PDF Oxu

Əsas

  • 921

Azərbaycan - NATO əlaqələri yeni mərhələdə

Azərbaycan - NATO əlaqələri yeni mərhələdə

Bakıda keçirilən NATO-nun tədbirində erməni deputatlarının moderatora yalvarmaları Azərbaycanın hərbi-siyasi gücündən xəbər verir

Güclü iqtisadiyyata, qüdrətli orduya, çevik xarici siyasətə malik olan istənilən dövlət gec və ya tez dünya arenasında söz sahibi olur. Regionda və beynəlxalq aləmdə özünəməxsus yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycan Respublikası da 1993-cü ilin iyunundan başlayaraq iqtisadiyyatın inkişafı, ordunun formalaşması, xarici əlaqələrin ölkəmizin milli maraqlarını təmin edəcək şəkildə möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Nəticədə, bu gün ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş, BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumda, həm də Şərqi Avropa ölkələrini təmsil etmək kimi böyük tarixi nailiyyət qazanmışdır.

Bu gün birmənalı şəkildə deyə bilərik ki, regionda maraqları olan istənilən dövlət və ya beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürür. Bu baxımdan Bakıda keçirilən NATO-nun tədbirində səsləndirilən fikirlər bir daha bunu təsdiq edir.

Dennis Sammut: "İqtisadi qüdrəti olan Azərbaycanın yeganə problemi Dağlıq Qarabağdır"

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında "Cənubi Qafqaz: Dəyişən regional və beynəlxalq təhlükəsizlik çağırışları" mövzusunda çıxış edən Böyük Britaniyanın LİNKS təşkilatının direktoru Dennis Sammut qeyd edib ki, "Dağlıq Qarabağ münaqişəsi artıq 20 ildən çoxdur ki, davam edir, atəşkəs rejimi tez-tez pozulur. Çoxlarına ATƏT-in Minsk Qrupunun işi mənasız qapalı dairə kimi görünür. Həqiqətən də biz bir nəticə görmürük."

Onun fikrincə, dünya ictimaiyyəti bu münaqişənin həllinə ciddi diqqət yetirməlidir: "Danışıqlar prosesi dəstəklənməlidir. Elə etmək lazımdır ki, dövlət başçılarının növbəti görüşü bu münaqişənin həlli istiqamətində atılmış ciddi addım olsun. Eyni şeylər Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə də aiddi. Bu münasibətlər normallaşmalıdır".

Seminarda çıxış edən Ermənistan parlamentinin üzvü Korun Nahapetyan bildirib ki, Ermənistan Cənubi Qafqazda sabitlikdə maraqlıdır: "Ermənistan bütün səyləri göstərir və göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə, Minsk Qrupu çərçivəsində həll olunsun". Lakin erməni deputatının fikrincə, danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı qüvvələri də cəlb olunmalıdır.

Siyavuş Novruzov: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir və o, tərəf kimi tanına bilməz"

Erməni deputatın fikirlərinə dərhal reaksiya verən YAP İcra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov bildirib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və o, tərəf kimi tanına bilməz: "Dağlıq Qarabağla yanaşı ətrafdakı daha 7 rayon da Ermənistan və digər ölkələrin köməyi ilə işğal olunub. Beynəlxalq sənədlərdə münaqişə ilə bağlı tərəf kimi Dağlıq Qarabağın yox, Ermənistanın adı gedir". S.Novruzov onu da vurğulayıb ki, erməni xalqı öz müqəddəratını təyin edib və öz dövləti var: "Əgər ermənilər yaşadığı hər yerdə öz müqəddəratlarını təyin etsələr, onda dünyada 30-dan artıq erməni dövləti yaradılmalıdır. ABŞ-ın Kaliforniya ştatında Dağlıq Qarabağdakından 3 dəfə çox erməni yaşayır. İndi Kaliforniyada erməni dövləti yaradılmalıdır?"

Millət vəkili, həmçinin bildirib ki, dünya Ukraynanın ərazi bütövlüyünü prinsip kimi irəli çəkib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləməlidir.

LİNKS təşkilatının direktoru Dennis Sammut müzakirəyə yenidən qoşularaq bildirib ki, hazırda Azərbaycan və Ermənistan texniki cəhətdən müharibə şəraitində olduğundan ilk növbədə onun təcili sona çatdırılması haqda düşünülməlidir: "Gələcək Qarabağ müharibəsi barəsində düşünənlər bilsinlər ki, burada bütün müasir texnologiyalardan istifadə ediləcək. Ona görə də bunun nəticələrini göz önünə alaraq ehtiyatlı olmalıyıq". Ermənilərin Dağlıq Qarabağda öz müqəddəratını təyin etmələrinə gəlincə, D.Sammutun fikrincə, bu məsələdə balans yaradılmalıdır: "Biz dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləri arasında balans yaratmalıyıq".

Koryun Naqapetyan:

"Ermənistanın müharibəyə

nə arzusu, nə də gücü var"

Seminarda iştirak edən Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan Azərbaycan nümayəndə heyətindən xahiş edib ki, bütün hallarda erməniləri işğalçı adlandırmasınlar: "Mən acizanə sürətdə xahiş edirəm. Biz bura gəlmişik ki, daha müharibə olmasın. Müharibə istəmirik. Ermənistanın müharibəyə nə arzusu, nə də gücü var".

Erməni deputat Azərbaycanla bütün hallarda dil tapmağın tərəfdarı olduğunu söyləyib. Digər erməni deputat Tevan Poqosyan seminarın aparıcısı Oyars Eriks Kalninsa yaxınlaşıb və söhbət etməyə başlayıb. Söhbət bitdikdən sonra O.E.Kalnins bildirib ki, Ermənistan nümayəndə heyəti şəxsən özlərinin Azərbaycana qarşı heç bir iradlarının olmadığını, onların işğalçı kimi dəyərləndirilməməsini və mövqelərinin Azərbaycana qarşı ittiham dolu mövqe kimi qəbul olunmamasını xahiş edirlər: "Onlar bunun üçün bəyanat verməyə hazır olduqlarını da bildirirlər."

Bundan dərhal sonra söhbətə müdaxilə edən Ermənistan parlamentinin digər üzvü Tevan Poqosyan deyib ki, dialoq və fikirləri açıq şəkildə ifadə etməklə bir gün inamın və etibarın yaranmasına nail olmaq olar. Onun fikrincə, Dağlıq Qarabağ separatçıları danışıqlarda tərəf kimi qəbul edilməlidir.

Ziyafət Əsgərov: "Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın"

Seminarda moderator olan Azərbaycan parlamentinin vitse-spikeri, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin 1-cü müavini Ziyafət Əsgərov isə ermənilərə müraciət edərək onlara qəbul olunmuş qətnamələri oxumağı məsləhət görüb: "Ermənistan nümayəndə heyətinin üzvü bildirir ki, qətnamələri oxumaq lazımdır. O qətnamələr mənim əlimin altındadır. Orada yazılıb ki, Ermənistan ilkin şərt olmadan Azərbaycan ərazilərini tərk etməlidir. Bunu sizin prezidentiniz də etiraf edir ki, Ermənistan Dağlıq Qarabağa silahlı müdaxilə edib. İndi siz prezidentinizdən qabağa getmisiz?"

Vvitse-spiker BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin mətnlərində Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini dərhal tərk etmələri barədə müddəalarını oxuyub: "Bəs sizə nə lazımdır? Sizə erməni xalq mahnısı lazımdır? Bu, BMT-nin sənədidir". Vitse-spiker deyib ki, seminar zamanı həqiqətəuyğun olmayan məlumatlar səsləndirərək Azərbaycanı təxribata sürükləmək istəyən və Azərbaycanın hərbi büdcəsinin artmasından narahat olan Ermənistan nümayəndə heyətidir: "Ermənistan nümayəndə heyəti seminarda dünəndən bəri təxribatla məşğul olur, Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycanın əleyhinə danışırlar. Orduda islahatların aparılması çox önəmli bir məsələdir. Ümumi daxili məhsulumuz artırsa, hərbi büdcəmiz, təhsil, səhiyyə büdcəmiz də artır".

Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu əsas gətirən Z.Əsgərov bu ölkənin NATO PA sıralarından xaric olunmasını təklif edib: "Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın". Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən çıxarılmış yüz minlərlə insanın 20 ildir yurd-yuvasız qaldığını deyən Z.Əsgərov vurğulayıb ki, Azərbaycan hərbi sahədə islahatlarını da, ordunun silahlanmasını da davam etdirəcək.

Z.Əsgərov deyib ki, seminarda iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır. Vitse-spiker Poqosyanın Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməsinə cavab verərkən isə erməni deputatı tarixi saxtalaşdırmamağa çağırıb: "Sən iki gündür burada Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsən. Məgər bilmirsiniz ki, bu hadisəni sovet "KQB"-si və sizin Qriqoriyan edib?! Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Amma sənin atan Qarabağda azərbaycanlılara qarşı qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar var. Hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən".

Beləliklə, Bakıda NATO-nun keçirilən seminarında ermənilər bir daha öz çirkin niyyətlərinə nail ola bilmədilər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər