Əli Həsənov: "Bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanlarının Azərbaycanda guya "avtoritar", "diktatura" və s. bu kimi idarəçilik metodlarının tətbiq edilməsi ilə bağlı iddiaları əsassız və qərəzlidir"
Azərbaycan müstəqilliyini ikinci dəfə elan etdikdən sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının da daha münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görüldü. 1993-cü ildən başlanan proses çərçivəsində vətəndaş cəmiyyəti, eləcə də QHT-lərlə bağlı qanunvericilik sisteminin yaradılması, hökumətlə münasibətlər, bir sıra mühüm QHT hadisələri və s. nəzərə çarpdı.
Müstəqillyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu.
Ulu Öndər Heydər Əliyevin tarixi mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Bu Konstitusiya dövlətçiliyimiz və həm də vətəndaş cəmiyyətimiz üçün mühüm tarixi sənəd oldu. Çünki keçmiş bütün sənədlərdə yalnız məhdud və ideoloji çərçivədə olan birləşmək hüququ var idi. Bu hüququn təminatı belə yox idi. 1995-ci il Konstitusiyasının 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Əslində, müasir və beynəlxalq standartlara uyğun olaraq yaranmış və fəaliyyət göstərən QHT-lər məhz 1995-ci il Konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdı. Əlbəttə ki, müstəqilliyin ilk illərində ictimai birliklərin dövlət qeydiyyatına alınması bu dövrdə vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişaf etdiyindən bəhs etməyə əsas vermir. Amma 1995-ci il Azərbaycan Respublikası Konstitusiyasının preambulasındakı milli niyyətlərdən üçüncüsü olan "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq" artıq dövlət müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Məhz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan QHT sistemi bu günümüzdə də inkişaf etməkdə, fəaliyyətini daha da genişləndirməkdədir. QHT-lərin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlar bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azər TAc-a müsahibəsində dediyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycanı güclü, inkişaf etmiş, müasir və nüfuzu ölkəyə çevirməkdir: "Hesab edirik ki, son 10 ildə bu istiqamətdə mühüm uğurlar qazanılıb. Ötən dövrdə qarşıya qoyulmuş əsas vəzifələrdən biri də ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşmasını təmin etməkdən ibarət olub. Bu məqsədlə mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ardıcıl şəkildə davam etdirilib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin inkişafına maneçilik törədən hallar aradan qaldırılıb, onlara hərtərəfli dövlət dəstəyi göstərilib".
Lakin bu faktdır ki, hazırda Azərbaycanda yaradılmış demokratik mühitdən sui-istifadə halları da çoxdur. QHT-lərin fəaliyyəti üçün geniş imkanların tanınması bəzi qüvvələr tərəfindən fərqli prizmada - şəxsi maraqları istiqamətində qiymətləndirilir. Bu da əlbəttə ki, sonda qanun pozuntularına gətirib çıxarır. Əli Həsənovun sözlərilə desək, vətəndaş cəmiyyəti institutlarının inkişafını məhdudlaşdıran ciddi amillərdən biri də bu sahədə qanunların tələblərinin tez-tez pozulması - qeyri-şəffaflıq, maliyyə-uçot sisteminin ən adi tələblərə cavab verə bilməməsi və s. olub: "Mövcud boşluqlardan istifadə edən bəzi xarici və daxili dairələr Azərbaycanın milli qanunvericiliyinin tələblərinə zidd olaraq siyasi partiyaların, QHT və KİV-lərin fəaliyyətinə nüfuz edib, onları bu və ya digər qeyri-qanuni yollarla maliyyələşdirib və müvafiq olaraq istiqamətləndiriblər. Məhz bunun nəticəsidir ki, bəzi QHT-lər "xalq diplomatiyası" adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər. Ən acınacaqlısı isə odur ki, bu tipli QHT və fiziki şəxslər, bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə arxalanaraq, özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz qrant layihələrini reyestrdən keçirməkdən, maliyyə hesabatlarını təqdim etməkdən, vergi ödəməkdən və hökumətin digər qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. Dövlət orqanlarının adekvat addımları isə təəssüf ki, bu gün həmin dairələr tərəfindən "vətəndaş cəmiyyətinə basqı", QHT-lərin və medianın fəaliyyətinin "məhdudlaşdırılması" kimi qələmə verilir, Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil olunur. Hesab edirik ki, bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanlarının Azərbaycanda guya "avtoritar", "diktatura" və s. bu kimi idarəçilik metodlarının tətbiq edilməsi ilə bağlı iddiaları əsassız və qərəzlidir".
Bir daha əminliklə qeyd edilməlidir ki, Azərbaycanda istər qanunvericilik, istərsə də praktiki baxımdan vətəndaş cəmiyyəti institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şərait tam təmin edilib. Hökumətin əsas tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin edilsin. Qanunlar tələb edir ki, QHT-lər öz nizamnamələrinə uyğun fəaliyyət göstərsin, qanun qarşısındakı vəzifələrini və məsuliyyətlərini dərindən dərk etsin, cəmiyyətdə ictimai nəzarət funksiyasını sağlam şəkildə həyata keçirsin, onları siyasətə sürükləyənlərə, siyasi partiyaların əlavəsinə, bəzi xarici dairələrin anti-Azərbaycan fəaliyyətində ucuz alətə çevirmək istəyənlərə "Yox!" desinlər.
"Səs" Analitik Qrupu