PDF Oxu

Əsas

  • 1 399

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

İclasda 30 məsələ müzakirə olundu

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 30 məsələnin müzakirəsi: "Hərbi qulluqçuların statusu haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Reklam haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Yol hərəkəti haqqında", "Notariat haqqında", "Sosial sığorta haqqında", "Həmkarlar ittifaqları haqqında", "Ovçuluq haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilmişdir.

İlk öncə cari məsələlər müzakirə olundu.

Asəf Hacıyev: "Xaricə ezamiyyətə gedən vətəndaşlarımız vergilərdən azad edilsin"

Millət vəkili Asəf Hacıyev cari məsələlrin müzakirəsi zamanı çıxış edərək bildirdi ki, dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmaları ilə bağlı bir çox problemlərin olduğunu vurğuladı: " Dövlət qurumları tərəfindən uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıdarkən gömrük rüsumlarından və vergilərdən azad olunması təklif olunur".

A. Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşları həmin ölkələrdə daşınan əmlaka sahib olurlar: "Geri dönəndə isə həmin əmlak ya köhnəlir, ya da orada satılmır, bir çox hallarda isə həmin mallar Azərbaycana gətirilir. Azərbaycana gələndə isə gömrük rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər törədir. Bu səbəbdən həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün Gömrük Məcəlləsinə müvafiq dəyişiklərin edilməsini təklif edirəm. Düşünmürəm ki, bu dövlət büdcəsinə böyük ziyan vura bilər, ancaq bu dəyişikliyi etməklə vətəndaşlarımıza böyük köməklik göstərmiş olarıq".

Milli Məclisin iclasında deputatlar 18 Oktyabr - Müstəqillik Günü ilə bağlı təkliflə çıxış etdilər. Millət vəkili Fərəc Quliyev Azərbaycanın müstəqilliyinə səs vermiş keçmiş deputatların xidmətlərinin nəzərə alınması təklifini irəli sürdü. Deputat Vahid Əhmədov Prezident İlham Əliyevin bütün çıxışlarında Azərbaycanın müstəqilliyinin önəmini qeyd etdiyini vurğulayıb: "Bütün xarici dövlətlərin başçıları Prezident İlham Əliyevi Müstəqillik Günü ilə bağlı təbrik edirlər. Mən Müstəqillik Gününün qeyri-iş günü olması və silsilə tədbirlərin keçirilməsini təklif edirəm. Müstəqilliyə səs vermiş keçmiş həmkarlarımızın bəzilərinin vəziyyəti ağırdır, mənzilə ehtiyacı olanlar var. O insanlara da kömək edilməsi yaxşı olardı".

Siyavuş Novruzov: "Naxçıvan MR haqda qərar qəbul edilməlidir"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycanın üçrəngli bayrağının ilk dəfə Naxçıvanda dalğalandığını bildirdi: "Leninqrad 4 il blokadada qalmasına görə "qəhrəman şəhər" statusu alıbsa, Naxçıvan Muxtar Respublikasının 24 illik blokadada qalması və düşmənlə həmsərhəd olmasına əsaslanaraq, bu məsələyə bir daha nəzarət edilməlidir".

S.Novruzovun sözlərinə görə, Leninqrad 4 il blokadada qalaraq bu statusu alıbsa, Naxçıvan 24 ildir blokadada yaşayır: "Bu baxımdan bu il Naxçıvanın 90 illiyi, həm də müstəqilliyimizin ildönümünü nəzərə alaraq, parlamentdə məsləhətləşmələr aparıb Naxçıvan haqqında hər hansı bir qərar qəbul etməyinizi təklif edirəm. Bu, Naxçıvanın daha da güclənməsinə bir töhfə olar".

Millət vəkili Musa Quliyev payız sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq məktublar göndərməyi təklif etdi: "Xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar. Ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma "soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis daha çox fəallıq göstərə bilər. Bunun bizə böyük faydası olar".

Səməd Seyidov: "İnsan haqlarını təsir aləti kimi istifadə etmək qadağandır"

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tərkibində hansısa dostluq qrupunun yaradılmasını erməni təbliğatının növbəti təxribatı hesab etdi: "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tərkibində hansısa dostluq qrupunun yaradılması erməni təbliğatının növbəti təxribatıdır. Ermənipərəst deputatların həqiqəti özündə əks etdirməyən çıxışlarına öyrəşmişik. Lakin hamı bilməlidir ki, AŞPA-nın siyasi partiyaları və komitələrinin strukturları belə qrupların yaradılmasına imkan verə bilməz".

S.Səmədovun sözlərinə görə, ermənipərəst deputatların AŞPA-dakı fəaliyyətləri həmişə olub və yenə də olacaq: "Çünki həm AŞPA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri müxtəlif bəhanələrlə Dağlıq Qarabağla bağlı Böyük Britaniyadan olan məruzəçi ilə işləməyəcəklərini bəyan edirlər. Bu bəyanat Avropa Parlamentini çıxılmaz vəziyyətə salıb. Çünki Avropa Parlamenti məruzəçini özü təyin etdiyindən, erməni deputatların onunla işləməyəcəyini deməsi ermənilərin necə işğalçı ölkə olmasını bir daha sübut edir".

Sonra plenar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlanıldı.

Hərbi qulluqçular ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə alacaqlar

"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanununa dəyişikliklər edilməsi iclasda təklif olundu. Bildirildi ki, Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar.

Qanunla bağlı məlumat verən vitse-spiker Ziyafət Əsgərov bildirdi ki, qanunun 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahli birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.

Oqtay Əsədov: "Qarabağ məsələsindən oyuncaq kimi istfadə olunur"

Spiker Oqtay Əsədov Avropa Parlamentinin Ermənistanla dostluq qrupunun yaradılması barədə yayılan xəbərə münasibət bildirərək vurğuladı ki, Azərbaycan tərəfi qəbul edilən ədalətsiz qətnamələrə münasibətini bildirib: "Artıq biz bu məsələlərə öyrəncəli olmuşuq. Azərbaycan tərəfi onun haqqında qəbul edilən bütün ədalətsiz qətnamələrə münasibətini bildirib. Təklif etdim ki, dostluq qrupunun yaradılması məsələsi araşdırılsın. Məlum oldu ki, bu xəbər yalnız erməni saytlarında yayılıb. Heç bir rəsmi Avropa saytlarında belə bir məlumat verilməyib. Biz bilirik ki, dünyada ədalət prinsipi itib. Qarabağ məsələsindən də hər dəfə dövlətlər bir oyuncaq kimi istifadə edir. Hesab edirəm ki, bizim Dağlıq Qarabağ icmasınin fəaliyyəti bu məsələlərdə çox aktiv olmalıdır".

Spiker onu da deyib ki, bu addım rəsmi səviyyədə atılmır: "Düzdür, biz artıq öyrəncəli olmuşuq. İndiyə kimi Milli Məclis Azərbaycanla bağlı qəbul edilən ədalətsiz qətnamələrin hamısına öz münasibətini bildirib. Lakin rəsmi olmayan məsələlərdə diqqətli olmalıyıq. Amma bu dostluq qrupunun yaradılması haqqında məlumat yalnız erməni saytlarında çıxıb, Avropa mətbuatında bu barədə heç bir məlumat yoxdur. Ona görə də rəsmi qərar olmadan, münasibət bildirməyək".

Turistlər ölkəmizdəki turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər

İclasda, həmçinin "Turizm haqqında" qanun layihəsində bir sıra dəyişikliklər edilməsi ilə bağlı bildirilib ki, layihəyə əsasən, Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Müzakirələr zamanı qeyd olundu ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Sözügedən qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edildi.

Ziyafət Əsgərov: "İlk növbədə Azərbaycan vətəndaşları barədə düşünmək lazımdır"

Milli Məclisdə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklər müzakirəsi zamanı bir sıra dəyişikliyə əsasən "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun adı dəyişdirilərək "Pasportlar haqqında" qanun adlandırılıb. Bununla əlaqədar qanundan bir sıra maddələr çıxarıldı. Belə ki, yeni layihəyə əsasən 1-ci (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ), 2-ci (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi), 11-ci (Xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti) və 15-ci (Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn əcnəbilər) maddələr ləğv edilir.

Müzakirələrdə çıxış edən millət vəkilləri təkliflərlə çıxış etdilər. MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, ilk növbədə Azərbaycan vətəndaşları barədə düşünmək lazımdır: "Xaricdə olan vətəndaşlarımızın viza müddətindən bir gün keçəndə başlarına hansı oyunu açdıqlarından xəbərdarsınız? Yoxsa bütün sərhədləri açaq? Qonaqpərvərliyin də bir həddi var".

Sonda layihə səsverməyə çıxarılaraq qəbul edilidi.

Fiziki şəxslər Azərbaycan vətəndaşlarını xaricdə işə düzəldə bilməyəcək

Milli Məclisin gündəliyində olan "Reklam haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişikliyə əsasən, Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir. Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər. Qanun layihələrinin müzakirəsində çıxış edən bəzi millət vəkillərinə cavab olaraq YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov öz etirazını bildirdi: "Biri qoltuğuna 5-10 adamı vurub, Rusiyada işlədir. Təbii ki, bunun pensiya təminatı, səhiyyə məsələsi var. 20 ildən sonra da o insanlar Azərbaycana gəlir, pensiya, sosial sığorta məsələləri necə olacaq? Bu qul əməyidir, bunun qarşısını almaq lazımdır".

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da bu məsələdə öz fikirlərini bildirdi: "Axı siz konkret təklif vermirsiniz ki, biz bunu qanunvericilikdə nəzərə alaq. Siz Azərbaycan dövlətini ittiham edirsiniz ki, vətəndaşların başına oyun açırlar. Sizcə, mən fikir bildirməməliyəm? Mən iqtidar nümayəndəsiyəm. Siz iqtidarı ittiham edəcəksiniz, mən də oturub baxmalıyam? Təklifin də qaydası var. Biz neynəyiriksə, vətəndaşın mənafeyi üçün edirik. İndi bir fiziki vətəndaş yığıb başına beş-altı nəfəri aparır xaricə, ordan da çıxıb gedir, dələduzluqla məşğuldur. Bu vətəndaşın taleyi nə olacaq? Gələcək Azərbaycana, müqaviləsi, sığortası yox. Bir qayda olaraq da üz tutacaq Azərbaycan parlamentinə və deputatlara. Bu məsələlərin qarşısını almaq üçün biz bunları edirik də. Dövlət bunu ona görə firmalarla etmək istəyir ki, firma hüquqi şəxsdir. Dövlət tərəfindən tanınır. Bunun bankda hesabı var. Bunların hamısının mənası var. Siz bunu başqa cür qəbul etməyin. Sadəcə danışığınızın tonu elədir ki, mən gərək cavab verim. Olmaz axı belə".

Vitse-spiker qanunda izahların yetərli olduğunu da vurğuladı: "Qanunu oxuyub şərh etmək lazımdır ki, belə populist çıxışlara yol verilməsin". Qeyd edək ki, hər iki qanun layihəsi müzakirələrin sonunda qəbul edildi.

Milli Məclisdə, həmçinin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Reklam haqqında", "Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" qanunlara dəyişikliklər də müzakirəyə çıxarıldı. Dəyişiklik bu qanunların Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması ilə bağlıdır.

Müzakirələrdən sonra dəyişikliklər qəbul edildi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər