PDF Oxu

Əsas

  • 943

Bəzi dini cərəyanların tolerantlıq faktorundan sui-istifadələri nəticəsiz qalacaq

Bəzi dini cərəyanların tolerantlıq faktorundan sui-istifadələri nəticəsiz qalacaq

Əli Həsənov: "Azərbaycan cəmiyyəti bilməlidir ki, belə cəhdlər vardır və bu cür halların qarşısı dövlət tərəfindən alınır və alınacaqdır"

Azərbaycanda mövcud olan dini tolerantlıq faktoru, eləcə də bu müstəvidə fəaliyyət göstərən çoxsaylı dini cərəyanlar, konfessiyalar digər ölkələrdən fərqli olaraq, burada daha rahat şəkildə dini ayinlərini, müəyyən dini rituallarını icra edirlər. Söz yox ki, ölkə qanunvericiliyimizdə dinin dövlətdən ayrı olmasına rəğmən, dövlət bu istiqamətdə bütün demokratik prinsipləri qoruyur, dindarlara geniş spektorda şərait yaradılır. Məhz bunun nəticəsidir ki, istər regionda, istərsə də dünya birliyində Azərbaycan sözügedən məsələdə həmişə ən müsbət mənada seçilmiş dövlətlərdən olub, bu gün də olmaqdadır.

Lakin bir daha təəssüflə qeyd olunmalıdır ki, ölkəmizin ən münbit geoməkanda yerləşməsi, iqtisadiyyat, sənaye və digər sahələrin davamlı inkişafı bir sıra siyasi dairələrin buraya olan maraqlarını artırır. Və söz yox ki, bu ətrafda bəzi radikal dini cərəyanlardan da (vəhhabilik, nurçuluq, xəvariclik, xristian dininə aid olan missioner təşkilatları və s.) istifadə olunur. Ancaq bütün cəhdlərə rəğmən, belə qüvvələrin addımları yarı yolda qalır. Çünki Azərbaycan dövlətinin gücü və nüfuzu bu kimi çirkin niyyətlərin qarşısını vaxtında, zamanında ala bilir.

"Bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri- ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var"

Məhz bu və bu kimi bənzər məsələlərə toxunan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da jurnalistlərə müsahibəsində vurğulayıb ki, ölkədəki dini cərəyanların fəaliyyətinə toxunub. Əli Həsənovun sözlərinə görə, Azərbaycanda təkcə nurçuluq, vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də var və onlar fəaliyyətlərini gücləndirməyə cəhd göstərirlər: "Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, postsovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur. Bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri-ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var. Dini müdaxilə, missionerlik, insanları məzhəblərə ayırmaq yolu ilə nifaq salmaq istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımi işləri aparırlar".

"Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanun qarşısında məsuliyyət doğurur və əlbəttə ki, belə halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür"

Yuxarıda da qeyd etdiyimiz kimi, sözügedən amillər heç vaxt bu istiqamətdə hərəkətə keçməyə imkan tapa bilməyiblər. Belə ki, Azərbaycanda mövcud olan qanunlar və bu qanunların icrası həmin dairələrin qarşısına keçilməz sədlər çəkir. Prezident Administrasiyasının rəsmisi də onu vurğulayıb ki, belə qüvvələr əsla Azərbaycanda öz maraqlarını təmin edə bilməzlər. Bunların Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb etmədiyini söyləyən Əli Həsənovun fikrincə, əgər həmin cərəyanlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanun keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar: "Amma bütövlükdə Azərbaycan cəmiyyəti bilməlidir ki, belə cəhdlər vardır və bu cür halların qarşısı dövlət tərəfindən alınır və alınacaqdır. Təəssüflər olsun ki, bəzi dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanun qarşısında məsuliyyət doğurur və əlbəttə ki, belə halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".

Göründüyü kimi, Azərbaycanda mövcud olan güclü tolerantlıq siyasətinə bəzi radikal dini cərəyanlar tərəfindən xələl vurulmağa cəhdlər göstərilsə də, onların bu maraqları elə maraq olaraq da qalmaqdadır. Çünki Azərbaycan dövlətinin və dövlətçiliyinin gücü hər zaman belə qüvvələrin qarşısını qətiyyətlə alıb.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər