PDF Oxu

Əsas

  • 1 657

Türkiyə Ermənistanla sərhədi açacaqmı?

Türkiyə Ermənistanla sərhədi açacaqmı?

Və ya ortada Qərb və ABŞ siyasi dairələrinin barmağı da görünür

Qardaş Türkiyədə Ermənistanla sərhədləri açmaq barədə məsələ yenidən gündəmə gəlib. Belə ki, istər ölkə mətbuatında, istərsə də siyasi dairələrdə bu ətrafda söz-söhbətlər artmağa başlayıb. Hətta AKP iqtidarında təmsil olunan Türkiyə Böyük Millət Məclisinin bir sıra vəkilləri də bu amili açıq şəkildə ortaya qoymaqdadırlar. Onu da xatırlatmaq yerinə düşərdi ki, zaman-zaman qardaş ölkənin diplomatları sözügedən kontekstdən çıxışlar edir, Ermənistanla sərhədlərin açılması barədə rəylərini bölüşdürürlər. Buna misal kimi, yaxınlarda Türkiyənin Azərbaycandakı səfiri olmuş Ünal Çevikgözün sözügedən məsələdə açıq şəkildə Ermənistanın mövqeyini dəstəkləməsi, sərhədlərin açılması vacibliyindən dəm vurması artıq bir çox qaranlıq məqamları üzə çıxarmış olub.

Sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib

Yeri gəlmişkən, hələ bu ilin yayında Türkiyə mediasında Ermənistanla sərhədlərin açılqması "müjdəsi" yer almağa başlamışdı. Hətta həmin vaxt bu ölkənin baş naziri vəzifəsini icra edən hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata gizli təlimatlar verdiyi də məlum idi. Məsələn, ötən yay Türkiyənin "Taraf" qəzeti bu barədə geniş məqalə vermişdi. Qəzetdə yer alan məlumatda bildirilirdi ki, baş nazir Rəcəb Tayyib Ərdoğan sentyabrda sərhəd qapısının açılması ilə bağlı hətta təlimat da verib. Onu da xatırladaq ki, məhz "Taraf" qəzeti hakim AKP iqtidarına yaxınlığı ilə seçilən bir media orqanıdır. Bu baxımdan, hələ yay ayında belə məlumatların səsləndirilməyə başlaması artıq qərarın verildiyini dolayısı ilə olsa da təsdiq edir.

Bəs nə baş verir? Nəyə görə beynəlxalq siyasi arenada daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qardaş Türkiyə bu mövqeyə zidd olan, hətta çərçivəni aşan qərarı reallaşdırmağa çalışır? Çünki ortada görünən daha bir məqam ermənilərin qondarma soyqırımının 100 illiyi ilə bağlı apardıqları kampaniyalarıdır və bu kampaniyanın daha bir tərəfi Türkiyəyə qarşı Qərbin təzyiqi kimi qiymətləndirilə bilər. Məhz yay aylarından bəlli idi ki, prezidentliyə namizədliyini açıqlayandan sonra Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün ikinci addım atmağa qərar verib. Yuxarıda adıçəkilən "Taraf" qəzeti də yazırdı ki, Ermənistanla sərhəd olan Alican sərhəd qapısının açılması həm də ABŞ-Ermənistan münasibətlərinin normallaşacağına hesablanıb. Qəzetin yazdığına görə, ermənilər qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı bir sıra tədbirlər hazırlayırlar. AKP hökuməti isə bu kampaniyanın təsirini azaltmaq üçün işlərə başlayıb. Hətta Ərdoğan ilk addım olaraq, yəni baş nazir olduğu zaman bu ilin aprel ayında qondarma soyqırımının ildönümü ərəfəsində 1915-ci ildə baş verən hadisələr zamanı ölən ermənilərin nəvələrinə başsağlığı da vermişdi. Bundan əlavə, sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Artıq buraxılış məntəqəsində gömrük cihazları, X Rayler sisteminin qurulması da tamamlanıb. Rəsmi açılış tarixi hələ dəqiqiləşdirilməyib. Ancaq bu tarixin dəqiqliyi barədə yaxın günlərdə məlumat veriləcək.

Hansı ki, Alican sərhəd qapısı Dağlıq Qarabağ münaqişəsi başlayandan, Azərbaycan torpaqları işğal ediləndən sonra bağlanılıb. Türkiyənin rəsmi dairələri dəfələrlə sərhəd qapısının Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənə kimi açılmayacağı barədə bəyanatlar səsləndiriblər.

Artıq Türkiyə ilə Ermənistan arasında bu məsələdə ABŞ-ın patronajlığı ilə ilkin gizli anlaşma əldə

edilməsini də düşünmək olar

Bütün bu kimi faktorları incələyərkən, həm də belə anlaşılır ki, ortada Qərbin barmağının, xüsusilə də ABŞ siyasi dairələrinin mövqeləri aşkar görünməkdədir. Artıq Türkiyə ilə Ermənistan arasında bu məsələdə ABŞ-ın patronajlığı ilə ilkin gizli anlaşma əldə edilməsini də düşünmək olar.

Digər tərəfdən, bu məsələdə Ərdoğan iqtidarının daha bir addımını xatırlatmaq olar. Məsələn, Ərdoğanın Ermənistan prezidenti Serj Sarkisyanı Türkiyəyə dəvət eləməsinin də arxasında anlaşmanın olduğu söylənilir. Hətta ötən yay Amerikanın Ermənistandakı səfiri Con Xafern Sürix protokollarından danışarkən ümidi itirmədiklərini, sərhədlərin açılması məsələsində Türkiyə ilə işləməkdə davam etdiklərini söyləmişdi. Diplomat həmçinin Sürix protokollarının əsas təşəbbüskarının Vaşinqton olduğunu, Birləşmiş Ştatların tərəflərə sərhədləri açmaq üçün təkan verdiyini xüsusi vurğulamışdı.

Beləliklə, göründüyü kimi, proses dayanmayıb bu prosesin ABŞ-ın, Qərb siyasi dairələrinin himayəsi altında davam etdirilməsi artıq sirr deyil. Necə deyərlər, "od yanmasa, tüstü çıxmaz". Ancaq qardaş dövlətin belə addımı atacağına bu gün kimsə inanmaq istəməsə də, ortada real faktların olması insanları düşündürür. Demək, onu da ehtimal etmək mümkündür ki, Qərb Türkiyəyə qarşı təzyiqlərini demək olar ki, gerçəkləçdirməyi bacarıb. Görünür, bu saəbəbdən, qardaş ölkədə fəaliyyət göstərən bir çox müxalifət partiyaları və siyasi qurumlar Ərdoğan iqtidarının yürütdüyü siyasətə qarşı sərt etirazlarını bildirməyə başlayıblar.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər