PDF Oxu

Əsas

  • 2 760

Uşaqların sosial həyat sahəsindəki ehtiyacları təmin edilir

image
Heydər Əliyev Fondunun fəaliyyətinin istiqamətlərindən biri cəmiyyətin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə yardım göstərilməsi ilə bağlıdır

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətimizin ən zərif hissəsi olduğundan onlara göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və zənginliyin rəhni kimi qəbul edilir. Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılıb.

Azərbaycanda "Uşaq hüquqları haqqında" qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Hazırda ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla dövlət proqramı həyata keçirilməkdədir. Regionlarda sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işlərinin aparılması da çox vacib məsələlərdən birinə çevrilib. Uşaq hüquqlarının tam şəkildə reallaşması, hər bir uşağın öz potensialını göstərə bilməsi üçün mükəmməl hüquqi baza yaradılmışdır.

YETİŞƏN NƏSLİN SAĞLAM VƏ SAVADLI BÖYÜMƏSİ QARŞIYA QOYULAN MƏQSƏDLƏRDƏN BİRİDİR

Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin Ulu Öndər Heydər Əliyevin ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir.

Müasir dövrümüzdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artması ilə nəticələnib. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir.

Azərbaycanda yetişən nəslin sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqamətlərindən olduğundan bu sahədə fondun təşəbbüsü ilə həyata keçirilən layihələr öz nəticəsini verib. Heydər Əliyev Fondunun fəaliyyəti dövründə kimsəsiz və valideyn himayəsindən məhrum, əqli və fiziki cəhətdən zəif uşaqlara qayğı, onların təlim-tərbiyə aldıqları internatların və digər xüsusi məktəblərin müasir tələblər səviyyəsində yenidən qurulması aparıcı istiqamətlərdən biridir. Fondun prezidenti bu işlərə xüsusi diqqət yetirərək müvafiq tədbirlər görülməsinə daim nəzarət edir. Mehriban xanım Əliyevanın dediyi kimi:"Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır".

Fondun fəaliyyət göstərdiyi dövr ərizində genişmiqyaslı layihələr reallaşmış, uşaq evləri və internat məktəblərintn şagirdləri arasında müxtəlif mövzularda müsabiqələr keçirilmiş, qaçqın-köçkün uşaqlarına məktəb ləvazimatı verilmiş, fondun, Azərbaycan Diabet Cəmiyyətinin və Danimarkanın "Novo Nordisk" şirkətinin təşkilatçılığı ilə "Diabetlə xəstələnmiş uşaqlara daha çox qayğı" layihəsi gerçəkləşdirilmiş, "Talassemiyasız həyat naminə" layihəsi yerinə yetirilmiş və bu layihə çərçivəsində ixtisaslaşdırılmış mərkəz, qan bankı yaradılmış və s. layihələr həyata keçirilir və bu səpgili tədbirlər davam etdirilməkdədir.

HEYDƏR ƏLİYEV FONDU HƏR ZAMAN ƏMƏKDAŞLIĞA HAZIR OLAN TƏŞKİLATDIR

Uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlığı da qeyd etməliyik. Uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlıq genişlənməkdədir. Heydər Əliyev Fondu ilə ABŞ-ın "Uşaqların Xilası" təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Xatırladaq ki, "Uşaqların Xilası" dünyanın 40-dan çox ölkəsində ehtiyac içində yaşayan uşaqların həyatında uzunmüddətli müsbət dəyişikliklərə nail olmağa çalışan aparıcı beynəlxalq yardım və inkişaf təşkilatıdır. Təşkilatın məqsədi qaçqın-köçkün ailələrindən olan və ehtiyac içində yaşayan uşaqların sosial həyat, səhiyyə, təhsil sahəsində ehtiyaclarını təmin etməkdir. Təşkilat, məhz bu niyyətlə Heydər Əliyev Fondu ilə əməkdaşlıq etməyə başlayıb.

"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində fondun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın bir sıra orta internat məktəblərində və yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin mövcud problemlərinin aradan qaldırılmasına yardım göstərmişdir. Fondun təşəbbüsü ilə bir çox internat məktəbi əsaslı təmir edilmiş, lazımi avadanlıq, mebel və məktəb ləvazimatları ilə təmin edilmişdir.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılmışdır. Mehriban xanım Əliyeva uşaq evlərində tərbiyə və təhsil alan, valideyn himayəsindən məhrum olan uşaqlara daimi qayğısı bunun təzahürüdür. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində millətin gələcəyi olan uşaqların sağlam və savadlı böyüməsi naminə uğurlu addımlar atılmışdır. Respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin istifadəyə verilməsi Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun bütün millətin gələcəyi olan uşaqların sağlamlığına daim diqqət yetirilməsinin daha bir nümunəsi olaraq qiymətləndirilir. Fondun təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi cəmiyyətdə geniş əks-səda doğurmuş və valideynlər, diabetə mübtəla olmuş uşaqlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən razılıqla qarşılanmışdır. Bu nəcib layihələrin reallaşmasında əsas məqsəd ictimaiyyətin, milli və xarici şirkətlərin diqqətini uşaqların sağlamlığının qorunması, Azərbaycanın diabetli uşaqlarının problemlərinin həllində Beynəlxalq Diabet Federasiyasının iştirakını fəallaşdırmaq məsələlərinə yönəltməkdir.

Qeyd edək ki, Heydər Əliyev Fondu hər zaman əməkdaşlığa hazır olan bir təşkilatdır. Heydər Əliyev Fondu ölkə xaricində də uşaqlar üçün lazımi tədbirlər həyata keçirir. Bu baxımdan da Heydər Əliyev Fondunun gördüyü işlər sırf Azərbaycanı əhatə etmir. Onun layihələrinin coğrafi məkanı genişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xarici ölkələrdə, o cümlədən Pakistanın bütün əyalətlərində humanitar layihələr həyata keçirib. Burada Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donordur. Pakistanın bütün əyalətlərində bir çox layihələr - göz xəstəlikləri korpusu, su təchizatı sistemi tikintisində fond maliyyə yardımları göstərmişdir. Heydər Əliyev Fondunun prezidentinin Pakistanın bütün bölgələrində həyata keçirdiyi layihələr pakistanlıların qəlbində Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb. Bütün bunlarla yanaşı, Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən və 200-dən artıq uşağın təhsil və müalicə aldığı Əl-Fərabi adına Əlil Uşaq Mərkəzinə Heydər Əliyev Fondu adından 30 əlil arabası və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıqlar təqdim olunub.

Budapeştdə isə əlil uşaqlar üçün reabilitasiya mərkəzinin yeni korpusunun inşa etdirilməsi, Həştərxanda uşaqlar üçün tikilmiş "Meçta" Uşaq Kafesinin istifadəyə verilməsi və s. Heydər Əliyev Fondunun uşaqlara olan qayğısının daha bir təzahürüdür.

Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə ölkə daxilində deyil, ümumilikdə, dinindən, milliyyətindən, yaşadığı ölkədən asılı olmayaraq uşaqların sağlam və intellektual səviyyəyə yüksəlməsi üçün çalışır və bu istiqamətdə layihələri reallaşdırır. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlərin sayı kifayət qədərdir və bu humanitar fəaliyyət davam edir.

Nəzakət ƏLƏDDİNQIZI