"İqtidar hər zaman sübut edib ki, ölkəmizdə fəaliyyət göstərən istənilən müxalif partiya ilə dialoqa hazırdır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov ötən həftə iqtidar-müxalifət dialoqunun keçirilməsinə münasibət bildirərkən deyib. Siyavuş Novruzov xatırladıb ki, bu vaxta qədər iqtidar müxalifət partiyaları ilə bir neçə görüş keçirib: "Dekabrın 13 də keçirilən növbəti diloq da bu timsaldandır. Yeni Azərbaycan Partiyasının (YAP) tərkibində Partiyalararası əlaqələr və dialoq komissiyası fəaliyyət göstərir. Sözügedən komissiyanın rəhbəri Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənovdur. Parlamentdə təmsil olunan və digər siyasi partiya rəhbərləri ilə keçirilən görüş iqtidarla müxalifət arasında dialoq istəyən partiyaların görüşü idi. Bir neçə partiyanı çıxmaq şərtilə siyasi partiya rəhbərlərinin görüşünü kifayət qədər uğurlu hesab edirəm. Bu, bir daha onu göstərdi ki, iqtidar gizlin deyil, açıq şəkildə dialoq keçirməyə qadirdir".
"Bu və ya digər formada dialoqdan qaçırlar"
YAP İcra katibinin müavini daha bir məqama toxunaraq bildirib ki, dialoq hər kəsə açıq formada keçirilib və burada ictimai rəydən heç nə gizlədilməyib. Lakin elə müxalifət partiyaları da var ki, onlar xarici siyasi dairələrlə, diplomatik nümayəndələrlə görüş keçirərkən, bunu bağlı qapılar arxasında edirlər: "Bağlı qapılar arxasında ayrı-ayrı ölkələrin səfirləri, beynəlxalq təşkilatların sözçüləri ilə görüşlər keçirən radikal müxalifət partiyalarına bu gün iqtidar tam şəkildə münasibətini göstərdi. Kim dialoq aparmaq istəyirsə, buyursun". Siyavuş Novruzov AXCP, Müsavat kimi partiyaların mövcud dialoqdan kənarda qalmalarını, bu prosesə qoşulmamalarını ilginc təhlil edərək bildirib ki, əslində, bu göstərişi onlara xidmət göstərdikləri xarici dairələr verib: "Təəssüf ki, bəzi siyasi partiyaların daxilində qarşıdurmalar yaşandığından, beynəlxalq təşkilatların sözü ilə siyasət apardıqlarından vahid mövqedən çıxış edə bilmirlər. Ona görə də, bu və ya digər formada dialoqdan qaçırlar. Bir tərəf deyir mənimlə, digər tərəf deyir mənimlə dialoq aparılmalıdır. Bu partiyalar xarici dövlətlərin əlində alətdirlər. Bunların hər hansı bir məsələdə dialoqa getmələrinə icazə vermirlər. Dialoqa birmənalı yanaşmayanlar özlərinin sambalını artırmaq üçün müxtəlif fikirlər söyləyirlər. Azərbaycanın siyasi sistemində qarşısına məqsəd qoyan partiyaların nə qədər az, nə qədər çox müxalif olduğuna heç kim qərar verə bilməz. Əgər bir siyasi partiya qeydiyyatdan keçibsə, fəaliyyət göstərirsə o zaman iqtidarla dialoq aparmaq hüququna malikdir".
"Bakı Şəhər İcra Hakmiyyəti bunlara mitinq keçirmək üçün ya vağzalda, ya da çayxanada yer verməlidir ki, sakinlər narahat olmasın".
YAP rəsmisi ötən həftə Müsavat Partiyasının keçirdiyi mitinqə də münasibətini bildirib və qeyd edib ki, ölkə tarixində bu cür utancverici aksiya keçirilməyib: "Azərbaycan mitinqçilik tarixində belə biabırçı mitinq görməmişdi. Müsavat Partiyasının mitinqinə toplaşan insanların böyük əksəriyyəti jurnalistlər, təhlükəsizlik xidmətinin nümayəndələri idi. Guya həbs olunanlara azadlıq devizi altında keçirilən mitinqə həmin insanların valideyinlərini, tanışlarını cəlb edərək onların da sosial bazasından istifadə etməyə çalışmışdılar. Bunun siyasi partiyaya nə aidiyyatı var?"
Siyavuş Novruzov bildirib ki, əgər bir partiya öz qurultayını demokratik, şəffaf keçirməyi bacarmırsa, onun keçirdiyi mitinq də bundan artıq olmayacaq: "Müsavat Partiyasının ədalətsiz qurultayından sonra partiyanın rayon təşkilatlarının nümayəndələrinin iştirak etməməsi saxtakarlığın, qeyri-demokratik seçkinin bariz göstəricisidir. Gələcəkdə Bakı Şəhər İcra Hakmiyyəti bunlara mitinq keçirmək üçün ya vağzalda, ya çayxanada yer verməlidir ki, sakinlər narahat olmasın. Sosial bazası, elektrotatı olmayanlar insanların istirahət gününü pozurlar. Ayrılan vaxtın 40-45 dəqiqəsindən ancaq istifadə edə bildilər. Çünki deməyə sözləri yoxdur. Köhnə fikirlər, çeynənmiş sözlərə qulaq asan yoxdur".
İntizarə Məmmədova