Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında 14 iyul 1969-cu il "Azərbaycanda milli intibahın başlanğıc tarixidir" adlı dəyirmi masa keçirilib. Tədbirdə şəhər ziyalıları, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəyirmi masadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra YAP Gəncə şəhər təşkilatının ideoloji işlər üzrə şöbə müdiri Hüseyn Budaqov çıxış edərək bildirib ki, 46 il bundan qabaq - 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Ulu Öndər Heydər Əliyev dövrü başlanıb: "Elə bir dövr ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə, xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunur. Dünya Azərbaycanlılarının Lideri Heydər Əliyevin həyatının əsas qayəsi doğma Azərbaycan və Azərbaycan xalqı olub. Bütün varlığı ilə elinə-obasına bağlı olan müdrik rəhbər yalnız Vətənini, xalqını firavan, xoşbəxt görmək arzusu ilə yaşayıb, mübarizə aparıb, mücadilələr verib, hətta həyatını belə qurban verməkdən çəkinməyib. Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanıb.
Dahi Şəxsiyyət Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar dövlət imicini təsbit edib, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan geridə qalmış aqrar bir ölkədən, güclü sənaye və iqtisadi potensialı olan, gündən-günə inkişaf edən ölkə olub".
Tədbirdə ADAU-nun kafedra müdiri, dosent Azad Bayramov, AzTU-nun prorektoru, dosent Gülsüm Fətəliyeva, YAP 20 saylı ərazi ilk partiya təşkilatının sədri Maysara Məmmədova, "Yeni Gəncə" qəzetinin baş redaktoru Süsən Tağıyeva və başqaları çıxış edərək, ölkə həyatının bütün sahələrində əldə olunan uğurlardan , görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik siyasi kursunun bizə bəxş etdiyi zəfərlərdən, xoşbəxtlikdən, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin dərin zəkası və güclü diplomatiyası sayəsində Azərbaycanın nüfuzunun yüksəlməsindən söhbət açıblar.
Tədbir iştirakçıları AzTU-nun tələbəsi Turanə Həsənovanın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirini maraqla dinləyiblər.
Sonda dəyirmi masa iştirakçılarına Ümummilli Liderin mənalı həyatını, doğma xalqına misilsiz xidmətlərini əks etdirən "Heydər Əliyev - Dahi Şəxsiyyət" adlı sənədli filmi nmayiş etdirilib.
Rövşən RƏSULOV