PDF Oxu

Əsas

  • 7 028

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya günüdür

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biridir

Əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan Azərbaycan xalqı qarşısında ötən əsrin 90-cı illərində hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Demokratik cəmiyyət quruculuğu xətti tutan Azərbaycanın ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni Konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. Belə bir dövrdə - 1994-cü ilin sonu, 1995-ci ilin əvvəllərində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyası fəaliyyətə başladı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi. Müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi. Konstitusiya ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizama salır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısı kimi çıxış edir. Bütün bunlarla yanaşı, dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gələcək prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil qaydalarını müəyyən edir.

1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin məlum Sərəncamı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün oldu.

Ulu Öndər Heydər Əliyev konstitusiyanın, birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirən sənəd olduğunu bildirirdi:"Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir".

Bu Ali sənəd ölkədə həyata keçirilən hüquqi - demokratik islahatlar üçün möhkəm təmələ çevrildi. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında da məhz Ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk Konstitusiyası dayanır. İlk ali qanunu qəbul etməklə Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk Konstitusiyası, eyni zamanda xalqımızın dünyəvi, milli-mənəvi prinsiplərini rəhbər tutaraq, seçdiyi gələcək yolun ifadəsi idi.

Beş bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan Konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayırılması idi. Əsas Qanunun tam 48 maddəsi insan hüquqlarına və onun gerçəkləşməsi təminatlarına həsr edilib. Belə ki, 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar.

14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 8-də Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi.

1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlarına uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman təsisatı fəaliyyətə başladı.

Bütün bu proseslər, habelə zaman və şəraitin diqtə etdiyi digər dəyişikliklər Konstitusiyanın da yeniləşməsi zərurətini yaratmışdı. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq referendumunda Konstitusiyaya 24 maddə üzrə 39 dəyişiklik edildi. Bu yeniliklər Konstitusiyada hakimiyyətin bölüşdürülməsi, insan hüquqlarının təminatı və siyasi proseslərdə demokratikliyin artırılması üçün daha geniş hüquqi baza yaratdı. Konstitusiyanın 130-cu maddəsinə edilən düzəlişə əsasən, hər bir vətəndaşa ölkənin ali məhkəmə instansiyasına - Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ təmin edildi.

2009-cu il martın 18-da Konstitusiya yenidən ümumxalq səsverməsi ilə islahata məruz qaldı. Əsas Qanunun, ümumilikdə 29 maddəsinə əlavə və dəyişikliklər edildi. O cümlədən Konstitusiyanın 101-ci maddəsində bir şəxsin dalbadal iki dəfədən artıq prezident seçilməsini qadağan edən müddəa aradan qaldırıldı.

Sözsüz ki, həyat və zaman dəyişdikcə gələcəkdə də dövlətin hüquqi sistemində, onun Konstitusiyasında təkmilləşmə və islahatlar yenə zəruri olacaq.

İlk milli Konstitusiyamızın qəbul edilməsindən 19 il keçir. Müdrik Rəhbərin - Heydər Əliyevin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai - siyasi həyatda dinamik inkişafa güclü təkan verdi.

Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit edib. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, sosial ədalətə nail olunması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılıb.

Müstəqil Azərbaycan Heydər Əliyev siyasi kursuna daim sadiqdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çətin, lakin şərəfli irsin layiqli varisi kimi yorulmadan fəaliyyət göstərir. Bu gün ölkəmiz əsl demokratiya, ümumi rifah və azadlıq məkanı kimi yaşayır və inkişaf edir.

NƏZAKƏT

Digər xəbərlər