PDF Oxu

Əsas

  • 1 942

Daxili bazarda bahalaşma yoxdur, milli iqtisadiyyat stabilliyini qoruyur

image

Dolların bahalaşması isə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici investisiyaların stimullaşdırılmasına xidmət edir

Vətəndaşlar atılan addımları, xüsusilə də, dolların bahalaşmasını dövlətin büdcəni qorumaq, öz

öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün zəruri addım kimi qiymətləndirir və mövcud qərara anlayışla yanaşırlar

Bu gün dünya ölkələri arasındakı sosial-iqtisadi, maliyyə və siyasi əlaqələr o qədər intensivləşib və inteqrasiya olunub ki, bir bölgədə hər hansı istiqamətdə mənfi tendensiya baş qaldırırsa, mütləq digər ölkələr də bunu hiss etməyə başlayır. Xüsusilə də, son illər ərzində qlobal transformasiya şəraitində Avropa ölkələrində və ABŞ-da ciddi iqtisadi-maliyyə böhranının yaşanması, eyni zamanda, Rusiya-Ukrayna münasibətləri, İŞİD-in fəaliyyətinin genişlənməsi fonunda enerji təhlükəsizliyi məsələsinin daha da aktuallaşması böhranın təsir dairəsini bir qədər də genişləndirib. Əlbəttə ki, bu da bütün dünya ölkələrinə, eləcə də, Azərbaycana öz təsirini göstərir. Elə Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu ilk vəzifə də gözlənilən həmin fəsadları minimuma endirmək olub: "İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq..." .

ABŞ və Avropa ölkələri qlobal böhranın məngənəsindədir

2008-ci ildən bütün dünyada iqtisadi və maliyyə baxımından öz mənfi təsirini göstərən qlobal böhran bu gün də formasını dəyişməklə yeni təsir ocaqları yaratmaqdadır. Cəmi 2 il ərzində ABŞ-da daxil olmaqla, Qərbi Avropanın ən inkişaf etmiş ölkələrini çətin vəziyyətdə qoymuş qlobal iqtisadi böhran uzun illər tərəqqisilə seçilmiş dövlətləri borcalan subyektlərə çevirib. Bu da əlbəttə ki, Avropanın mərkəzində sosial və siyasi böhranlara yol açıb. Məhz bu səbəbdəndir ki, ötən bir neçə ildə dünya iqtisadiyyatı 90-cı illərdən bəri davam edən daimi yüksəlişin qürub çağını yaşayır. İnsanları isə düşündürən odur ki, dünya iqtisadiyyatının mərkəzi və müasir texnoloji üstünlüklərin "beşiyi", həmçinin mövcud olan ən mükəmməl iqtisadi və idarəetmə modelinin tətbiq edildiyi Avropa nə üçün hazırki resesiya dövrünü yaşayır?

Bu sahədə araşdırma aparmış tədqiqat mərkəzlərinin verdikləri məlumatlara görə, 2008-ci il iqtisadi böhranının yaratdığı durğunluq səbəbindən AB-nin zəif halqası olan Yunanıstanda dövlət borclarının sürətlə artması (2011-ci ildə Yunanıstan dövlət borclarının miqdarı 351.5 mlrd. avro olub ki, bu da ÜDM ilə müqayisədə 157.7% deməkdir.) və iqtisadi daralma səbəbindən büdcə kəsirinin böyüməsi ölkəni iflasın kənarına gətirdi. Məhz, Yunanıstan böhranı AB-nin hazırda yaşamaqda olduğu maliyyə böhranının ilk işartısı idi. Hansı ki, ilkin olaraq problemin həllinə biganə münasibət olmasa idi, bu günkü ağır fəsadlar da yaranmazdı. Çünki, bəhs etdiyimiz ölkə AB-iqtisadiyyatının yalnız 2,5 faizinə sahibdir ki, bu da kifayət qədər kiçik göstəricidir. AB-nin hazırkı vəziyyətini zamanında "müalicə olunmayan yaranın qanqrenaya çevrilməsinə" bənzətmək olar. Günü-gündən genişlənən böhran dalğası eyni zamanda, Portuqaliya, İrladiya kimi kiçik ölkələrlə yanaşı İtaliya və İspaniya kimi böyük iqtisadiyyatları da öz ağuşuna alıb. Bu günün nəticələrinə əsasən demək olar ki, AB iqtisadiyyatının 30 faizdən çoxu iqtisadi depresiyaya yaxındır.

Eyni zamanda, Avropa məkanındakı iqtisadi gerilik özünü sosial böhranla da göstərməyə başlayıb. Çünki, Avropanın ayrı-ayrı ölkələrində, konkret olaraq, İngiltərə, Yunanıstan və İtaliyada təhsilə, sosial ödənişlərə ayrılan vəsaitlərin azaldılması da baş verdi. Bu da əlbəttə ki, insanların narazılıqlarına səbəb oldu.

Qlobal iqtisadi və maliyyə böhranın başa çatmadığı bir dönəmdə Avropanın Şərqində - Ukraynada aktiv münaqişə yaradıldı. Bu da əlbəttə ki, Avropanın iqtisadi və sosial baxımında böhran içində olmasına baxmayaraq, "qoca qitə" siyasi məngənəyə də düşdü. Bununla da, Rusiya ilə olan münasibətlərini pisləşdirən Avropa ölkələri aldıqları qaza görə qiymətin qaldırılması riskilə də qarşılaşmaqdadırlar.

Bir sözlə, bu gün Avropada vəziyyət həddindən artıq ağırdır. Buraya etnik-dini münasibətlərin ağırlaşmasını, ksenofobiyanın, neofaşizmin baş qaldırmasını da əlavə etsək, o zaman daimi inkişaf modeli kimi təqdim olunan Avropada nələrin tüğyan etdiyini aydınlaşdırmış olarıq.

Bu konteksdə qeyd etmək yerinə düşər ki, maliyyə-iqtisadi böhran baş verərkən, onun ən böyük təsir etdiyi istiqamət məhz, dövlətin iqtisadi əməliyyatları və əhalinin güzəranı olur. Lakin burada əsas fərq ondan ibarətdir ki, bu böhranın mənfi təsirlərindən yayınmaq üçün dövlətlər müxtəlif metodlardan istifadə edirlər. Elə Azərbaycanın tətbiq etdiyi yollar onu göstərir ki, Azərbaycan Avropa ölkələrinin vəziyyətinə düşmək fikrində deyil.

Azərbaycanın anti-böhran tədbiri: valyuta səbəti dəyərinin hədəflənməsinə keçid...

Qlobal iqtisadi məkanda özünəməxsus yer tutmuş Azərbaycanın da mənfi təsirlərlə üzləşəcəyi əvvəlcədən bəlli idi. 2008-ci ildə başlanmış böhranın ölkəmizin iqtisadiyyatına təsirinin indi hiss edilməsi də sübut edir ki, Azərbaycan iqtisadiyyatı sağlam təməl üzərindədir. Sadəcə olaraq, neftin qiymətinin enməsi, dolayısı ilə Ukrayna və Yaxın Şərq münaqişələrinin getdikcə güclü alovlanması ölkəmizin də qlobal böhranın təsirlərinə məruz qalmasına gətirib çıxardı. Bunu əvvəlcədən görən Prezident İlham Əliyev də yuxarıda qeyd edildiyi kimi, müvafiq tapşırıqlarını da verdi. Məhz, bu tapşırığa ilk reaksiya verən Azərbaycan Mərkəzi Bankı (AMB) oldu. AMB-nin İdarə Heyəti bu il fevralın 16-dan etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar verdi. Bu o demək idi ki, AMB məzənnə siyasətini ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirməyi məqsədəuyğun hesab edir. Sözügedən qərarla əlaqədar AMB-nin yaydığı məlumatda daha sonra bildirilirdi ki, bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək.

Fevralın 21-də isə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti növbəti qərar verdi. Bu qərarla həmin tarixdən 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən olundu. Qərarın milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul olunduğunu bildirən AMB bəyan etdi ki, manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.

Daxili bazarda qiymət artımı müşahidə edilmir

Beləliklə də, manatın dollara nisbətdə ucuzlaşması daxili istehlak bazarında qiymətlərə təsir etsə də, onu da kritik hesab etmək olmaz. Əvvəla, hələ Azərbaycanda neft hasilatının və neftin qiymətinin "pik" vaxtında qeyri-neft sektorunun inkişafı istiqamətində maksimum tədbirlər görülmüşdü və həmin tədbirlər bu gün də davam edir. Xüsusən ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin edilməsi üçün aqrar sektor daha çox diqqət mərkəzində saxlanılır.

Bu gün Azərbaycan bir çox ərzaq məhsulları, məsələn, mal əti ilə 87, qoyun əti ilə 97, quş əti ilə 98, yumurta ilə 100, süd və süd məhsulları ilə 76, üzümlə 98, kartofla 90, bostanla 100, meyvə və giləmeyvə ilə 120, tərəvəzlə 103, şəkərlə 170, bitki yağları ilə 77 faiz özü-özünü təmin edir. Ona görə də əsas ərzaq məhsullarının qiymətlərinin sıçrayışla bahalaşması gözlənilmir.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyatının əksər sektorlarında təmsil olunan "Azersun Holdinq"dən bildirilib ki, şirkətlər qrupu tərəfindən qiymət artımı ilə bağlı heç bir qərar qəbul etməyib. "Hal-hazırda spekulyativ vəziyyətdən istifadə etmək istəyən işbazlar var ki, vəziyyətdən faydalanmağa çalışırlar. "Azərsun" olaraq bildiririk ki, bu istiqamətdə o işbazlara heç bir şərait yaratmayacağıq. Ümumilikdə, hal-hazırda ərzaq məhsullarının qiymətlərində dəyişikliklə bağlı qərarımız yoxdur", - deyə holdinqin ictimaiyyətlə əlaqələr və sosial layihələr şöbəsinin müdiri Afiq Səfərov bildirib.

A.Səfərov əlavə edib ki, hal-hazırda holdinq tərəfindən bu məsələ ilə bağlı xüsusi komissiya yaradılıb: "Müvafiq dövlət qurumları ilə sıx şəkildə işləyirik, müzakirələr aparırıq. Hal-hazırda qiymət artımı ilə bağlı qərarımız olmayıb. Bu istiqamətdə müzakirələr tamamlandıqdan sonra qərar veriləcək".

Ölkənin ən iri un istehsalçılarından olan "Karat Holdinq" MMC-də də qiymət artımı ehtimalı ilə bağlı əhalinin narahatçılığına heç bir əsas görmürlər. "Karat Holdinq"in baş direktoru Saleh Qasımov bildirib ki, indi və yaxın gələcəkdə unun bahalaşmasından söhbət gedə bilməz: "Bilirsiniz ki, biz un istehsalı ilə məşğuluq. Bizim tərəfimizdən də unun satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. Nə qədər alıcı varsa, o qədər də satış edə bilirik. Yəni, heç bir məhdudlaşma yoxdur, istənilən şəxs, istənilən həcmdə un ala bilər. Burda heç bir problem yoxdur. Başqa sözlə, burda hər hansı bir spekulyasiya, qiymət oynatmaqdan söhbət gedə bilməz. Bizim fikrimizcə, unun qiyməti sabit olacaq. Üstəlik, unun satışında da heç bir məhdudiyyət olmayacaq".

Ölkənin ən iri ərzaq məhsullarının satışı üzrə əsas marketlər şəbəkələrindən biri "Rahat Market" vəziyyətdən istifadə etməyən şəbəkələrdəndir. Adıçəkilən şəbəkənin marketinq departamentinin müdiri Kənan Şirinov deyib ki, son dövrlərdə qiymət siyasətində dəyişiklik olmayıb: "Rahat Market" şəbəkələrində heç bir qiymət artımı yoxdur. Hazırda satışlarımız əvvəlki qiymətlərlə baş tutur. Bəzi marketlərimiz günlük standart iş rejimində işləyir. Bəzi marketlərimiz isə 24 saatlıq iş rejimində çalışır. Məhsul çeşidi ilə bağlı heç bir problemimiz yoxdur. Qəti fikrimiz qiymət artımına getməməkdir. Çalışacağıq ki, köhnə qiymətlərlə satışı davam edək", - deyə K. Şirinov vurğulayıb. Qiyməti artırmayanlar arasında ölkənin iri sement istehsalçıları da var. Belə ki, sement zavodlarının istehsal etdiyi məhsullar da bahalaşma müşahidə edilmir. Elektronika və məişət cihazlarının satışı ilə məşğul olan bəzi obyektlərdə qiymət artımına rast gəlinsə də, bu sahədə fəaliyyət göstərən əksər sahibkarlıq subyektlərində qiymətlər stabil qalıb.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər