Tədbiri giriş sözü ilə açan Səməd Hüseynov müstəqil Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb: "Dövlət rəhbərinin bütün fəaliyyəti insanların firavan həyatına, sosial şəraitinin yaxşılaşdırılmasına hədəflənib. Möhtərəm Prezidentimizin qarşıya qoyduğu vəzifələr kollektivimiz tərəfindən də yüksək səviyyədə yerinə yetirilir. Hər bir şəhərin, qəsəbənin, kəndin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə təbliğat-izahat və praktiki işlər aparılır. Kollektivin hər bir üzvü üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir,ölkənin tərəqqisinə öz töhfəsini verir".
Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı təşəbbüs irəli sürülüb.
YAP Gəncə şəhər təşkilatının ideoloji şöbənin müdiri H.Budaqov ölkə Prezidenti Cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə ölkədə elektrik enerjisinə nəzarəti həyata keçirmək üçün vahid qurumun - "Azərişıq" ASC yaradılmasının bu mühüm sahəyə dövlət qayğısının təzahürü olduğunu bildirib. Partiya fəalları ilə dialoqların aparılmasının, yerlərdə görüşlərin keçirilməsinin, ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsinin partiya işinin yüksək səviyyədə qurulmasında, canlandırılmasında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Onun müdrik siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Prezident Cənab İlham Əliyevin uğurlarından söhbət açaraq qeyd edib ki, YAP-ın sıralarında təmsil olunmaq böyük qürur və iftixardır. Partiya sıralarında təmsil olunanların fəaliyyətinin ana xəttini Ümummilli Lider Heydər Əliyevin ideyaları təşkil edir. Bu şərəfli vəzifənin məsuliyyətini dərindən dərk etməli, Ulu Öndərin ideya və tövsiyələrinə uyğun çalışmalıyıq.
Elxan Məmmədov, Leyla Paşayeva, Bəxtiyar Əkbərov çıxışlarında Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan gənclər siyasətindən, idman sahəsindəki uğurlardan danşıblar. Bu uğurların davamlı olması üçün hər bir vətəndaşın işgüzarlığının, təşəbbüskarlığının, tələbkarlığılnın vacibliyini bildiriblər. Onlar müəssisədə ərazi ilk partiya təşkilatının yaradılmasının bütün kollektivin fəaliyyətinə yeni stimul verəcəyini önə çəkiblər.
Tədbirdə təşkilatı məsələyə baxılıb və 9 nəfərdən ibarət idarə heyəti seçilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Elmar Seyidov yekdil səslə ərazi ilk partiya təşkilatının sədri, Sənan Tahirov isə müavin seçiliblər. Elmar Seyidov ona göstərilən etimada görə dərin minnətdarlığını bildirib, bu etimadı layiqincə doğruldacağını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəyini bəyan edib.
Rövşən RƏSULOV