PDF Oxu

Əsas

  • 1 751

ATƏT-in fəaliyyətsizliyi münaqişənin həllini uzadır

image

"Həmsədrlərin fəaliyyəti görüntü xarakteri daşıyır"

Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tam bir passivlik müşahidə edilir. Həttacəbhədə atəşkəsin Ermənistan tərəfində daha çox pozulduğu müşahidə olunur. Vəziyyətin qeyri-müəyyən durumla üzləşməsi ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə əlaqələndirilir. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, uzun illərdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olsalar da real addımlar ata bilməyiblər: "Demək olar ki, həmsədrlərin fəaliyyəti görüntü xarakteri daşıyır. Dağlıq Qarabağ münaqişəsinin həlli olunmaması məhz ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi ilə bağlıdır. Çünki işğalçı ölkədə vəziyyətin necə olmasından asılı olmayaraq, onsuzda hər zaman Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən müxtəlif bəhanələr gətirərək qaçıb. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk Qrupunun və beynəlxalq ictimaiyyətin ikili standartlardan yanaşması məhz münaqişənin həllinin tapmasını ləngidən əsas amillərdir".

Politoloq onu da bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində göstərilən səylər Ermənistanın qeyri-konstruktiv mövqeləri səbəbindən nəticəsiz qalmaqdadır: "Danışıqlar isə davam etdirilməkdədir. Azərbaycan dövlətinin gücü, hər tərəfli inkişafı bir daha onu sübut edir ki, əgər Azərbaycan dövləti istəsə bu gün işğal altında olan torpaqlarını azad edə bilər. Amma Azərbaycan dövlətinin istəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır. Ümumiyyətlə, gec-tez işğalçı ölkə olan Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcburdur. Çünki həmin ərazilər Azərbaycanındır".

E.Mirbəşiroğlu onu da bildirdi ki, Ermənistanda baş verən son olaylar işğalçı ölkədə hakimiyyət dəyişiklikliyinə gətirib çıxarmayacaq: "Çünki burada bir çox amillər var ki, bu amillər ehtimalları sıfıra endirir. Rusiyanın iradəsi olmadan və tapşırıqı olmadan düşünmürəm ki, işğalçı ölkə olan Ermənistanda hər hansı bir siyasi dəyişiklik baş versin".

GÜLYANƏ

Digər xəbərlər