Əli Həsənov: "Ermənistan dövləti, onun xarici siyasətinə, yalanlar üzərində qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki erməni diasporu isterika içərisindədir. İndi onlar öz yalanlarını başqa ölkə rəsmilərinin fikirlərini açıq-aşkar təhrif etməklə yaymağa cəhd edirlər"
Rusiya ilə Azərbaycanı çox qədim tarixi köklər bağlayır, xalqlarımız 150 ildən çox bir dövlətin tərkibində yaşayıb. Mədəniyyətimiz, təhsilimiz, iqtisadiyyatımız o qədər qaynayıb-qarışıb ki, bu gün bu köklərin möhkəmlənməsi, əlaqələrin inkişaf etməsi artıq milli maraqlar səviyyəsində olan strateji məsələdir. Rusiyada yaşayan azərbaycanlıların maraqları da bu əlaqələrin möhkəmlənməsini tələb edir. Ümummilli Liderimiz Heydər Əliyev də Azərbaycan xalqının maraqlarına uyğun hərəkət edirdi, Onun müdrik siyasəti Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edirdi.
Əlbəttə ki, müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən şəxslərin səriştəsizliyi, bəzən də açıq xəyanəti ucbatından ölkəmizdə siyasi və iqtisadi böhran yaranmış, xarici təcavüz güclənmiş, vətəndaş müharibəsi reallaşmışdı. Bu amillərin üst-üstə düşməsi müstəqilliyi və dövlətçiliyi təhlükə altına almışdı. Bu təhlükəni aradan qaldıra bilməyən, respublikanı böhrandan çıxmağa qadir olmayan səriştəsiz rəhbərlər isə böyük qardaş axtarışına çıxmışdılar, gah bu, gah da o biri dövlətin "qoltuğuna" sığınmaq istəyirdilər. Bu da ölkə daxilində hakimiyyət böhranını gücləndirməklə bərabər, xarici münasibətlərə də ağır zərbə vururdu. Belə ki, müstəqilliyin ilk illərində Azərbaycanın yaxın qonşularla - Rusiya və İranla münasibətləri tamam pozulmuş, postsovet respublikaları ilə isə tam soyumuşdu.
Lakin 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı bu təhlükələrdən qurtardı. Ümummilli Lider təcrübəli bir siyasətçi kimi ölkə daxilində siyasi böhranı aradan qaldırdı, mahir bir diplomat kimi xarici siyasət sahəsində münasibətləri balanslaşdırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olundu, Azərbaycana zorla sırınmış qanlı müharibə dayandırıldı. Dünyanın transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. İqtisadiyyatı bərpa etmək və ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Azərbaycanda inkişaf mərhələsi - Heydər Əliyev mərhələsi başladı. Xarici siyasətdə bu mərhələ yaxın qonşularla, birinci növbədə Rusiya ilə münasibətlərin yenidən qurulması və qarşılıqlı faydalı əməkdaşlıq əsasında daha da inkişaf etdirilməsi ilə əlamətdar oldu.
Rusiyada Azərbaycana, ümumiyyətlə postsovet məkanına mənsub qonşulara konstruktiv münasibət 2000-ci ildə hakimiyyət dəyişikliyindən və hakimiyyətə müasir düşüncəli yeni qüvvələr gəldikdən sonra başladı. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin Ulu Öndər Heydər Əliyevin dəvətilə Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində 20-dən çox sənəd imzalanmaqla yanaşı, Xəzərin dibinin milli sektorlara bölünməsi, su səthinin ticarət və qarşılıqlı əməkdaşlıq baxımından ümumi istifadədə qalması ilə əlaqədar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Birgə Bəyannamə" imzalandı. Bu, Xəzərin hüquqi statusu problemində hər iki dövlətin mövqe yaxınlığını rəsmi şəkildə əks etdirən, prinsip etibarilə Azərbaycanın ilk gündən dəstəklədiyi milli sektorlara bölünmə ideyasının gerçəkləşməsinin əsasını qoyan rəsmi sənəd idi.
V.Putin 2001-ci ildə Prezident kimi Azərbaycana ilk rəsmi səfəri zamanı qeyd etmişdi ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmini bir milyard dollara qaldırmaq lazımdır. Bunun üçün imkanlar da, arzular da, siyasi iradə də var. Budur, bu rəqəm artıq iki milyardı dolları ötüb. Deməli, bu sahədə çox yaxşı potensial var. Onu da qeyd etmək lazımdır ki, söhbət təkcə enerji daşıyıcılarından deyil, həm də intellektual və humanitar məhsullardan gedir, bu isə ölkələrimizin potensialını yaradır. Məhz bu gün Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan Rusiyaya olan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb, iki ölkə qarşılıqlı maraq kəsb edən məsələləri dialoq və anlaşma yolu ilə həll edir.
Amma görünür, Azərbaycanla Rusiya arasında münasibətlərin bu qədər isti olması qərəzli qüvvələrə, xüsusilə də, erməni lobbisinə və onun təsiri altında olanlara xoş gəlmir. Bu səbəbdən də, çalışırlar ki, iki ölkə arasındakı münasibətlərə kölgə salsınlar. Biz bunu elə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin Ermənistana səfərinin nəticələrindən sonra gördük. Belə ki, Leonid Slutskinin Ermənistana səfərindən sonra erməni mediası onun adından bir sıra anti-Azərbaycan yönümlü məlumatlar yayıb. Lakin Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirərək onun adından yayılmış fikirləri təkzib edib, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının dostu olaraq qaldığını vurğulayıb. Rusiyalı deputat mətbuat konfransında Ermənistan KİV-lərinin ona istinadən yaydıqları, guya bu yaxınlarda Yerevana səfəri zamanı çıxışında Azərbaycan haqqında dediyi sözləri uydurma adlandırıb. L.Slutski deyib: "Mən Azərbaycan xalqının dostu olmuşam, indi də dostuyam və dostu olaraq qalacağam. Məni Azərbaycan siyasətçilərinin və mədəniyyət xadimlərinin çoxu ilə neçə on ildir ki, sıx münasibətlər bağlayır".
Rusiyalı deputat bütün bunları onun Azərbaycandakı imicinə zərbə vuran "faktların çək-çevir edilməsi və açıq fantaziyalar" adlandırıb. O, vurğulayıb ki, Azərbaycan XİN-in bu məsələ ilə bağlı sərt reaksiyanın səsləndiyi bəyanatını başa düşür. L.Slutski bildirib ki, bununla belə, Rusiyada "çox çətin vəziyyətlərdə Azərbaycanın gerçək dostları olduqlarını sübuta yetirmiş" siyasətçilər var. O deyib: "Zənnimcə, yaxın vaxtlarda onların sayı artacaq. Ölkələrimizi çox sıx münasibətlər bağlayır və bu münasibətlər getdikcə daha da sıxlaşır. Mənə belə gəlir ki, Azərbaycanın dostları olduqlarını sübuta yetirmiş insanlara qiymət verərkən, onların bilavasitə öz nitqindən istifadə etmək lazımdır".
Dövlət Dumasının deputatı vurğulayıb: "Fəxr edirəm ki, Azərbaycan xalqının, onun postsovet məkanının ən istedadlı rəhbərlərindən biri olan Prezidentinin sadiq dostu olmuşam, indi də dostuyam və həmişə dostu olaraq qalacağam. Məhz İlham Heydər oğlu öz böyük atasının işini davam etdirərək, Azərbaycan iqtisadiyyatını enerji baxımından müstəqilləşdirib, Azərbaycanı inamla çiçəklənmə yolu ilə aparır".
Məsələyə münasibətini bildirən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, ermənilər qondarma soyqırımının 100 illiyi üçün öz qarşılarına qoyduqları hədəflərə çata bilməyiblər. Qondarma soyqırımının 100 illiyi ilə bağlı keçirəcəkləri tədbirlərdə ali səviyyəli xarici qonaqların iştirakı da sual altında qalıb: "Bütün bunlara görə Ermənistan dövləti, onun xarici siyasətinə, yalanlar üzərində qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki erməni diasporu isterika içərisindədir. İndi onlar öz yalanlarını başqa ölkə rəsmilərinin fikirlərini açıq-aşkar təhrif etməklə yaymağa cəhd edirlər. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından iki gün əvvəl erməni mediasında yayılmış fikirlər bu baxımdan növbəti uğursuz cəhddir. Belə addımlar, ilk növbədə, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür. Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan-Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər".
Bir sözlə, bu gün Azərbaycanın Rusiya ilə olan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və nəinki Ermənistanın, hətta digər qərəzli dairələrin cəhdləri bu əlaqələrin pisləşməsinə, yaxud ləkələnməsinə səbəb ola bilməz.
"Səs" Analitik Qrupu