Dünən Bakıda Azərbaycan Mətbuat Şurası və Multimedia Mərkəzinin təşkilatçılığı "Yeni Media və Yeni çağırışlar" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan MŞ-in sədri Əflatun Amaşov bildirib ki, artıq internet media ictimai-siyasi həyata, o cümlədən insanların həyatına yüksək sürətlə daxil olub: "Azərbaycanda 1.300.000 Facebook istifadəçisi, 30 min blogger var. O cümlədən ölkədə 50 internet televiziya və radio fəaliyyət göstərir ki, onların da ümumilikdə 250.000 auditoriyası mövcuddur". Ə. Amaşov əlavə edib ki, İKT üzrə milli strategiya sahəsində nəzərdə tutulan işlər uğurla davam etdirilir.
Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bu gün dünyada gedən qloballaşmanın həm də internet mediasının inkişafına yönələn bir proses olduğunu söyləyib: "Bu gün əhalinin 70 faizinin internetə çıxışı mövcuddur və ölkədə internet istifadəçilərinin sayı 2 milyonu ötüb". Daha sonra Rabitə və Yüksək Texnologiyalar nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev, AİF prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz və digər şəxslər çıxış ediblər. Qeyd edək ki, konfrans "İnternet mediasının inkişaf tendensiyası və perspektivləri", "Sosial mediadan informasiya əldə edilməsi və və informasiyaların yayılmasında effektiv istifadə imkanları"ndan ibarət panellərlə davam edib.