PDF Oxu

Əsas

  • 934

Azərbaycan Avropanın xilaskarı qismində...

Azərbaycan Avropanın xilaskarı qismində...

Yaxud "Cənub" qaz dəhlizinin təməlinin qoyulması "qoca qitə"yə etibarlı enerji təhlükəsizliyi sisteminin daha da möhkəmlənməsinə zəmanət verir

Məlum olduğu kimi, sentyabrın 20-də Bakıda "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Əlbəttə ki, sentyabr ayının 20-də tarixi bir mərasimin təşkil edilməsi də özündə bir fəlsəfə daşıyırdı. Çünki 20 sentyabr Azərbaycan üçün tarixi bir gündür. İyirmi il bundan əvvəl - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə isə çox çətin tarixi sınaqlar ərəfəsində ortaya gəlmişdi.

Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində "Əsrin kontraktı" imzalandı və Azərbaycanın inkişafı üçün yeni imkanlar yarandı. "Cənub" qaz dəhlizinin təməlinin qoyulması mərasimində çıxış edən Prezident İlham Əliyev bununla bağlı bildirib ki, Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa və Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlandı: "Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz "Əsrin kontraktı"ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir".

Xatırladaq ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzər dənizini Qara və Aralıq dənizlərilə neft kəmərləri birləşdirdi. Bununla yanaşı, 1996-cı ildə "Şahdəniz" qaz kontraktı üzrə Sazişin bağlanması da çox önəmli hadisə idi. Çünki bu gün "Cənub" qaz dəhlizinin resurs mənbəyi "Şahdəniz" qaz yatağıdır və o, dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur. Həmçinin, 1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikildi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. 2007-ci ildə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri tarixə daxil oldu. Məhz bununla Azərbaycan dünyada özünü qaz ölkəsi kimi göstərməyə başladı. Bir sözlə, Azərbaycan enerji siyasətini ardıcıl və uğurla həyata keçirir. Elə bunun nəticəsidir ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi də imzalandı. Bu saziş isə dünyanın siyasi-iqtisadi tablosunda özünün strateji rolu və yerinə görə, xüsusi seçilməklə bərabər, digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsi üçün əsaslı zəmin yaratdı.

Bu sazişi imzalamaqla Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb. Saziş Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqlini nəzərdə tutur. Yəni TANAP "Şahdəniz", "Ümid", "Abşeron", "Alov", "İnam" və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropaya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasiya infrastrukturu deməkdir. Layihə Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət deməkdir. Ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılan ən güclü qaz yatağının yanacaq resurslarının Qərbə axını üçün açıq qapı açıldı. Azərbaycan qazının Qərbə nəqli üçün ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiya baxımından Trans-Adriatik boru kəməri (TAP ) layihəsinin reallaşması da bu sazişlə öz hüquqi-siyasi təminatını möhkəmləndirdi. Strateji baxımdan dünya üçün böyük əhəmiyyət kəsb edən TAP təbii qaz boru kəməri layihəsi Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqli üçün geniş enerji sistemi deməkdir.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək. "Şahdəniz-2" layihəsinin yekun qərarının qəbul olunmasında, TAP-ın həyata vəsiqə almasında siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi ölkəmiz bölgədə ən mühüm transenerji sistemlərinin yaradılmasında qətiyyət nümayiş etdirir. "Şahdəniz-2", TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayan dövlət başçısı bu layihələrin reallaşması ilə respublikamızın dünyada güclü təchizatçı olduğunu bildirir: ""Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək. Bu layihə dünyada ən iri enerji layihəsidir. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, bu tarixi layihəyə cəlb olunmuş ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq layihəsidir. "Şahdəniz" layihəsi, çox güman ki, 21-ci əsrin layihəsi adlandırılacaq".

Aydındır ki, bu gün enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Prezident İlham Əliyevin sözlərilə desək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik: "Şahdəniz" qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir. Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti əminəm ki, uğur gətirəcək. Çünki bu işlərdə çox ciddi əlaqələndirmə aparılmalıdır. Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır".

Bir sözlə, "Cənub" qaz dəhlizinin təməlinin qoyulması ilə bir daha Azərbaycanın bölgədə ən qətiyyətli bir aktor kimi yeni transkommunikasiya dəhlizlərinin yaradılmasında vacib ölkəyə çevrilməsi isbatlandı.

"Səs" Analitik Qrupu

Digər xəbərlər