"Doğurdan da 10 il bir informasiya agentliyinin yaranması, formalaşması və ölkə həyatında, dünya informasiya məkanında bəlli bir mövqe qazanması o qədər də asan məsələ deyil". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-nın 10 yaşı münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
PA rəsmisi APA-nın yaranmasında və onun 10 illik fəaliyyəti dövründə əziyyəti keçən bütün jurnalistləri təbrik edib: "Başladığınız bu yolun davamı olaraq bundan sonrakı fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hesab edirəm ki, sənətdə, məsləkdə söz deməyin meyarı o insanın özünün fikri, düşüncəsi deyil, ictimai fikir və ictimaiyyətin verdiyi qiymətdir. Bu mənada düşünürəm ki, bura yığışanların hamısı mənlə şərik olar ki, APA informasiya agentliyi 10 il müddətində artıq formalaşmış, hətta beynəlxalq aləmdə rəqabət apara biləcək bir informasiya agentliyinə çevrilib. Mən şəxsən Vüsalə Mahirqızının fəaliyyətini və bu informasiya agentliyinin yaranmasında, inkişafında xidmətləri olan bütün yaradıcı kollektivin, o cümlədən texniki əməkdaşların rolunu qiymətləndirirəm. Mən özümə borc bilərək deyirəm ki, bu informasiya məkanının bügünkü liberal vəziyyətə gəlməsində Azərbaycanda mətbuat, söz, informasiya azadlığının inkişafına sözün həqiqi mənasında inqilabi dəstək verməsində önəmli, aparıcı rolu olan Ümummilli Lider Heydər Əliyevin adını qeyd etməliyik. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabidən sonra Azərbaycan mediasının inkişafına ən önəmli dəstəyi, rolu Ulu Öndər Heydər Əliyev 1998-ci il 6 avqust fərmanı ilə Azərbaycan mediası üzərindən bütün tənzimləyici dövlət mexanizmlərini - senzuranı ləğv etməsi ilə tarixə düşdü və ölkəmizin media nümayəndələrinin yaddaşına əbədi həkk olundu. Onun yaratdığı şəraitin nəticəsidir ki, bu gün nəinki APA informasiya agentliyi, nəinki bügünkü media aləmində fəaliyyət göstərən print media və informasiya resursları, televiziya və radio şirkətləri, jurnallar və qəzetlər sözün həqiqi mənasında nəinki Azərbaycanın mövcud sahə üzrə ehtiyaclarını ödəyir, eyni zamanda beynəlxalq aləmdə rəqabət aparmaq səviyyəsinə qədər inkişaf edə biliblər. Bu sahədə Ümummilli Liderin rolunu düşünürəm ki, jurnalistikaya aidiyyatı olan hər bir şəxs bilir, anlayır və o artıq tarixə düşmüş bir şəxsiyyət kimi bütün ictimai-siyasi, dövlət qulluğu, dövlət xadimi statuslarından kənarda Azərbaycan mediasının tarixində əbədi həkk olunaraq öz yerini tutub".
Ə. Həsənov bildirib ki, 2008-ci ildə Azərbaycanda dövlətin mediaya dövlət qayğısı, dəstəyi tam şəffaflaşdırılıb: "2008-ci ildə Azərbaycanda medianın inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olundu və bunun ardınca Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. O dövrdən bu günə qədər hər il dövlət büdcəsindən şəffaf şəkildə Azərbaycan mediasına, jurnalistikasına dəstək göstərildi. Təbii ki, bunun banisi cənab Prezident İlham Əliyevdir. Əgər Ümummilli Lider Azərbaycan mediası tarixində senzuranı ləğv etməsi ilə yaddaşlara həkk olundusa, Prezident İlham Əliyev Azərbaycan mediasına dövlət dəstəyini şəffaflaşdırması və bu dəstəyi getdikcə artıraraq sistemləşdirməsi ilə yadda qaldı. Təkcə jurnalistlər üçün tikilən və ötən il bizim payladığımız mənzillər nə deməkdir. İllərlə bu sahədə fəaliyyət göstərən insanlar qazanclarını yığsalar, hətta bütün redaksiya qazancını yığsa da həmin o evlərdən birini redaksiyanın əməkdaşına ala bilməzdi. Həmin evlərin hər birinin dəyəri orta hesabla 100 mindən artıqdır. Təsəvvür edin ki, APA informasiya agentliyi əməkdaşlarının əksəriyyətinin birgə maaşı belə heç o evin birinin qiyməti etmir. Amma əvəzsiz olaraq cənab Prezidentin bilavasitə göstərişi, sərəncamı ilə bu ev tikildi və jurnalistlərə paylanıldı. Hazırda isə növbəti evlərin tikintisi gedir. Bu evlərin sayı daha artıqdır. Əgər birinci evdə biz 156 jurnalisti sevindirdiksə, ikinci evdə isə 250-dən artıq jurnalisti sevindirəcəyik".
PA-nın şöbə müdiri APA informasiya agentliyi haqqında 4 tezisi diqqətə çatdırıb: "Bu agentliyi fərqləndirən əsas xüsusiyyətlərdən biri onun sistemləşməsi və holdinq olaraq şaxələndirilmiş bir informasiya fəaliyyəti həyata keçirilməsidir. Sistemlilik bu agentliyin fəaliyyətini fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Əlbəttə operativlik bütün informasiya agentliklərinin çalışdığı, can atdığı bir fəaliyyətdir. Hər bir informasiya agentliyi məhz hamıdan qabaq ən doğru informasiya yaymaqla fərqlənir. Bu anlamda APA-nın operativliyinə heç kimin şübhəsi olmasın. Düşünürəm ki, APA Azərbaycanın öndə gedən ən operativ informasiya agentliklərindən və bu sistemə daxil olan strukturlardan biridir. APA-nı fərqləndirən xüsusiyyətlərdn biri də onun rəqabətə davamlı bir agentlik, holdinq olmasıdır. APA tipli informasiya agentlikləri Azərbaycanda bir əlin barmaqları ilə sayıla biləcək səviyyədədir, miqdardadır. Yəni, bir agentlik təkcə Azərbaycanda hansısa mövcud məsələlər haqqında dərhal informasiya yaymaq deyil, həmin informasiyanı dünya standartına çıxarıb dünyada təqdim etməsi və bu informasiyaya ehtiyacı təmin etməsidir. Hər agentliyin hazırladığı informasiya standartına görə dünyada qəbul olunmur, oxunmur və dünya informasiya agentlikləri tərəfindən istinad olunaraq yayılmır. Amma APA bir neçə digər agentliklə bərabər bu sahədə sözün həqiqi mənasında Azərbaycanda nümunə yaratmış şirkətlərdən biridir. Düşünürəm ki, bu, APA informasiya agentliyinin digər yaxşı xüsusiyyətləri ilə bağlı onu fərqləndirən əsas xarakterik xüsusiyyətlərdən biridir. Bu qurumda işləyən jurnalistlər sözün həqiqi mənasında Azərbaycan vətəndaşları olduğunu sübut ediblər. Azərbaycanın milli maraqları, ölkəmizin milli mənafeləri agentliyin informasiyalarında mütəmadi olaraq nəzər alınır, qorunur".