

Böyük Britaniyanın "Open Central Asia" jurnalının mart nömrəsində Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun ötən ilin dekabrında Bakıda imzalanmış "Şahdəniz-2" üzrə yekun investisiya qərarının və "Cənub" qaz dəhlizinin əhəmiyyətindən bəhs edən məqaləsi dərc olunmuşdur. Səfir "Şahdəniz-2" ilə bağlı yekun qərarın "Cənub" dəhlizinin formalaşması istiqamətində mühüm addımlardan biri olduğunu vurğulayır, layihənin ümumi göstəriciləri haqqında məlumat verir. O, tikintinin gedişi müddətində kəmərin keçəcəyi ölkələrdə 30 min yeni iş yerinin yaradılacağını, TAP və TANAP kəmərlərinin işə salınacağını qeyd edir.

Layihənin həyata keçirilməsi ilə Azərbaycan təbii qazının Avropanın enerji bazarına çatdırılması imkanı yaranacağını diqqətə çatdıran müəllif qeyd edir ki, bu, qlobal enerji sektorunda reallaşdırılan ən mürəkkəb layihə xarakterini daşıyır. Bu layihə çərçivəsində Azərbaycan iqtisadiyyatına indiyədək qoyulmuş ən böyük sərmayə yatırılacaqdır.

Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində möhkəm əlaqələrin olduğunu bildirən F.Qurbanov bu layihənin iki ölkənin əməkdaşlığında yeni səhifə açacağını diqqətə çatdırır. Bildirir ki, başda bp olmaqla Böyük Britaniyanın bir sıra şirkətləri layihənin həyata keçirilməsində fəal iştirak etməklə mənfəət əldə edəcəklər. Layihə boyu yerləşən ölkələr ümumi iqtisadi maraqlar ətrafında birləşməklə regional rifah və sabitliyə töhfələrini verəcəklər.

Müəllif Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyqin ötən ilin dekabrında "Şahdəniz-2" layihəsi ilə bağlı yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək məqsədilə Bakıya səfər etdiyini xatırladır və bu səfərin Birləşmiş Krallığın layihəyə və ölkəmiz ilə əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi olduğunu qeyd edir. Səfər zamanı Bakıda keçirilən yüksək səviyyəli görüşlərin ölkələrimiz arasındakı möhkəm əməkdaşlığın daha da genişləndirilməsi üçün atılmış mühüm addım olduğu vurğulanır.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:

http://www.ocamagazine.com/azerbaijan-heralds-new-energy-route-to-europe#more-6794

Orxan İsmayılov

AzərTAc-ın xüsusi müxbiri

London

Digər xəbərlər