PDF Oxu

Əsas

  • 1 060

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edildi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açıq elan edən spiker Oqtay Əsədov gündəliyi elan edərək cari məsələlərə yer verdi. Qeyd edək ki, iclasın gündəliyində 17 məsələ, o cümlədən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı daxildir.

İlk öncə Milli Məclisin İntizam Komitəsinin deputat Etibar Hüseynovun məsələsi ilə bağlı fikirlər səsləndi.

Oqtay Əsədov: "Etibar Hüseynov, sizə tövsiyəm odur ki, mətbuata az danışasınız"

Deputat Etibar Hüseynovun son günlər qaçqın və məcburi köçkünlər barədə təhqiredici ifadələr işlətməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərək, onun haqqında yayılan bu xəbərlərin heç bir əsası olmadığını bildiridi. Deputat bütün bunlara baxmayaraq, adından yayılan xəbərlərə görə qaçqın və köçkünlərdən, o cümlədən qarabağlılardan üzr istədi: "Bütün hallarda mənim adımdan bu insanlar mənən incidilibsə, təhqir olunubsa, mən yenə də heç nəyə baxmayaraq, onlardan üzr istəyirəm. Üzr istəmək böyüklük əlamətidir".

E.Hüseynovun çıxışına münasibət bildirən MM sədri Oqtay Əsədov qeyd etdi ki, aprelin 3-də axşam İntizam Komitəsində onun da iştirakı ilə E.Hüseynovun məsələsinə baxılıb: "Biz onunla çox sərt söhbət etdik, lazım olan işi apardıq. Ona görə də Etibar Hüseynov, sizə tövsiyəm odur ki, ümumiyyətlə, mətbuata az danışasınız. Deyirsiniz az danışıram, danışmırsınız belə skandal yaranır, görün çox danışsanız nə olar".

Siyavuş Novruzov: "Krıma ara qarışdırmağa gedənlər İsmayıllıya gedənlərdir"

Milli Məclisin iclasında YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Ukrayna, xüsusilə Krım ətrafında baş verən hadisələrlə bağlı mövqeyini açıqlayıb: "Partiyanın və Onun Sədrinin Ukrayna ilə bağlı mövqeyi tam aydın ifadə olunub. Hətta hakim partiyanın Sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Ancaq təəssüf ki, başqa partiyalar burada dəstək göstərmək əvəzinə, bir qrupu Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır. Digər qrupu Rusiyanın həmsədrlikdən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə isə Krıma ara qarışdırmağa gedir. Sonradan isə sual olunur ki, İsmayıllı hadisələri niyə baş verdi? Qeyd etməliyəm ki, Krıma gedənlər elə İsmayıllıya da gedirdilər. Hadisələrin nəticəsini gözləmədən azərbaycanlılara qarşı qıcıq yaratmağa ehtiyac yoxdur. Əgər siyasi partiyalar belə bir dəstək vermək istəyirlərsə, o zaman buyursunlar hər biri öz bəyanatı ilə çıxış etsin".

S.Novruzov, həmçinin deyib ki, bu ilki bələdiyyə seçkiləri ilə bağlı qəbul edilən qanun layihələri ən yüksək standartlara uyğundur: "Bələdiyyələrlə bağlı Milli Məclisdə 40-a yaxın qanun qəbul edilib və bələdiyyələrə kifayət qədər status verilib. Bələdiyyələrin ixtiyarında kifayət qədər bələdiyyə mülkiyyəti mövcuddur. Lakin onlar həmin mülkiyyətlərdən səmərəli istifadə etməlidirlər. Daha ordan gələn gəlirləri öz aralarında bölüşdürməli deyillər. Digər istehsal sahələri yaratmaq, məktəblər açmaq lazımdır. Təəssüf ki, gəlirlər bələdiyyə üzvləri arasında əmək haqqı şəklində bölüşdürülür. Bu da təbii ki, düzgün deyil".

Vilayət Eyvazov: " Ötən il Azərbaycanda 80 insan

alveri və 4 məcburi əmək faktı aşkarlanıb"

Sonra gündəlikdə olan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat dinlənildi. Daxili işlər nazirinin birinci müavini, Milli Koordinator general-leytenant Vilayət Eyvazov təqdim edib: "Dünya birliyini davamlı səylərinə baxmayaraq, insan alveri bu gün də bütün ölkələr üçün əsas problemlərdən biri olaraq qalır. Ötən 10 il ərzində insan alverinə qarşı mübarizədə Azərbaycanda da müsbət nəticə əldə olunub. Bu nəticənin əldə olunmasında Prezident İlham Əliyevin Sərəncam və qərarları böyük əhəmiyyət daşıyır. Bu müddətdə Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşulub. Ötən müddət ərzində insan alverindən əziyyət çəkən şəxslərə edilən yardım 400 manata çatıb".

Milli Koordinator daha sonra əlavə edərək vurğuladı ki, ötən il Azərbaycanda 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb: "Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il 80 insan alveri və 4 cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə alınıb, insan alveri qurbanı olan 56 şəxs müəyyən edilib. Qurbanlardan 37 nəfəri sığınacaqlarda yerləşdirilib. Azərbaycanda son 10 il ərzində insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilib. Ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 17 nəfər (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışı elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunmuş 56 qurbandan (41-i qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb. Qurbanlardan 37-si sığınacağa yerləşdirilib və hər birinə zəruri yardımlar edilib. O cümlədən 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinət verilib, 13-nə Kömək Fondu maddi yardım ayırıb. Həyata keçirilən profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıdıb, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılıb. Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı uşaq "Azərbaycan Uşaqlar Birliyi" İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarında istiqamətləndirilib. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib. İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib".

V.Eyvzaov bildirdi ki, insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan və sair məsələlər ilə əlaqədar "Qaynar Xətt" telefon xidmətinə daxil olan 14 minə yaxın müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilmiş qaydada zəruri ölçülər götürülüb. Bu müddət ərzində hüquq-mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı aşkarlanaraq 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilib. Ötən il icrası başa çatan ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə insan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-in imkanlarından istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında ümumilikdə 274 mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş həm də respublikanın 78 məktəbini, liseyini, kollec və uşaq evlərini əhatə edib. İkinci Fəaliyyət Planının icrası dövründə qeydə alınan 400 insan alveri və məcburi əmək cinayəti üzrə 176 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilən 263 qurbandan 173-ü təhlükəsiz sığınacağa yerləşdirilib. Reinteqrasiya dövründə 232 qurbana birdəfəlik müavinət, 133 nəfərə Kömək Fondundan yardımlar verilib. Həmçinin 48 nəfər işlə təmin edilib, 90 nəfər peşə kurslarına cəlb olunub, bir çoxları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərinə istiqamətləndirilib. Səhiyyə Nazirliyi tərəfindən 155 insan alveri qurbanına və 579 potensial qurbana tibbi yardımlar göstərilib və bu məqsədlər üçün ayrılan 5 tibb müəssisəsi zəruri avadanlıqlarla təchiz edilib".

Məruzə ətrafında müzakirələrdən sonra illik hesabat millət vəkillərinin səs çoxluğu ilə qəbul olundu. Həmçinin, Milli Məclis bir sıra qanunlara texniki dəyişikliklər də etdi. Bunlar "Texniki təhlükəsizlik haqqında", "İcbari sığortalar haqqında", "Nəqliyyat haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Dəniz limanları haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "İctimai iştirakçılıq haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Gömrük tarifi haqqında" qanun layihələridir.

Qanunlara edilən dəyişikliklər birdəfəyə səsə qoyularaq qəbul olundu.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər