PDF Oxu

Əsas

  • 1 033

“Qərbin və Avropanın bəzi dairələrinin tutduğu yol səhvdir”

“Qərbin və Avropanın bəzi dairələrinin tutduğu yol səhvdir”

"Bu gün Qərbin və Avropanın müxtəlif dairələrinin tutduğu yol əslində, səhv yoldur. Bu, onların özlərinə də heç bir xeyir gətirmir". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Ann Brassörin Azərbaycana səfərinə münasibət bildirərkən deyib. Novruz Məmmədovun sözlərinə görə, Qərb və Avropa təkcə sözdə yox, əməllərində də ədalətli olmalıdır: "Bu baxımdan bizim onlarla söhbətimizin əsas mahiyyəti ondan ibarətdir ki, siz müəyyən mənada ədalətli olun və ədalətli olduğunuzu nümayiş etdirin. Biz onlarla söhbətdə bildiririk ki, siz nə qədər şirin ifadələr işlətsəniz də, boğazdan yuxarı bəyanatlar versəniz də, sözlərlə heç vaxt heç kimi doydura bilməzsiniz. Sadəcə olaraq siz öz fəaliyyətinizdə atdığınız addımlarla göstərin ki, ədalətlisiniz. Bununla bağlı bizim əsas mövqeyimiz bu cür açıqlanır. Onlarla söhbətdə Azərbaycan öz mövqeyini bildirir. Əslində demokratik inkişaf olmadan heç nə mümkün deyil. Azərbaycan həm də hüquqi dövlət kimi siyasi sahədə və bunun ətrafında gedən sahələrdə çox böyük islahatlar aparıb və bundan sonra da aparacaq. Azərbaycanda bu gün insanların siyasi baxımdan bütün hüquqları təmin olunub. Söz azadlığı, fikir azadlığı, mövqe azadlığı mövcuddur. Yəni öz mövqeyini bildirmək üçün klassik mənada hansısa qurumların çıxış etməsi, hansısa məlumatların internetdə yayılması, QHT və partiyalar tərəfindən fikir bildirməklə bağlı heç bir məhdudiyyət yoxdur. Bu baxımdan biz doğrudan da güclü bir inkişaf yolu keçirik. Əslində, bunu hamı görür və bilir. Lakin çox təəssüf olsun ki, müxtəlif ölkələrdə müxtəlif illərdə bundan qısqanclıq hiss keçirənlər var. Bu qısqanclıq hissi onlarda sanki bir vəzifə kimidir. Bəzi dairələr, təşkilatlar var ki, onların işi bundan ibarətdir". PA rəhbərinin müavini deyib ki, Dağlıq Qarabağ münaqişəsi Varşava Müqaviləsi Təşkilatı və SSRİ dağılandan sonra yaranan ilk münaqişələrdən biri idi: "Bununla bağlı əgər Qərb ilk günlərdən ədalətli mövqe tutub, bu münaqişənin həllinə tez bir vaxtda cəhd göstərib buna nail olsaydı, ondan sonrakı kiçik münaqişələr də həll olunardı və bu gün dünyanın indiki vəziyyətinə gəlib çıxmaq məcburiyyətində qalmazdıq. Lakin buna baxmadılar, subyektiv mövqe nümayiş etdirdilər, çox zaman Ermənistanın tərəfini saxladılar. O biri münaqişələr də eləcə. Bu gün güclü bir gərginlik, eskalasiya əmələ gəlib. Belə olan halda artıq Avropa dövlətlərinin və qurumlarının rəhbərləri nə etdiklərini dəqiq bilmirlər. Məhz belə çıxılmaz vəziyyətə gəlib çatıblar. Ona görə də indi elə bil ki, bu günə qədər atdıqları addımların, etdikləri səhvlərin cəzasını çəkirlər və yəqin ki, hələ çəkəcəklər. Çünki ədalətli olmaq prinsipi hər şeydən üstündür".

Digər xəbərlər