Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məhkum edilmiş şəxslərin əfv olunması haqqında Sərəncamı ümumilikdə 84 nəfərə şamil olunur.
Əfv etmək insanları sülhə, birliyə, əmin-amanlığa çağırır. Bu yüksək insanpərvərliyin və humanizmin bir nümunəsidir. Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra əfvetmə institutunun fəaliyyətini bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmış, cəzanın müvafiqliyi və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə nail olmuşdur.
Ümumilikdə Heydər Əliyev 1995-2003-cü illərdə 32 əfv Fərmanı imzaladı. Bütün bunlar cəmiyyətdə dövlətə, onun qurucusuna böyük inam yaradırdı. Digər tərəfdən isə əfvetmənin tərbiyəvi əhəmiyyətini artırırdı.
Humanizmə sədaqət nümunəsi
Bu gün həmin dəyərlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var qüvvəsi ilə çalışan Cənab İlham Əliyevin humanizm prinsiplərini də inkişaf etdirməsi hamı tərəfindən yüksək qiymətləndirilir. Çünki dövlətimizin ədalət və humanizm prinsiplərinə sadiqliyi həm bəşəri, həm də milli dəyərlərimizə söykənən xoş əməllərdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin seçkilərində verdiyi hər bir vəd sözdən əmələ keçdikcə ölkə vətəndaşlarının dövlət başçısına etimadı bir daha artır ki, bu da xalq-hakimiyyət birliyinin əsas və vacib amillərindəndir. Bu fikirlər reallıqda təsdiqini tapdıqca ictimaiyyət onu humanizm prinsiplərinə sədaqət nümunəsi kimi dəyərləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkum olunmuş bir sıra şəxslərin əfv olunmaları haqqında imzaladığı növbəti, sayca 57-ci Sərəncam da bu prinsipə əsaslanıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına əfv haqqında ünvanlanmış müraciətlərinə baxaraq, onların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın icrası ölkəmiz üçün əlamətdar olan 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə təsadüf etdi. Əlbəttə, məhbus həyatının son anlarını yaşayan, onların yolunu həsrət və intizarla gözləyənlər üçün bu, ikiqat sevinc deməkdir: "Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" söyləyən Prezident İlham Əliyev eyni zamanda bu fikri önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: "İqtisadi cəhətdən güclü olan bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən."
Son 20 ildə Azərbaycanda 6 minə yaxın məhkum əfv olunub
Azərbaycanda 1995-ci ildə təsis olunmuş əfv institutu 20 ilə yaxındır ki, tətbiq edilir və bu günədək 5 min 938 məhkuma şamil olunub.
Dövlət başçısı İlham Əliyevin məhbusların cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədəki Sərəncamı insanların cəmiyyətə inteqrasiya olunmalarına, sivil Azərbaycan dövlətinin layiqli vətəndaşı kimi uca adı daşımalarına bir daha imkan yaradır. Bu kimi sərəncamlar, eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir.
Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. "Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölcülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq"-deyən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha diqqətə çatdırır.
Bir sözlə, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsini təşkil etməkdədir. Öz növbəsində dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən humanist siyasəti xalq tərəfindən yüksək qiymətləndirilir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-hakimiyyət münasibətləri formalaşır.
RƏFİQƏ KAMALQIZI