PDF Oxu

Əsas

  • 1 618

Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib

Parlamentdə 2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda 2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarıldı. Spiker Oqtay Əsədov iclası açıq elan edərək gündəliyi elan etdi: "İclasın gündəliyinə əsasən bu gündən etibarən Azərbaycanın 2015-ci il üçün dövlət büdcə zərfi parlamentin plenar müzakirəsinə çıxarılır.

Büdcə zərfinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" qanunu daxildir. Bundan başqa, iclasda, Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə Əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq".

Oqtay Əsədov: "Azərbaycanın 2015-ci il büdcəsi dünyada gedən qlobal iqtisadiyyatdakı mənfi təzahürlər nəzərə alınaraq hazırlanır"

Milli Məclisin Sədri Oqtay Əsədov 2015-ci il dövlət büdcəsi və büdcə zərfinə daxil qanun layihələrindən danışaraq bildirdi ki, dövlət başçısının həyata keçirdiyi müdrik siyasət ölkəmizi müasir dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib: "2015-ci ildə Azərbaycan iqtisadiyyatında neft və qaz sənayesi sahəsindən başqa bütün sahələrdə inkişaf gözlənilir. Bunun nəticəsidir ki, növbəti ilin büdcəsinin həm gəlirləri, həm də xərclərində artım var. Belə ki, 2014-cü ildə ölkə iqtisadiyyatına 24 mlrd dollar həcmində investisiya qoyulub ki, bunun da nəticəsində ölkənin valyuta ehtiyatı 3,6 mlrd dollar artıb. Artıq ölkənin valyuta ehtiyatı 53 milyard dollardan artıq olub". Spiker onu da vurğuladı ki, ölkənin 2015-ci il dövlət büdcəsi elmi əsaslara əsaslanaraq hazırlanıb: "Növbəti ilin büdcəsinin gəlirləri 19, 438 mlrd dollar. Xərcləri isə 21,1 mlrd dollar təşkil edəcək".

O.Əsədov qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsi "real hadisələr nəzərə alınmaqla tərtib olunub" və sənədin layihəsi parlamentin müvafiq komitələrində müzakirə olunub: "2015-ci ilin dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çox, 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıq, yəni 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır".

Ziyad Səmədzadə: "Neftin qiymətinin büdcədə 90 dollar nəzərdə tutulması sosial proqramların həyata keçirilməsinə ciddi təsir etməyəcək"

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2015-ci ilin büdcə zərfi Azərbaycan qanunvericiliyinin tələblərinə cavab verir. Komitə sədri qeyd edib ki, son 10 ildə Azərbaycanın uğurları o qədər əhəmiyyətlidir ki, digər dövlətlər buna nail olmayıb. Azərbaycan iqtisadiyyatda böyük nailiyyətlər əldə edib, ildən-ilə beynəlxalq aləmdə imicini möhkəmləndirib. Z.Səmədzadə, həmçinin neftin ucuzlaşması ilə də bağlı fikirlərini söylədi: "Neftin ucuzlaşması ölkə iqtisadiyyatına təsir edəcək. Ancaq bu, iqtisadiyyatımıza ciddi ziyan vurmayacaq. Dünyada neftin bir barrelinin qiyməti 75 dollara düşsə belə, Azərbaycan iqtisadiyyatına elə də ciddi təsir etməyəcək".

Komitə sədrinin sözlərinə görə, neftin qiymətinin düşməsi dünya siyasəti olduğundan bizim bu prosesə hansısa təsir etmək imkanımız yoxdur: "Neftin qiyməti aşağı düşsə belə ölkədən nəzərdə tutulan və yarımçıq qalmış bütün sosial layihələr həyata keçiriləcək və icra olunacaq." Z.Səmədzadə onu da əlavə etdi ki, neftin qiymətinin enməsi nəticəsində neftdən gələn gəlirlər 2-3 mlrd dollar azala bilər: "Düzdür, bu, ölkə iqtisadiyyatına təsir edəcək, amma ciddi zərər vurmayacaq. Ona görə ki, bu gün ölkənin neft gəlirlərinin miqdarı 55 mlrd dollar təşkil edir. Neft Fonduna toplanan vəsaitdən istifadə etməklə, bu zərəri əvəz etmək olar. Daha bir məqam isə odur ki, digər sahələrdəki inkişaf bu itkini əvəz edəcək." Komitə sədri, eyni zamanda hökumətə bi sıra təkliflər verərək bildirdi ki, yollarda tez yığılan piyada keçidləri tikilməlidir: "Bundan əlavə olaraq kənd təsərrüfatı məhsulu istehsal edən şəxslərə subsidiyaların ayrılmasına müəyyən dəyişiklik edilməlidir. Biz aqrar sahədə çalışıb kənd təsərrüfatı məhsulu istehsal edənlərə dəstək verməliyik".

Samir Şərifov: "Neftin qiyməti 60 dollardan aşağı olsa belə, bu, büdcə xərclərinin icrasına kəskin problem yaratmayacaq"

Maliyyə naziri Samir Şərifov da çıxışı zamanı bildirdi ki, 2015-ci ilin dövlət büdcəsində neftin qiymətinin mövcud qiymətlərdən yuxarı olması büdcə xərclərinin icrasında kəskin problem yaratmayacaq. Maliyyə naziri bildirdi ki, son 3 ayda neftin qiyməti 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 20% aşağı olub. Bununla belə, S.Şərifov neftin qiymətinin aşağı olmasının büdcə xərclərinin icrasına problem yaratmayacağını düşünür: "Dünyada neftə olan tələbat azalıb. Bu neft ixrac edən ölkələrin neftdən daxil olan gəlirlərin azalmasına səbəb olur. Bununla belə, hesab edirik ki, neftin qiymətinin uzun müddət ərzində aşağı olmasına heç bir iqtisadi əsas yoxdur".

Maliyyə naziri əlavə edərək bildirdi ki, gələn il neftin qiyməti 90 dollardan aşağı olsa, büdcənin gəlirləri və xərclərində uzlaşma təmin ediləcək. S.Şərifov vurğuladı ki, neftin qiyməti 60 dollardan aşağı olsa belə, bu, büdcə xərclərinin icrasına kəskin problem yaratmayacaq.

Sevinc Həsənova: "2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır"

Müzakirədə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirdi ki, Azərbaycan dünyanın ən rəqabətli 40 ölkə içərisində yer alması iqtisadiyyatın inkişafının göstəricisidir: "BVF-ya görə, inkişaf etməkdə olan ölkələr üzrə artım tempi 5% təşkil edəcək. Bu proqnozların reallaşmasında bir sıra risklərin olması gözlənilir. Bura Avrozonadakı inflyasiya, borclanma və işsizliyin aşağı düşməsi olacaq. İnkişaf etməkdə olan ölkələr üzrə əsas risk kimi Çində iqtisadiyyatın zəifləməsi, kapitalın axını, Ukraynadakı vəziyyət göstərilir. Dünya iqtisadiyyatında risklər nəzərə alınaraq ölkəmizdə orta müddət üçün makroiqtisadi sabitlik və dayanıqlıq davam edəcək. Növbəti il üçün manatın məzənnəsi sabit olacaq, inflyasiya 2,3 % təşkil edəcək".

S.Həsənovanın sözlərinə görə, neftin qiymətinin dəyişməsi səbəbindən digər ssenarilər nəzərdə tutulub: "Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın təşəbbüskarı olduğu layihələr Avropanın enerji təminatında əsas rol oynayır. Gələn il Cənub Qaz Dəhlizi kəmərinin çəkilməsi də, ölkənin müstəqilliyini bir qədər də möhkəmləndirəcək. Xidmət sahələrində keyfiyyətin prioritetliyi saxlanılacaq".

Nazir müavini onu da vurğuladı ki, ölkədə turizm sənayesi inkişaf etdirilir, yeni otellər inşa olunur: "Xarici ticarətdə 16,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun gəlirləri gələn il 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66 faizdən 2018-ci ildə 71,3 faizə çatacaq".

Elman Rüstəmov: "Azərbaycanda 1 mlrd dollardan artıq ipoteka krediti formalaşıb"

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ipoteka mövzusuna xüsusilə toxundu. Bildiridi ki, bu məsələ indi olduqca vacib müzakirə mövzusudur: "Dövlət İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərilir. Növbəti ildə ipoteka vəsaiti 50 milyon manat olacaq. Bütövlükdə ölkədə ipoteka portfeli 1 milyard manatdır. Bunun 600 milyonu İpoteka Fondu hesabına verilib. Bu günə qədər 14 500 ailə ipoteka krediti alıb. İpoteka kreditləşməsi məsələsində dövlətin rolu az təminatlı ailələrin bu imkandan istifadə etməsini təmin etməkdir. Bütövlükdə isə ipoteka krediti bankların və bazarın işi olmalıdır. Azərbaycanda ipoteka kreditləşməsinin tarixi heç 10 il deyil".

Baş bankir deyib ki, kommersiya kreditlərinin liberallaşdırılması bankların üzərinə qoyulmalıdır: "Biz ipoteka kreditləri məsələsində alman modelini irəli sürürük. Burada əhali müəyyən müddətə kreditlər toplayır və sonradan ipoteka ala bilir. Bu bazar tələb bazarıdır. İndi buna tələb yüksəkdir. 1995-ci ildə Azərbaycanda adambaşına 27 dollar kredit düşürdü. Bu gün isə 2350 dollarıdır. Azərbaycanın maliyyə bazarları inkişaf edir, amma tələbat ondan da çox inkişaf edir. Bizim işimiz bu tələbatı ödəməkdir".

E.Rüstəmov, gündəmdə bankların faiz dərəcəsinin aşağı salması məsələsinə də toxunub: "1998-ci ildə neftin qiyməti də xeyli aşağı düşmüşdü. Lakin Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayiş etdirdi". O bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırkı enmə proseslərinə də kifayət qədər hazırdır: "Ötən dövr ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artıb. Cari ildə də iqtisadi artım davam edəcək. Bütövlükdə artımın 2,5 faiz olacağı gözlənilir. 2014-cü ildə ölkədə inflyasiya proqnozlaşdırılandan da aşağı olub. Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq pulun dərəcəsini aşağı endirmə siyasətini həyata keçirir. Azərbaycan bank sektoruna böhran zamanı kiçik yardım göstərdik, indi onlar bunu geri qaytarır. Biz bankların minimum tələbinin 50 milyona qaldırdıq. İndi onlar 1,8 dəfə artıb. Bir neçə problemli banklarla fərdi iş aparacağıq. Banklarda kifayət qədər vəsait var və normadan 2 dəfə çoxdur. Cari dövrdə əmanətlər 9% artıb. Bankların faiz dərəcəsini aşağı salması məsələsi var. Çünki nailiyyətləri var. Əhali də alternativ yollar axtarır, vəsaitlərini şaxələndirməyə çalışır. Ölkənin maliyyə sektoru 1995-ci ildən bu yana 24 dəfə artıb".

E.Rüstəmov, həmçinin əhalinin tələbatını ödəmək üçün istehlak krediti ilə bağlı məsələyə də toxundu. Bildirdi ki, Mərkəzi Bankın istehlak krediti verilməsi məsələsində balanslı mövqeyin tərəfdarıdır. E.Rüstəmov onu da qeyd etdi ki, əhali tələbatını ödəmək üçün istehlak krediti götürmək istəyir, lakin həddindən artıq kredit almaq mənfi nəticəyə gətirib çıxara bilər: "Nəzərə almaq lazımdır ki, banklar təkcə öz vəsaitləri hesabına yox, ictimai fondlarla da işləyirlər. Bankların pul qazanmaq xatirinə ekspansiyaya yol verməsi son nəticədə onların müstəqilliyinin itirilməsinə gətirib çıxara bilər. Buna görə, bu proses həm əhalinin, həm də bankların mənafeyini qorumalıdır".

Parlamentdə 2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər