PDF Oxu

Əsas

  • 835

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçdi

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçdi

Mayın 6-da Vyanada Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyası keçirilib. Avstriyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Sebastian Kurtsun sədrliyi ilə keçən sessiyada müzakirə olunan əsas mövzulardan biri Ukraynadakı mövcud vəziyyət, tərəflər arasında dialoq mühitinin yaradılması və problemin aradan qaldırılması yolları olmuşdur. Sessiyada, həmçinin Avropanın qonşuluğunda yerləşən regionlarla bağlı siyasəti, Avropa İnsan Haqları Konvensiyası sisteminin təsirliliyinin davamlılığının təmin edilməsi məsələləri diqqət mərkəzində olmuşdur.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland sessiyada Avropada insan haqları, qanunun aliliyi və demokratiyanın vəziyyətinə dair hesabatla çıxış etmişdir. Sessiyanın sonunda Avstriyanın xarici işlər naziri Sebastian Kurts ölkəsinin ötən altı ayda təşkilata sədrliyi dövründə fəaliyyətinə dair icmal xarakterli çıxış etmiş və təşkilatın Nazirlər Komitəsinə sədrliyin rəmzi açarını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim etmişdir. Sədrliyi qəbul edən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov çıxış edərək ölkəmizin sədrlik dövrü üçün prioritet istiqamətləri barədə danışmışdır. Nazir deyib: "Baş katibin "Avropada insan hüquqlarının vəziyyəti, qanunun aliliyi və demokratiya" üzrə hesabatı hazırkı vəziyyətin ümumi qiymətləndirilməsi və bizim dəstəklədiyimiz yanaşmanı özündə əks etdirir və nöqsanların aradan qaldırılması üçün mümkün vasitələri təklif edir. Buna baxmayaraq çox diqqətlə nəzərdən keçirilməli hesab etdiyimiz vacib bir məsələni vurğulamağı özümə borc bilirəm: hesabat Avropa Şurasının həll olunmamış münaqişə zonalarında nəzarət mexanizmlərinin həmin ərazilərə edilən səfərlərdən sonra hesabatvermə prosedurları vasitəsilə gücləndirilməsinin zəruriliyini vurğulayır. Biz bütün Avropada insan hüquqları standartlarının tam şəkildə tətbiqinin təmin olunmasının əhəmiyyətini və münaqişə zonalarında məskunlaşmış əhalinin müdafiəsinin zəruriliyini anlayırıq. Lakin bu müddəa müvafiq üzv ölkələrin ərazi bütövlüyünə zidd olaraq asanlıqla sui-istifadə və manipulyasiya edilə bilən bir vəziyyətə gətirib çıxara bilər. Məhz bu səbəbdən biz mürəkkəb həll prosesini daha da çətinləşdirə biləcək bu kimi həssas məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq".

E.Məmmədyarov demişdir: "Azərbaycan növbəti 6 ay ərzində Nazirlər Komitəsinə sədrlik etmək hüququna malik olacaqdır. Sədrliyimiz müddətində, yarandığı ildən bəri Avropa Şurası məqsədlərinin gələcəkdə inkişaf etdirilməsində əlimizdən gələn səyləri əsirgəməyəcəyik". Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddəti rəsmi olaraq mayın 14-də başlayacaq və noyabr ayında əlifba sırasına uyğun olaraq sədrlik Belçikaya keçəcək.

Digər xəbərlər