Dünyanın 80-ə yaxın ölkəsinin iştirak edəcəyi olimpiadanın Təşkilat Komitəsinin sədri professor Nərgiz Paşayevadır
2015-ci ildə ölkəmizdə daha bir beynəlxalq olimpiada keçiriləcək. Bu, 47-ci Beynəlxalq Kimya Olimpiadasıdır. 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçiriləcək olimpiadada dünyanın 80-ə yaxın ölkəsi iştirak edəcək. Təhsil Nazirliyinin məlumatına istinadən, 47-ci Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə keçirilməsi məqsədilə nazirlik tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.
Qaydalara əsasən, olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədi ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında kimya fənni üzrə seçim turları keçiriləcək. Seçim turlarına X-XI sinif şagirdləri cəlb ediləcək. Seçim turlarının yekun mərhələsinin qalibləri M.V.Lomonosov adına MDU-nun Bakı filialında təşkil olunacaq Beynəlxalq Kimya Olimpiadasına hazırlıq məşğələlərində iştirak edəcəklər. Seçim turları rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir. Hər üç mərhələ üzrə suallar M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən hazırlanacaq.
İlk seçim turu 18 yanvar 2015-ci il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə 30 sual təqdim ediləcək və cavablandırılması üçün 3 saat vaxt veriləcək. Suallar siniflər üzrə məktəb proqramına uyğun qapalı test formatında hazırlanacaq. Zona mərhələsinin Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələri arasından seçiləcək. Zona mərhələsində iştirak edəcək şagirdlər ilk mərhələnin nəticələrinə əsasən Təşkilat Komitəsinin qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt ayrılacaq.
Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Bu mərhələdə də iştirak edəcək şagirdlər zona mərhələsinin nəticələri nəzərə alınmaqla, Təşkilat Komitəsinin qərarına əsasən müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Bunun üçün onlara 4 saat vaxt ayrılacaq.
Qeyd edək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. Sonuncu - 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.
NƏZAKƏT