PDF Oxu

Əsas

  • 1 801

Qərəzli yanaşmaya sərt münasibət gözləniləndir

image

Məlum olduğu kimi, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub, İlk Avropa Oyunları öncəsi Avropa Parlamentinin, Almaniya Bundestaqının qərəzli münasibətlərinə və xarici qüvvələrin Azərbaycanda "beşinci kolon"un qalıqlarının himayədarları ilə birləşib ölkəmizə qarşı hücüma keçmələrinə sərt mövqeni ifadə edib. Söhbət etdiyimiz müsahiblərimiz müşavirədə Prezident İlham Əliyevin Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirən qüvvələrlə bağlı səsləndirdiyi sərt fikirlərini reallıqların dilə gətirilməsi kimi dəyərləndirdilər.

Millət vəkili Fazil Mustafa: "Cənab Prezident İlham Əliyev çox real bir mövzuya toxunub"

- Cənab Prezident İlham Əliyev çox real bir mövzuya toxunub. Bu mövzuda da əsas məsələ odur ki, Azərbaycana qarşı təzyiqlərin müəyyən dərəcədə güclənməsi və əsassızlığı diqqətə çatdırılıb. Hər kəsə ölkəmizə qarşı qərəzli münasibətin bir kampaniya xarakteri daşıdığını və erməni lobbisinin dəstəyi ilə həyata keçirildiyi bəllidir. Bu şəxslər əgər belə bir tədbir keçirməyi planlaşdırırdılarsa necə olur ki, hamısı İlk Avropa Oyunlarının keçirilməsi vaxtına düşür? Demək olar ki, hamısı bir-biri ilə danışılmış şəkildə Azərbaycan təzyiq edir. Amma Azərbaycanın torpaqlarını işğal edən Ermənistana hansısa təzyiqin edilməsini görmürük. Belə bir vəziyyətdə xüsusilə Bundestaqla bağlı yanaşması doğrudur. Almaniya ayrıca bir dövlətdir. Bizə ağıl öyrətmək istəyirsinizsə gəlin onda biz sizə onun yolunu deyək. Gəlin torpağımızın erməni işğalından azad edilməsinə dəstək verin. Əgər başqa cür danışmaq istəyirsinizsə, Azərbaycan müstəqil bir dövlətdir. Heç bir dövlət öz suverenliyini kiməsə həvalə etməyib. Bu baxımdan da, məsələlərin bu qədər çılpaq şəkildə dilə gətirilməsi uyğun bir zamandan gəlib. Hesab edirəm ki, bunlar artıq Azərbaycanın dirənişini, müstəqil dövlət kimi özü özünü qoruduğunu görməlidirlər. Cənab Prezidentin çıxışı da buna işarə idi.

BMAM-nin rəhbəri Rufiz Qonaqov: "Bu Prezident İlham Əliyevin haqlı olaraq Qərbə etirazı idi"

- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə Qərbin və Avropanın bir sıra strukturlarının Azərbaycana qarşı qərəzli mövqeyi və Almaniya Bundestaqının eyni zamanda, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrlə bağlı çox sərt bir bəyanat verdi. Bu Prezident İlham Əliyevin haqlı olaraq Qərbə etirazı idi. Həqiqətən də Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Avropa ölkələrinin Olimpiya Komitələri qərar vermişdir. Amma sonradan ölkəmizə qarşı qarayaxama kampaniyasına start verildi. Bu isə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ikili standartlardır. Bu gün Azərbaycan müsəlman ölkəsi olaraq dünyada və regionda inkişaf etməkdə olan bir ölkədir. Azərbaycan dövlətinin iqtisadi qüdrəti ona imkan verir ki, dünya siyasi məsələləri ilə bağlı öz iddialarımızı diqtə edək. Sözsüz ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və eyni zamanda, güclənməsi həmin Avropa strukturlarını xüsusilə erməni diasporunun təzyiq altında olan Avropa strukturlarını və Qərb ölkələrini narahat edir. Bu baxımdan, Prezident İlham Əliyevin Qərbə ünvanlanan bu etiraz bəyanatı və mesajı çox haqlıdır.

GÜLYANƏ

Digər xəbərlər