Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə iyunun 30-da Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq mühafizə qurumlarının, ali təhsil müəssisələrinin, QHT-lərin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər. Konfransa Avropa Şurasına daxil olan 35 ölkədən və 13 nüfuzlu beynəlxalq təşkilatdan 130-dan çox nümayəndə, o cümlədən Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan, Monako və Lixtenşteynin baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiyanın ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) baş katibi və digərləri qatılmışlar.
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov konfransın açılış mərasimində çıxış edərək mayın 14-də ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlamasını respublikamızın demokratik dəyərlərə sadiqliyinin nümunəsi olduğunu bildirmişdir. Baş prokuror Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin ölkəmizin Nazirlər Komitəsinə sədrliyi dövründə əsas prioritetlərdən birini təşkil edəcəyini və Avropanın qabaqcıl ölkələrinin müsbət təcrübəsindən istifadənin beynəlxalq əməkdaşlığın mühüm istiqaməti olduğunu bildirdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev konfrans iştirakçılarını salamlamış, bir çox ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində yaxşı təcrübə qazandığını vurğulamışdır. Prezident Administrasiyasının rəhbəri ölkəmizdə də korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük təcrübə qazanıldığını, Azərbaycan Prezidentinin Sərəncamı ilə mühüm qurumların yaradıldığını diqqətə çatdırmışdır. Akademik Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan "ASAN xidmət"in əhəmiyyətini xüsusi vurğulamışdır. Azərbaycanda olan yüksək səviyyəli qonaqların "ASAN xidmət"in fəaliyyətini böyük maraqla müşahidə etdiklərini vurğulayan Prezident Administrasiyasının rəhbəri onların bu qurumun işini yüksək qiymətləndirdiklərini, respublikamızda korrupsiyaya qarşı güclü mübarizə sisteminin yaradıldığını bildirdiklərini demişdir. Akademik Ramiz Mehdiyev "ASAN xidmət"in yaradılmasını və onun fəaliyyətini Azərbaycan vətəndaşlarının da böyük razılıqla qarşıladıqlarını diqqətə çatdırmışdır. Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxumuşdur.
Konfrans iştirakçıları adından Azərbaycan Prezidentinə minnətdarlığını çatdıran Zakir Qaralov korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlərin əsası kimi, beynəlxalq mexanizmlərin uğurlu tətbiqini, mötəbər beynəlxalq qurumlarla əməkdaşlığı xüsusi qeyd etmişdir. Baş prokuror Azərbaycanda məhkəmə-hüquq islahatlarının aparılmasında Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində qəbul etdiyi konvensiyaların mühüm rolu olduğunu bildirmişdir. Həmin konvensiyalar Azərbaycanda 2004-cü ildə ratifikasiya edilərək onların müddəalarının ardıcıl və sistemli implementasiyası, habelə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə təsdiq edilmiş Dövlət proqramlarının uğurla icrası nəticəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi bazası formalaşdırılmış, kompleks institusional tədbirlər həyata keçirilmişdir. Baş prokuror Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır.
Daha sonra Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin baş direktoru Filip Buoya çıxış edərək Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın konfrans iştirakçılarına salamlarını çatdırmışdır. Konfransın mövzusunun dünyanı narahat edən mühüm məsələlərdən biri olduğunu vurğulayan F.Buoya demişdir ki, korrupsiya və ona qarşı mübarizə Avropa Şurasının və digər beynəlxalq qurumların gündəliklərində duran ən əsas məsələlərdən biridir. Avropa Şurasının GRECO təşkilatının prezidenti Marin Mrçela bu vacib konfransın təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Demokratiya qarşısında böyük təhdidlərdən birinin korrupsiya olduğunu vurğulayan M.Mrçela bu bəlaya qarşı mübarizədə sağlam mühitin, güclü siyasi iradənin vacibliyini qeyd etmişdir.
GRECO-nun korrupsiyaya qarşı mübarizəni hakimlər və prokurorlar vasitəsilə apardığını diqqətə çatdıran təşkilatın prezidenti korrupsiya risklərini dəf etmək üçün etibarlı sistemin yaradılmasının zəruriliyini bildirmişdir. Məhz buna görə də GRECO-nun fəaliyyəti çox mühümdür. On beş il əvvəl 15 üzvlə fəaliyyətə başlayan GRECO bu gün sıralarında 49 ölkəni birləşdirir. GRECO öz üzvlərindən uzunmüddətli qabaqlayıcı addımlar atmağı istəyir ki, bunlar dürüstlük və qərəzsizlik prinsiplərinə söykənməlidir.
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner belə mötəbər tədbirdə yüksək səviyyəli dövlət rəsmilərinin iştirakının Azərbaycanın korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirməsinin göstəricisi olduğunu bildirmişdir. IACA-nın fəaliyyətinin əsas istiqamətlərindən danışan M.Kreutner Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması münasibətilə Azərbaycan hökumətinə təbriklərini çatdırmış, uğurlar arzulamışdır. Təşkilatın 56 üzvü olduğunu vurğulayan natiq cari ilin noyabrında Bakıda qurumun toplantısının keçiriləcəyini bildirmişdir.
Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov demişdir ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Şöbə müdiri Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışında korrupsiyaya qarşı mübarizənin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə diqqət yetirəcəyi əsas məsələlərdən biri olacağını bildirdiyini vurğulamışdır.
Fuad Ələsgərov demişdir ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda korrupsiya ilə mübarizə üçün zəruri qanunvericilik bazası olmamış, səmərəli institusional mexanizmlər formalaşmamışdı. Müstəqilliyin ilk illərində demokratik institutları və iqtisadiyyatı tənəzzülə uğramış Azərbaycan, eyni zamanda, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, ərazilərimizin 20 faizi işğal edilmiş, bir milyondan artıq insan yaşayış yerlərindən qaçqın və köçkün düşmüş, ölkə daxilində qeyri-sabitlik, böhran, ciddi sosial problemlər və digər çətinliklər yaranmışdı. "Bu gün Azərbaycan sürətli iqtisadi inkişaf, regional əhəmiyyətli enerji layihələri, sabitlik, əlverişli biznes mühiti, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə ehtiva edən bir məkandır", - deyən Fuad Ələsgərov bildirmişdir ki, daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlar, inkişaf proseslərinə mane olan mənfi halların tam aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tam təkmilləşdirildiyini, işlək institusional mexanizmin yaradıldığını və onun səmərəliliyinin təmin edildiyini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə "Korrupsiyaya qarşı mübarizəyə dair" və "Açıq hökumətin təşviqinə dair" Milli Fəaliyyət planlarının qəbul olunduğunu bildirmişdir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşması, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsi üzrə davamlı fəaliyyətdədirlər.
Fuad Ələsgərov demişdir ki, yeni yaradılmış institusional təsisatlardan biri kimi korrupsiyanın qarşısının alınmasında səmərəli vasitə olan, Azərbaycan brendi hesab edilən "ASAN xidmət" modeli tətbiq edilmişdir. Bu model müxtəlif dövlət orqanları tərəfindən təklif olunan xidmətlərin mərkəzləşdirilmiş qaydada, elektron vasitələrdən istifadə etməklə, şəffaf şəraitdə, minimum vaxt sərfi ilə əldə olunmasını təmin edir. Bu xidmət mərkəzlərində yaradılmış idarəçilik korrupsiya hallarını tam istisna edir, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı vətəndaş məmnunluğunu və dövlət qurumlarına etimadı artırır. "ASAN xidmət" beynəlxalq tərəfdaşlar tərəfindən çox səmərəli islahat hesab edilir və yaxşı təcrübə kimi digər ölkələrə tövsiyə olunur.
Açılış mərasimindən sonra konfrans işini "Antikorrupsiya qanunvericiliyinin tətbiqi: aktual məsələlər" və "Korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı tədbirlər" mövzularında plenar iclaslarla davam etdirib. Sonra mövzular ətrafında müzakirələr aparılıb.