Əli Əhmədov: "Aksiya bir daha Azərbaycan xalqının qətiyyətini, iradəsini dünyaya nümayiş etdirdi"
Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Milli Qurtuluş Günü münasibəti ilə iyunun 7-dən 21-dək Bakı-Zaqreb-Bakı marşrutu üzrə "Harley Devidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə "Azərbaycanı Avropada tanıdaq!" devizi altında motoyürüşün üzvləri ilə görüşüb. Görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev və media nümayəndələri iştirak ediblər.
Əli Əhmədov motoyürüşün əhəmiyyətini yüksək qiymətləndirərək bildirdi ki, yürüş zamanı çətinliklərə tab gətirmək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə dərin hörmətdən irəli gəlir: "Yürüşə çıxmazdan əvvəl siz bilirdiniz ki, çətinliklərlə rastlaşacaqsınız, ancaq Ümummilli Lider Heydər Əliyevin xatirəsinə dərin ehtiram və Azərbaycanı Avropada daha yaxşı tanıtmaq üçün bu çətinliklərə sinə gərmək lazımdır. Biz bunu yüksək qiymətləndiririk. Bu aksiya gənclərə bir nümunədir".
Motoyürüşə rəhbərlik edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev öncə qəbula görə YAP rəhbərliyinə, İcra Katibliyinə təşəkkürünü bildirdi. Aksiya barədə məlumat verən V.Mustafayev vurğuladı ki, iyun ayının 7-də "Harley Devidson HOG Baku" təşkilatında belə qərara alındı ki, biz mütləq şəkildə Qurtuluş Gününü dünyaya çatdırmaq üçün hansısa addımı atmalıyıq: "Harley Devidson" bir çox ölkə vətəndaşlarını birləşdirir. Biz Qurtuluş Günü münasibətilə 8 ölkədə Ulu Öndər Heydər Əliyevə həsr edilmiş guşələri ziyarət etdik. Eyni zamanda yürüş dövründə Heydər Əliyev Fondu tərəfindən hazırlanan kitabları, broşürləri götürmüşdük. Məqsədimiz Azərbaycanı tanıtmaq idi". V.Mustafayev qeyd etdi ki, yürüş zamanı Avropanın bir neçə ölkəsində gənclərlə görüş keçirmiş, onlara Azərbaycanın Qurtuluşdan bu günə keçdiyi inkişaf yolu, Xocalı faciəsi haqqında məlumat verilmişdir: "Bu reallıq hər birimiz üçün maraqlı və qürurverici oldu ki, Azərbaycanı Avropada hər kəs tanıyır. Amma bu baxışa öz töhfəmizi verməyə çalışdıq. Əlimizdə olan vəsaitlər, kitablar bu işdə bizə böyük yardımçı oldular".
V.Mustafayev, həmçinin bildirdi ki, yürüş iyun ayının 15-də Belqradda Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda başa çatıb. Yürüşlə bağlı xoş təəssüratlarını bölüşən iştirakçılar bildirdilər ki, Azərbaycan vətəndaşı olaraq ölkə həqiqətlərinin dünyaya təqdimatına verdikləri töhfədən qürur duyurlar.
Sonda Baş nazirin müavini Əli Əhmədov bir daha motoyürüşçülərə YAP-ın hər bir üzvünün adından minnətdarlığını vildirdi: "Bizim üçün çox xoşdur ki, partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ildönümü ilə əlaqədar aksiyanı keçirmisiniz. Mən bunun böyük mənasını onda görürəm ki, bu yürüşlə siz Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışının ölkəmizə nə gətirdiyini bütün dünyaya bəyan etmək istəmisiniz. Əlbəttə, bütün dünya Heydər Əliyevin qayıdışından, Qurtuluş məfkurəsinin Azərbaycanda həyata keçirilməsindən sonra ölkəmizdə baş verən dəyişikliklərdən xəbərdardır. Siz yürüş zamanı bunun bir daha şahidi oldunuz. Amma siz bu addımınızla bir daha dünyaya Qurtuluşun nə demək olduğunu və Azərbaycan cəmiyyəti olaraq bu Qurtuluşa münasibətin nədə ifadə olunduğunu yürüş etdiyiniz ölkələrin sakinlərinə çatdırmaq istəmisiniz. Bu, çox əlamətdar hadisədir".
Baş nazirin müavini onu da vurğuladı ki, Azərbaycandakı sabitlik, rahatlıq dünyanın çox az ölkələrində var: "Əgər sabitlik, rahatlıq olmasa, insan üçün yerdə qalan dəyərlər heç bir əhəmiyyət kəsb etmir. Əgər evlər dağılırsa, qan tökülürsə, insan həyatının dəyəri qalmır. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə Azərbaycanda sabitlik bərqərar olub və bu, digər dəyərlərin yaranması üçün əsas olub. Prezident İlham Əliyev bildirir ki, Azərbaycan sanki dünyada sabitliyin, əmin-amanlığın bərqərar olduğu bir adadır. Həqiqətən belədir. Əgər sabitlik, əmin-amanlıq, rahatlıq olmasa, digər dəyərlər hansısa məna və əhəmiyyət kəsb etmir. Azərbaycanda Heydər Əliyevin Qayıdışı ilə əlaqədar yaranmış ən böyük nemət ondan ibarətdir ki, sabitlik var. İnsan amilinə yüksək dəyər verilir. Bu amillər eyni zamanda digər dəyərlərin yaranması üçün çox ciddi, etibarlı əsas olub. Ölkənin iqtisadiyyatı inkişaf edib. İqtisadiyyatın inkişafı nəticəsində həyatımız dəyişib. Digər sferalarda uğurlar əldə olunub. Azərbaycan sözün həqiqi mənasında dünyanın diqqətini cəlb edən bir ölkəyə çevrilib. Azərbaycanın bugünkü reallıqları Qurtuluşdan başlanan inkişafın nəticələridir. Bu gün Azərbaycan təkcə dünyada iqtisadiyyatının sürətli inkişafı ilə diqqət çəkmir. Azərbaycan eyni zamanda sürətli yeniləşmə, modernləşmə ilə seçilir. Siz bir neçə ölkəyə yürüş etmiş, Azərbaycanı müqayisə etmək imkanı qazanmısınız. Bu müqayisə də onu göstərir ki, Azərbaycan nə qədər sürətlə dəyişir, müasirləşir, yeniləşir, insanların həyatının keyfiyyətinin dəyişməsi üçün nə qədər işlər görülür. Hər bir vətəndaşın özünü rahat hiss etməsi üçün Azərbaycanda nə qədər böyük işlər görülüb. Heydər Əliyev siyasəti bu inkişafı təmin edir. Çox sevindirici haldır ki, dünya bu inkişafı görür. Siz də yürüş etdiyiniz ölkələrdə bir daha əmin oldunuz ki, Azərbaycanı artıq nəinki tanıyır, böyük hörmətlə yanaşırlar. Azərbaycana diqqət artıb. Azərbaycan biri-birindən əhəmiyyətli, böyük uğurları ilə dünyanın diqqətindədir. Əhalisinin sayı, ərazisinin tutumu baxımından dünyanın böyük ölkəsi kimi tanınmasa da, əhəmiyyəti, regionda və dünyada oynadığı rol baxımından Azərbaycanı kiçik dövlət hesab etmək olmaz. Bütün bunların kökündə Qurtuluş dayanır. Bütün bu gerçəkliklərin əsasında Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı, Qurtuluş məfkurəsinin Azərbaycan xalqı tərəfindən birmənalı qəbul olunması və bu məfkurənin bu günə qədər də həyata keçirilməsi dayanır. Çox fərəhli haldır ki, Prezident İlham Əliyev bu siyasəti davam etdirir. Məhz bu siyasətin davamı nəticəsində belə böyük uğurlara imza atılıb. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, belə bir gözəl məmləkətdə, dövrdə yaşayır."
Əli Əhmədov onu da vurğuladı ki, bu yürüş qətiyyəti Azərbaycanın hər bir vətəndaşında var: "Zamanı çatanda, ölkə Prezidenti, Baş Komandan əmr verəndə artıq 7 nəfər yox, milyonlar bu yürüşə hazır olduğunu bəyan edəcək və o yürüş başa tutacaq. Artıq ölkəmizdə bu inam formalaşıb. Bu inam 21 ildə aparılan uğurlu siyasət nəticəsində yaranıb. Çox xoşdur ki, bu gün də həmin siyasət həyata keçirilir. İnanırıq ki, bu yol uzun illər davam edəcək. Bu kimi yürüşlər bundan sonra da davam edəcək. Təbii ki, onların mənası və forması da dəyişəcək. Azərbaycan çox qətiyyətlə gələcəyini müəyyənləşdirib. Həmin gələcəyə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün Azərbaycan vətəndaşı bu günündən məmnundur, Qarabağ torpağına da yürüş etməyə hazır olduğunu bəyan edir. Yürüşünüzün bir mənasını məhz o hazırlığın etiraf olunmasında və bütün dünyaya çatdırılmasında görürəm. Siz bu yürüşünüzlə Azərbaycan xalqının qətiyyətini, iradəsini nümayiş etdirdiniz. Bu, onun təsdiqidir ki, biz istənilən zaman milli mənafeyimiz, problemlərimizin həlli yolunda Baş Komandanın rəhbərliyi altında yürüşlərə hazırıq". Baş nazirin müavini Əli Əhmədov bir daha bildirdi ki, bu addım Heydər Əliyev şəxsiyyətinə, xatirəsinə böyük qiymətdir, eyni zamanda Azərbaycanın gücünün, qətiyyətinin, iradəsinin səfər etdiyiniz ölkələrə sülhpərvərcəsinə nümayiş etdirilməsi deməkdir.
Sonda YAP Sədrinin müavini Əli Əhmədov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan kitabı motoyürüşçülərə təqdim etdi.
RƏFİQƏ KAMALQIZI