PDF Oxu

Əsas

  • 1 903

RAGT milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayır

image
Müasir dövrümüzdə dünya Azərbaycan reallıqlarına biganə qala bilmir. Həqiqətlər birmənalı, qeyd-şərtsiz qəbul olunur. Buna səbəb ölkəmizin beynəlxalq aləmdə nüfuzu ilə yanaşı, onun gerçəklikləri, inkişafı, sülhsevərliyi, humanizm prinsirləri ilə yaşaması, maddi-mənəvi dəyərləridir. Dünya ilə sərhədsiz münasibət quran Azərbaycan müxtəlif qitələrdə öz sözünü əməli çərçvəsində deyə bilir. İstənilən bir sahədəki nailiyyətlərimiz Azərbaycan məfhumunu dünyaya yaxınlaşdırıb. Bu baxımdan Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr geniş sferanın əhatəliyi və əhəmiyyəti baxımından önəmlidir. Sosial, mədəniyyət, səhiyyə, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələr dünya ölkələrində ölkəmizin həqiqətlərini saysız insanlara təqdim edir. Belə ki, fondun dəstəyi ilə keçirilən tədbirlər, gerçəkləşən layihələr Qərb ilə Şərqin qovuşmasında bir körpü rolunu oynayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva Azərbaycanın ictimai, mədəni həyatında önəmli rol oynayan və ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdıran iri miqyaslı layihələri ilə beynəlxalq aləmin diqqətini cəlb edib. Leyla xanım Əliyeva təhsil, səhiyyə, mədəniyyət, idman və sosial sahədə analoji layihələri Rusiya Federasiyasında həyata keçirir. "Təhsilin dəstəklənməsi" layihəsi çərçivəsində mütəmadi olaraq məktəblərə, uşaq evlərinə səfərlər edir, eləcə də xəstə, yetim uşaqlara daim qayğı göstərir və müxtəlif xeyriyyəçilik aksiyalarını reallaşdırır.

Leyla xanım Əliyeva Rusiyadakı Azərbaycan diasporu ilə əlaqələrin genişləndirilməsinə önəm yetirir. O cümlədən, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsinə və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Bu gün Leyla xanım Əliyeva RAGT-ın rəhbəri olaraq onun coğrafiyasını genişləndirib. Yetkin və çox fəal təşkilat olan RAGT Rusiyanın 70-dən çox regionunu əhatə edir. Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı tələbə klubları yaradılıb. Təşkilatın qarşısında qoyulmuş əsas vəzifə Rusiyanın azərbaycanlı gənclərini və onların dostlarını sıx birləşdirir. Bu gün təşkilat Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici qüvvəsinə çevrilib. Son illərdə RAGT-ın təşəbbüsü ilə "Qanın milləti yoxdur!", "Sağlam olduğunu yəqin et, xəstəliyə "yox" de!", pulsuz müayinə aksiyasını reallaşdırmaqla toplanmış vəsaiti onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldir.

"DÜNYA XOCALI BARƏDƏ BİLMƏLİDİR Kİ, BU CÜR QƏTLLƏR VƏ CİNAYƏTLƏR HEÇ YERDƏ TƏKRAR OLUNMASIN"

"Xocalıya ədalət" kampaniyası çərçivəsində tədbirləri xüsusi qeyd etməliyik. 1992-ci ildə fevralın 26-na keçən gecə erməni silahlılarının Azərbaycanın Xocalı şəhərinə soxularaq 613 dinc insanı, 63 uşağı, 106 qadını və 70 qocanı qətlə yetirməsi dünya ictimayyətinə faktların dili ilə çatdırılır. Belə bir hadisəni törədənlərə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir. "Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın" - deyən Leyla Əliyeva 2008-ci il mayın 8-də "Xocalıya ədalət" beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürüb. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Artıq neçə illərdir ki, Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın onlarla ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirilir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunur, kitablar nəşr edilir, filmlər çəkilir. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyırlar. ABŞ-ın Vest Virciniya, Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tennesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. Artıq dünyada insanlar həqiqəti yalandan ayırmağı bacarırlar. Xocalı kimi faciələrin dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalı unudulmamalıdır. Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər. Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəri faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə, amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin coğrafi məkanı ilbəil genişlənir.

MƏDƏNİYYƏTLƏRİN QARŞILIQLI ƏLAQƏSİ VƏ DİALOQU İQTİSADİYYATIN VƏ SİYASƏTİN İNKİŞAFINI MÜƏYYƏN EDİR

Azərbaycandan kənarda iri məzmunlu layihələrin əsasında bəşəriyyətə humanizm dəyərlərini əxz etmək, dinindən və dilindən asılı olmayaraq qeyri-millətləri dialoqa cəlb etmək kimi qlobal mahiyyət kəsb edən məsələlərin icrasında artıq özünün təsdiqləyən bir qurum olaraq ətrafında yüksək fikirlər formalaşdırıb.

Beynəlxalq əlaqələrin genişləndirilməsi hər bir dövlətin qonşu dövlətlərlə münasibətlərinin sivil şəkildə qurulmasına təsirini göstərən reallıqlardır. Bu münasibətlər həm iqtisadi, həm siyasi, həm də mədəni baxımdan mühümdür. Leyla xanım Əliyevanın fikrincə, cəmiyyətin həyatında mədəniyyətlərin qarşılıqlı əlaqəsi və dialoqu iqtisadiyyatın və siyasətin inkişafını irəlicədən müəyyən edir.

RAGT milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılayaraq Ulu Öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə önəm yetirir. Rusiyanın müxtəlif regionlarında aktual mövzularla bağlı təşkil olunan konfrans və seminarlar, məhz bu məqsədə xidmət göstərir. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək olan RAGT fəaliyyətini bu istiqamətdə uğurla davam etdirir.

NƏZAKƏT