PDF Oxu

Əsas

  • 1 220

Azərbaycanda Olimpiya hərəkatı yüksək səviyyədədir

Azərbaycanda Olimpiya hərəkatı yüksək səviyyədədir

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə "Olympic Excellence"xüsusi fəxri mükafatı ilə təltif edilib

Azərbaycanda Olimpiya hərəkatı məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dirçəlməyə başladı. Ölkəmizdə idmanın inkişafı, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Bu gün öz inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycanın dünyada aparıcı idman ölkələrindən biri kimi tanınması dövlətin idmana göstərdiyi qayğıdır. Əsası Ulu Öndər tərəfindən qoyulan idman siyasəti Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bu siyasətin nəticəsidir ki, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk dəfə olaraq Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edildi. Bu qərarın qəbulu Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsi kimi səsləndi.

Bu qərar ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu qərar Azərbaycanın inkişafına, sabitliyə verilən qiymətdir. Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarını Bakıda keçirməsini Azərbaycanın bu gün dünyada böyük hörmətə malik olması ilə əlaqələndirmişdir:"Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır". Bu onu göstərir ki, Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, ölkəmizin beynəlxalq imici yüksəlir. Bütün bunlar Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin göstəricisidir. Azərbaycan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyib.

Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsində iqtisadi nailiyyətlərimiz də əsas amillərdəndir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilib. Ölkəmizdə və Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirilir. Bakı dünyanın ən gözəl şəhərlərinin siyahısına daxil edilib. Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Dünya standartlarına cavab verən beş ulduzlu otellər istifadəyə edilib. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bütün bunlarla yanaşı, beynəlxalq yarışlarda idmançılarımızın qələbəsi Azərbaycanı dünyada idman dövləti kimi tanıdan amillərdir.

Azərbaycan bütün mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyi kimi bu oyunları da yüksək səviyyədə keçirəcək. Oyunların keçirilməsinə artıq bir il qalır. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsindən yararlandığından hər işin yüksək səviyydə təşkilinə şübhə yaranmır. Avropa Oyunlarının Təşkilat Komitəsinin Sədri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dediyi kimi əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik: "Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur". Azərbaycanda böyük potensial mövcuddur. Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komanda fəaliyyət göstərir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin dediyi kimi, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaradır.

Bəli, bu gün Azərbaycan Bakıda təşkil olunacaq Birinci Avropa Oyunları ərəfəsindədir. Bütün dünyanın nəzəri Azərbaycana yönəlib. Bu vaxta qədər tarixdə hələ belə tədbir keçirilməyib. "Biz çalışmalıyıq ki, bu oyunlar ən yüksək səviyyədə hazırlansın və ən yüksək səviyyədə keçirilsin" - deyən Mehriban xanım Əliyeva bu oyunların Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanması kimi xarakterizə edib:"Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir".

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı ilə təltifi də elə onun Olimpiya hərəkatının inkişafına, Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görədir. Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos gələn il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladıb və bununla əlaqədar yaradılmış Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədrlik etdiyini söyləyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya Oyunlarında qazandıqları uğurları qeyd edib. Etiraf edək ki, Azərbaycanın uğurları beynəlxalq yarışlarda əldə etdiyi medallarla ölçülür. Xatırladaq ki, idmançılarımız Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmış, on medal əldə etmişdir. Dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülüb.

Bu gün birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, Azərbaycana göstərilən böyük inamdır. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxacaq və dünyaya görəcək ki, müstəqil, dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər