İtaliyanın "TM news" xəbər agentliyinin saytında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı yazı yerləşdirilib. Yazıda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşviliyə istinadla qeyd olunur ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2015-ci ilin sonunadək istifadəyə veriləcəkdir. İnşaat işlərinin böyük bir qismi artıq başa çatmışdır. Tbilisidə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammiti barədə məlumat verilən yazıda Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvanın fikirlərinə də yer verilmişdir. Onun sözlərinə görə, Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakçısı olduğu bu layihənin reallaşması Qafqaz regionunun iqtisadiyyatına mühüm töhfə verəcəkdir. Layihə haqqında geniş məlumat verən müəllif oxucuların diqqətinə çatdırır ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2007-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əldə olunmuş razılaşmaya əsasən reallaşdırılır. Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar: http://www.tmnews.it/web/sezioni/nuovaeuropa/PN_20140507_00229_NE.shtml
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma