PDF Oxu

Əsas

  • 1 631

Gələn ilin dövlət büdcəsi davamlı inkişafa təminat yaradacaq

Gələn ilin dövlət büdcəsi davamlı inkişafa təminat yaradacaq

Musa Quliyev: "Gələn ilin büdcəsi uğurlu, balanslaşdırılmış, real siyasətə əsaslanan büdcədir"

Məlum olduğu kimi, Milli Məclisin iqtisadi siyasət, sosial siyasət, aqrar siyasət, təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirələri aparılıb. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev "Səs" qəzetinə verdiyi açıqlamasında Azərbaycanın 2015-ci il üzrə dövlət büdcəsinin layihəsi ölkənin inkişaf strategiyasına uyğun hazırlandığını bildirib: "2015-ci ilin dövlət büdcəsi zərfinin təhlili bir daha onu sübut edir ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasını uğurla həyata keçirir və Azərbaycan bir dövlət olaraq öz inkişaf tempinin növbəti ildə də saxlayacaq".

M.Quliyev ümumdünya maliyyə-iqtisadi böhranının hələ də bir çox ölkələrdə davam etdiyini vurğulayaraq bildirdi ki, bu fondda Azərbaycan dövlət büdcəsinin isə bir milyard manatdan çox gəlir hissəsinin artması və sosial layihələrin daha da genişlənməsi, sosial xərclərin daha da artması onu göstərir ki, ölkəmiz dünyanın inkişaf edən dövlətlərindəndir: "Gələn ilin dövlət büdcəsinin mütləq ifadədə gəlirləri 19 milyard 500 milyon, xərc hissəsi isə 21 milyard 100 milyon manat təşkil edəcəkdir. Bu da ötən ilin dövlət büdcəsindən təxminən 4 faiz çoxdur".

Millət vəkili bu uğurun əldə olunması səbələrinə də aydınlıq gətirdi: "Ümumdünya maliyyə və iqtisadi böhranının baş verdiyi bir vaxtda, dünyanın müxtəlif ölkələrində siyasi-hərbi kataklizmlərin baş verdiyi, neftin qiymətinin çox qeyri-stabil olduğu bir halda Azərbaycanın öz iqtisadi inkişafını uğurla davam etdirməsi, növbəti 2015-ci ilin budcəsində həm ümumdaxili məhsulda, həm də dövlət büdcəsində artımları proqnozlaşdırılması onu göstərir ki, Azərbaycanda Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında balanslaşdırılmış daxili və iqtisadi siyasət həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, gələn ildən ümumdaxili məhsulun içərisində qeyri-neft sektorunun payı ildən-ilə artmaqda davam edəcəkdir. Belə ki, gələn il dövlət büdcəsi gəlirlərinin 6 milyard 750 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Bu isə ötən illə müqayisədə 505 milyon manat çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfer isə 10 milyard 388 milyon manat nəzərdə tutulub. Qeyri-neft sektorunun gələn il 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə artaraq 66 faizdən 2018-ci ildə 71,3 faizə çatacaq".

M.Quliyev, həmçinin gələn ilin dövlət büdcəsi 4 prioritet istiqamətlər - aqrar sektor, kommunikasiya-informasiya kommunikasiya texnologiyaları, turizm-ekologiya sistemlərinə yönəldiyini vurğuladı: "Bunlar artıq Azərbaycanın ümumdaxili dövlət büdcəsinin xeyli hissəsini təşkil edir ki, bu da neft strategiyasının düzgün qurulması və ölkə Prezidenti Cənab İlham Əliyevin böyük uzaqgörən siyasətinin nəticəsidir. Təsadüfi deyil ki, biz gələn ilin dövlət büdcəsini təsdiq edən ərəfədə cari ilin də yekun rəqəmlərini və Azərbaycanın əldə etdiyi nəticələri müzakirə edirik. Bir çox nüfuzlu beynəlxalq reytenq agentliklərinin açıqlamalarına görə Azərbaycan beynəlxalq səviyyədə öz sosial-iqtisadi statusunu daha da yaxşılaşdırmışdır. Qlobal rəqabətlilik indeksinə görə Azərbaycan 200 dövlət arasında 38-ci və MDB məkanında isə birinci yerdədir. Bu, bir daha onu göstərir ki, qısa müddət ərzində Azərbaycanın apardığı uğurlu sosial-iqtisadi siyasət öz bəhrəsini vermişdir. Beləliklə, gələn ilin dövlət büdcəsini ümumiləşdirib xarakterizə edərkən investisiyatutumlu və sosialyönümlü büdcə adlandıra bilərik. Təsadüfi deyil ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsində sosial proqramlara böyük yer ayrılıb. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin hərtərəfli inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına yönəldilmiş sosial-iqtisadi inkişaf kursunu rəhbər tutulmaqla hazırlanmış layihədə sosial məsələlərin, aztəminatlı əhaliyə dövlət dəstəyinin prioritetliyi saxlanılıb. Bu baxımdan 2015-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi sosial xərclərə yönəldilib. Həmçinin, ötən ilin dövlət büdcəsi ilə müqayisədə 2015-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsində səhiyyə xərcləri 7,2 faiz, nəqliyyat və rabitə xərcləri 5,7 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclər 5,2 faiz artıb. Eyni zamanda, gələn ildə də pensiyaların, müavinətlərinin artırılması gözlənilir. Beləliklə, bu sadalanan uğurlu nailiyyətlər onu deməyə əsas verir ki, gələn ildən dövlət büdcəsi uğurlu, balanslaşdırılmış, real siyasətə əsaslanan büdcədir. Ən əsası isə xalqımızın sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək büdcədir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər