Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri əsasında quran Azərbaycan dünya dövlətləri ilə iqtisadiyyat, enerji və ticarət sahəsində layihələr həyata keçirir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Azərbaycan Avropa ilə yanaşı, Latın Amerikası, Asiya və Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir. Ölkəmizin xarici siyasətindəki bu çevikliyin nəticəsidir ki Azərbaycan bu gün 150-yə yaxın ölkə ilə iqtisadi əməkdaşlıq edir. Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin iştirakçısıdır, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir.
Azərbaycanın xarici siyasətində onun BMT ilə əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye-İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.
Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilat İslam Konfransı Təşkilatı ilə Azərbaycan arasında mühüm önəm kəsb edən münasibətlər bu əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Qeyd edək ki, İslam Konfransı Təşkilatının bu həyati əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərimizin yüksələn xətlə inkişafına əlverişli zəmin yaradıb.
Azərbaycan beynəlxalq qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir. Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir və regional güc kimi qəbul edilir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Təbii ki, Azərbaycanın bu nailiyyətləri ölkə başçısının xarici siyasət kursunun nəticəsidir. Azərbaycan ayrı-ayrı xarici dövlətlər, o cümlədən, qonşu ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu ortaya qoymuş olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan dünya birliyinin fəal və nüfuzlu tərəfdaşlarından birinə çevrilib. Ölkəmiz Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan Respublikası qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirib.
Göründüyü kimi, beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəlib və artıb. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin göstəricisidir.
NƏZAKƏT