Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünən Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevlə görüşüb. Komitədən SİA-ya verilən məlumata görə, görüş zamanı Milix Yevdayev bildirib ki, Azərbaycanda konfessiyalar arasında sülh, dostluq və əməkdaşlıq şəraitinin formalaşması kursunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O qeyd edib ki, bu gün həmin kurs bütün xalqın, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların dəstəyinə güvənən prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Mübariz Qurbanlı isə respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: "Azərbaycanda istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var".