Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon icra hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, 6 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb ki, bu da ölkə başçısı Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir: "6 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 3 milyard 460,6 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34,6 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 2 milyard 288,9 milyon manat və ya əvvəlki dövrlə miüqayisədə 2,1 dəfə çox olub. Yanvar-iyun aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 109,1 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,7 % çox istehlak malları satılıb. Həmin dövrdə xidmət müəssisələri tərəfindən əhaliyə 130.5 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.8 % çoxdur. 2015-ci ilin yanvar-may ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 111217 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1089,6 manat olub ki, bu da keçən illə müqayisədə 12,3 % çoxdur. 6 ay ərzində Səbail rayonu ərazisində 1034 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir".
A.Əsgərov, həmçinin vurğulayıb ki, hesabat dövrü ərzində Bakı Su İdmanı Sarayının, "İnturist" otelinin, Veloparkın, Avropa Oyunları Parkının, Dövlət Bayrağı Meydanı ərazisində YARAT Müasir İncəsənət Mərkəzinin, yeni Daş salnamə muzeyinin, Azərbaycan Evinin, Bayıl bulvarının, Avropa Oyunları Parkının qarşısında yaradılmış parkın, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin, "Sülh ağacı" abidəsinin, "Kiçik Venesiya şəhərciyi"ndə Avropa Qonaqpərvərlik Klubunun Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin binasının açılış mərasimləri keçirilib, əsaslı təmirdən sonra Bakı İdman Sarayı istifadəyə verilib.
İclasda Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Cavid Abdullayev, Səbail rayon su-kanal departamentinin rəisi Rauf Osmanov, rayon əhalinin sosial müdafiə mərkəzinin direktoru Rəna Əliyeva və başqaları çıxış ediblər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
RƏFİQƏ HÜSEYNOVA