Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyasının "Yay məktəbi" kampaniyası ölkə gəncləri arasında sıx və səmimi münasibətin yaranması deməkdir"
Məlum olduğu kimi, ölkəmizdə ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyası tərəfindən təsis edilmiş "Yay məktəbi" layihəsi partiyanın gənclər təşkilatı tərəfindən uğurla həyata keçirilməkdədir. Xüsusilə, vurğulamaq lazımdır ki, Azərbaycan gəncliyinin həyatında mühüm rol oynayan bu əhəmiyyətli proses artıq bir neçə ildir ki, davam edərək, geniş vüsət almaqdadır. "Yay məktəbi" layihəsinin ikinci turuna start verilməsi ilə bağlı iyulun 12-də YAP-ın Mərkəzi Qərargahında toplantı keçirilib. Toplantıda YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP-ın Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev və Oğuz rayonundakı "Afra" otelə və Lerik rayonunda yerləşən "RELAX" istirahət mərkəzinə yollanan gənclər iştirak ediblər.
YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iclasda çıxış edərək, hər il həyata keçirilən "Yay məktəbi" layihəsinin məqsədinin gənclərin biliklərinin möhkəmləndirilməsi, istirahətinin səmərəli təşkili olunması olduğunu qeyd edib: "Bu layihənin həyata keçirilməsi gənclərin dünyaya baxışlarına təkan verəcək. YAP sıralarında təmsil olunan gənclər arasında ünsiyyət və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür istirahət xüsusi önəm kəsb edir. Çünki gənclərimiz sabahımızın, gələcəyimizin qurucuları, aparıcı qüvvələridir. Bütün bunları nəzərə alaraq, demək olar ki, bu gün ölkəmizdə gənclərə yüksək diqqət və qayğı mövcuddur. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur, həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard, aktiv qüvvəsinə çevrilib". Millət vəkili layihənin yaranma zərurətindən və əhəmiyyətindən danııb: "Eyni zamanda, "Yay məktəbi" layihəsi müxtəlif proqramlar çərçivəsində gənclərin təmsil olunmaları üçün ən yaxşı amil kimi dəyərləndirilə bilər. Belə ki, layihə proqramı çərçivəsində iştirakçı gənclərlə birlikdə Yeni Azərbaycan Partiyasının nüfuzlu nümayəndələri də proseslərdə iştirak edəcək, gənclərlə açıq diskussiyalar aparılacaq, onların dünyagörüşünün və bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyyələrlə çıxışlar ediləcək".
S.Novruzov bu il "Yay məktəbi" layihəsinin daha da geniş şəkildə təşkil olunacağının bildirdi. Onun sözlərinə görə, 800 gənc 5 mərhələdə Lerik və Oğuzda "Yay məktəbi"ndə iştirak edəcək: "Bu layihədə 40 faizi region gəncləri, 60 faizi isə Bakı və digər şəhərlərdən olan gənclər iştirak edir. Layihənin icrası partiyanın rəhbər şəxslərinin nəzarətində olacaq. Ancaq "Yay məktəbi"ndə əsas iş gənclərə həvalə olunub. Mövcud layihə sona çatdıqdan sonra, qış mövsümündə gənclər üçün "Qış məktəbi" layihəsinin reallaşdırılması planlaşdırılır. Artıq bunun üçün müəyyən hazırlıq işlərinə başlanılacaqdır".
YAP rəsmisi gənclərə layihə çərçivəsində nəzərdə tutulan proqramdan kənara çıxmamağı və intizam qaydalarına ciddi əməl etmələrini tövsiyə edib. O, gənclərin ölkənin ictimai-siyasi həyatında rolunun daha da artırılması istiqamətində YAP-ın daima işlər apardığını, qarşıdan gələn bələdiyyə seçkiləri zamanı daha çox gənclərin namizədliyinin irəli sürüləcəyini vurğulayıb.
Görüşdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək, gənclərə asudə vaxtlarının daha səmərəli keçirmələri üçün uğurlar arzulayıb. Sonda tədbir iştirakçılarına layihənin proqramı haqqında məlumatlar verilib. Xatırladaq ki, "Yay məktəbi"nə yollanan ilk qrup artıq Bakıya qayıdıb. İyulun 6-dan 11-dək davam edən "Yay məktəbi" çərçivəsində hər birində 150-yə yaxın fəal gənc olan qruplar Lerik və Oğuz rayonlarında olub, keçirilən seminar-diskussiyalara, təlimlərə qatılaraq bilik və bacarıqlarının artırılmasına nail olublar.
RƏFİQƏ HÜSEYNOVA