PDF Oxu

Əsas

  • 1 151

YAP beynəlxalq əlaqələrini inkişaf etdirir

YAP beynəlxalq əlaqələrini inkişaf etdirir

Əli Əhmədov: "YAP müxtəlif ölkələrin hakim partiyaları ilə ikitərəfli əlaqələrini genişləndirməklə yanaşı, beynəlxalq qurumlar daxilində də bu münasibətlərin inkişafına səy göstərir"

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan YAP Sədrinin müavini Ə.Əhmədov qarşılıqlı səfərlərin ölkələr, eyni zamanda partiyalar arasında əlaqələrin inkişafında əhəmiyyətli rolundan danışdı: "Səfər çərçivəsində keçirilən müxtəlif səviyyəli görüşlər, aparılan danışıqlar və müzakirələr, eyni zamanda ölkə reallıqları ilə yaxından tanışlıq əlaqələrin daha da möhkəmlənməsinə, yeni prioritetlərin müəyyənləşdirilməsinə stimul verir. Partiyalar arasında əlaqələrin qurulması və davamlı inkişafı təmin edilməsi də ölkələrarası əməkdaşlığa öz töhfəsini verir. Partiyaların təşkilatçılığı ilə keçirilən müxtəlif mövzularda tədbirlər, eyni zamanda nümayəndə heyətlərinin qarşılıqlı səfərləri münasibətləri daha da möhkəmləndirir".

Ə.Əhmədov bu gün sıralarında 600 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əməkdaşlığın əsas yer tutduğunu diqqətə çatdırdı. Bildirdi ki, YAP müxtəlif ölkələrin hakim partiyaları ilə ikitərəfli əlaqələrini genişləndirməklə yanaşı, beynəlxalq qurumlar daxilində də bu münasibətlərin inkişafına səy göstərir. Bu baxımdan YAP ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr həm ikitərəfli, həm də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) daxilində uğurla inkişaf edir.

Qeyd edək ki, 2012-ci ilin noyabrında Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası keçirilmişdir. Tədbirin məhz ölkəmizdə keçirilməsini şərtləndirən amillər sırasında ölkəmizin uğurlu inkişafı ilə yanaşı Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzu, mövqeyinin günbəgün möhkəmlənməsi də xüsusi qeyd olunmuşdur.

YAP Sədrinin müavini Azərbaycanın bugünkü reallıqlarından, beynəlxalq münasibətlər sistemində artan rolundan bəhs etdi. Bildirdi ki, düzgün qurulan siyasət ölkənin irəliyə doğru inamla irəliləməsində əhmiyyətli rola malikdir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurda davam etdirilməsi nəticəsində bir-birindən əhəmiyyətli uğurlara imza atır.

Görüşdə səmimi qəbul üçün minnətdarlığını bildirən Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü, nümayəndə heyətinin rəhbəri Le Honq Anh ölkəmizdə ilk dəfə olduğunu önə çəkərək, inkişafdan heyranlığını ifadə etdi: "Azərbaycan azad, firavan ölkədir. İnsanlarda xoş ovqat uğurlu inkişafa əsaslanır. Azərbaycanla Vyetnam arasında əlaqələr müxətlif sahələr üzrə uğurla inkişaf edir. Bu inamı da ifadə etdi ki, hər bir səfər, keçirilən hər bir görüş, aparılan müzakirələr qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmaq üçün böyük stimuldur. Vyetnam Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın inkişafında və genişləndirilməsində maraqlıdır və buna öz töhfəsini verməyə çalışır".

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığa dair Memorandumun imzalanmasını xatırladan Le Honq Anh, həmçinin bu kimi addımların əhəmiyyətindən danışdı. Həm ölkələrimiz, həm də hər iki partiya arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edən tərəflər bunun üçün bütün imkanların mövcudluğunu diqqətə çatdırdılar.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

R.KAMALQIZI

Digər xəbərlər