PDF Oxu

Əsas

  • 1 564

Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib

image

Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Bu layihələrə dövlət dəstəyinin olması milli mədəniyyətimizin daha geniş bir şəkildə təbliğinə meydan verir. Ölkə rəhbərinin bir-birinin ardınca imzaladığı sərəncamlar mədəniyyət və incəsənətimizin inkişaf etdirilməsində önəmli amillərdir.

Son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə Azərbaycanda milli musiqimizin, muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində gerçəkləşən irimiqyaslı layihələr öz nəticəsini verir. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması, Muğam Mərkəzinin inşa edilməsi, "Muğam aləmi" festivalının təşkili, "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşri və s. Azərbaycan muğam sənətinin inkişafına təkan olmaqla yanaşı, Azərbaycan və muğam sənəti ilə bağlı geniş təsəvvürün yaranmasına də səbəbdir.

Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə və festivallarda Azərbaycan milli mədəniyyəti Qərb dünyasına yaxınlaşır. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən mədəniyyət layihələri sırasında artıq ənənəyə çevrilmiş Qəbələ musiqi festivalının xüsusi yeri var.

VII Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya musiqiçilərini bir araya gətirərək, Azərbaycan diyarı və onun musiqisi haqqında çox məqamları qonaqlara təqdim edəcək.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb. Son illər Qəbələ çox gözəl və müasir şəhərə çevrilib. Gözəl hotellər, yollar, hava limanı və digər imkanlar tədbirlərin yüksək səviyyədə təşkil olunmasına şərait yaradıb. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sıra da çəkilməsi uğurlardan xəbər verir. Qəbələ kimi gözəl bir məkanda beynəlxalq musiqi festivalının keçirilməsi təqdirəlayiqdir. Bu, hər bir azərbaycanlının sevinc, qürur mənbəyidir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Festival artıq Azərbaycanın hüdudlarından kənarda geniş şöhrət qazanmış, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Bu ecazkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan məqamlar iştirakçılara cənnəti xatırladıb. Açıq havada kamera, simfonik musiqini dinləmək, muğamın sehrinə düşmək elə cənnəti yaşamaqdır. Real mənzərə Azərbaycanın dünyada nüfuzunun gündən-günə artmasına dəlalət edir. Qədim tarixə və gözəl təbiətə malik Qəbələdə belə bir festivalın keçirilməsinin böyük əhəmiyyəti vardır. Azərbaycanın birinci xanmı Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etməsi mötəbər tədbirin əks-sədasının bütün dünyada çox geniş yayılacağına şübhə oyatmır.

Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir. Bu festival həm də böyük maarifçilik missiyası daşıyır. Dünyanın hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir. Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olduğunu bir daha təsdiqləyir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər