PDF Oxu

Əsas

  • 1 156

Qitənin həyatında mühüm tədbir olacaq “Bakı-2015” ilk Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək

Qitənin həyatında mühüm tədbir olacaq “Bakı-2015” ilk Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcək

Mehriban xanım Əliyeva:"Bakıda keçiriləcək oyunlarda Olimpiya Oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaqdır"

Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalinin sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması Cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.

Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Qeyd edək ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu gün idmançılarımızın beynəlxalq yarışlarda fəal iştirakının təmin olunması Prezident İlham Əliyevin Azərbaycan idmanına verdiyi töhfələrin təməl prinsipini təşkil edir. Ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Bu işə Azərbaycanın bütün regionları cəlb olunub. Ölkəmizin hər yerində Olimpiya idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib istifadəyə verilir. Bu idman obyektləri dünya standartlarına cavab verməklə, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir.

Bu gün idmançılarımızın Olimpiya Oyunlarında iştirakı və medalların sayına görə ümumi reytinqdə ilk 30 ölkə sırasına daxil olub. Bu yaxınlarda Çində gənclər arasında keçirilən Olimpiya Oyunlarında idmançılarımızın 12 medal, o cümlədən 5 qızıl medal qazanması, iştirakçılar arasında 10-cu, Avropa ölkələri arasında isə 6-cı yeri tutması əlbəttə ki, dövlətin idmana göstərdiyi diqqətdir. Belə ki, ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir Olimpiya idman kompleksi tikilib və bu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açıb. İstifadəyə verilən idman kompleksləri ölkəmizdə Avropa və beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə imkan yaradır. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olub.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi ölkəmizdə mövcud vəziyyətin təzahürüdür. İlk oyunların Bakıda keçirilməsi böyük nailiyyət sayılır. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxacaq və dünyaya göstərəcək ki, müstəqil, dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir. Bu, Azərbaycanın dünyada təbliğ olunması baxımından da olduqca böyük əhəmiyyət kəsb edir. Oyunların keçirilməsinə zaman yaxınlaşdıqca Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsindən yaralanaraq hər işin yüksək səviyyədə təşkilinə nail olmaq məqsədilə işləri sürətləndirib. Avropa Oyunlarının Təşkilat Komitəsinin Sədri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dediyi kimi, "Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur".

Bəli, bu gün Bakıda təşkil olunacaq Birinci Avropa Oyunlarına hazırlıq işləri görülür. Avropa Oyunları 17 gün ərzində ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlarda 6000-dən çox yüksək dərəcəli idmançını bir araya gətirəcək, 20 idman növündə rəqabət aparılacaq. Belə bir mötəbər yarışın yüksək səviyyədə keçirilməsi məqsədi ilə Bakıda Su İdmanı Növləri Sarayı, Atıcılıq Mərkəzi və digər mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir. Milli Gimnastika Arenası artıq istifadəyə verilib. Ölkədə idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Bakı Olimpiya Stadionunda da işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Artıq 2011-ci ilin iyununda təməli qoyulan Bakı Olimpiya Stadionunun tikinti işləri başa çatmaq üzrədir və işlərin gələn ilin fevralında yekunlaşması nəzərdə tutulur. Paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri olacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Təbii ki, orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.

Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva "Bakı-2015" ilk Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün lazımi şəraitin yaradılacağını vurğulayıb: "Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq, bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaq. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq. Mən həqiqətən də inanıram ki, Bakıda keçiriləcək oyunlarda Olimpiya Oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaqdır". Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı son illər keçirilən beynəlxalq tədbirlərə Azərbaycanın uğurla ev sahibliyi etdiyini də vurğulayıb: "Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir". Cənab İlham Əliyev bunu təsadüf yox, ölkəmizin inamlı inkişafının təzahürü kimi qiymətləndirib və inamla bildirib ki, budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi.

Bu gün Azərbaycanda Birinci Avropa Oyunlarına hazırlıq işləri qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, tikilir. Əlbəttə ki, burada nəqliyyat məsələlərinə çox böyük diqqət göstərilir. Bu işlər də uğurla gedir. Təbii ki, bu oyunlar bütün qitənin həyatında mühüm tədbir olacaq - Avropa xalqları arasında əlaqələri daha da gücləndirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər