Bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır
Azərbaycan iyirmi birinci yüzilliyin ilk illərində böyük nailiyyətləri ilə dünyaya inteqrasiya prosesini daha gücləndirdi. Qısa bir müddətdə əldə olunan uğurlar ardıcıl olaraq Azərbaycanın ünvanına yazıldı. İnteqrsiya prosesində milli-mənəvi dəyərləri, siyasəti, iqtisadi göstəriciləri ilə dünya ölkələrinə yol açan Azərbaycan böyük potensiala malik olduğunu təsdiqlədi. Bu prosesdə, ölkəmizin dünyanın nəzər nöqtəsində olmasında Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etməliyik. İrimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli layihələr, ölkəmizin xaricdə təbliği ilə bağlı görülən işlər əsrlər boyu dini dözümlülüyün, tolerantlığın məkanlarından biri kimi tanınan Azərbaycanın qədim tarixi, keçdiyi inkişaf yolu ilə dünya ölkələrinin tanışlığında əsas vasitələrdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihələr həm də ölkələr arasında əməkdaşlığın inkişafına öz təsirini göstərir. Heydər Əliyev Fondunun bu missiyası demək olar ki, geniş coğrafi məkanı əhatə edib. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir.
Fondun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan şaxəli layihələr dünya xalqlarını Azərbaycana daha da yaxınlaşdırır. Fondun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanı təbliğ etmək ideyasını gerçəkləşdirir. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa və millətə sevgi dayanır. Mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına çalışır, Azərbaycanın sabahının qayğısına qalır. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan sərhədlərini aşdı və insanların harada doğulmasından, harada yaşamasınından, hansı millətə, hansı xalqa, hansı dinə mənsub olmasından asılı olmayaraq, onlarla əlaqələr qurdu.
Sivilizasiyalararası dialoqa daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban Əliyeva bu gün dünyanın nüfuzlu təşkilatları, dövlətləri tərəfindən müxtəlif fəxri adlara, diplom və mükafatlara layiq görülür. "Qızıl ürək" beynəlxalq mükafatına, "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeninə, "Qızıl Motsart" medalına, "Türk dünyasına xidmət" mükafatına və onlarla mükafatlara layiq görülməsi onun humanizm prinsipinə söykənərək fəaliyyətinin yüksək qiymətləndirilməsini göstərir. Bütün bunlar xeyirxah əməlin nəticəsidir. Elə yaxın günlərdə Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsində bir sıra iri layihələr həyata keçirməsində xidmətlərinə görə Mehriban xanım Əliyeva "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edildi.
Belə ki, Mehriban Əliyevanın rəhbərliyi ilə region ərazisində sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirilir. Həştərxanda Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılıb. Ümummilli Liderin adını daşıyan bağ və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub. Azərbaycan-Rusiya Dostluq Körpüsü açılıb. Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsi və "Meçta" uşaq əyləncə şəhərciyi də Həştərxanda fondun gördüyü xeyirxah işlər sırasındadır. Hazırda həyata keçirilən layihələrdən biri 240 yerlik uşaq bağçasının tikintisidir. Bu layihənin birinci növbəsi 2014-cü ilin sentyabr ayına qədər başa çatdırılmalıdır. Vilayətdə Azərbaycan mədəni-işgüzar mərkəzinin açılması da planlaşdırılır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti daha bir mükafata - Küveyt Dövlətinin yüksək mükafatına layiq görüldü. İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olundu. Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplomda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həyata keçirdiyi nəcib xeyriyyə və təbliğat fəaliyyətinə görə Küveyt qadınları adından dərin təşəkkür ifadə olunub və bu istiqamətdəki işlərində uğurlar arzu edilib. Qeyd edək ki, bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.
Göründüyü kimi, Mehriban Əliyevanın ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, sağlam mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, eləcə də ölkəmizdən kənarda gördüyü nəcib işlər, humanizmə söykənin əməlləri yüksək qiymətini alır. Bu qiymət Mehriban xanım Əliyevanın əməli fəaliyyətinə olan diqqətdir. Onun genişmiqyaslı layihələri Azərbaycanda deyil, dünya miqyasında belə diqqətdən yayınmır, yüksək dəyərini alır.
Nəzakət ƏLƏDDİNQIZI